Payız turizmini inkişaf etdirmək üçün nə etməliyik?
“Payız mövsümü Azərbaycanda turizmin inkişafı üçün kifayət qədər böyük potensiala malikdir”.
Bu sözləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu istiqamətdə imkanlarımızdan daha geniş istifadə edə bilərik:
“Xüsusilə bölgələrdə təbiətin rəngarəngliyi, mülayim hava şəraiti, milli mətbəx və yerli festivallar payız turizmini cəlbedici edə bilər. Hesab edirəm ki, əsas məqsəd payız turizmini yalnız həftəsonu istirahəti kimi deyil, ayrıca turizm məhsulu kimi təqdim etməkdir. Bunun üçün regionlarda payız festivallarının, məhsul yarmarkalarının, gastronomiya və şərab tədbirləri keçirilir. Bunu daha genişşaxəli şəkildə keçirilməsi məqsədəuyğun olar”.
Ekspert qeyd edib ki, turizm şirkətləri və hotellərlə əməkdaşlıq çərçivəsində xüsusi payız paketlərinin və endirim kampaniyalarının hazırlanmasına ehtiyac var:
“Sosial şəbəkələrdə Azərbaycanın payız mənzərələrini, bölgələrin turizm imkanlarını və marşrutlarını tanıdan məqsədyönlü reklam kampaniyaları təşkil edilməlidir. Xarici turistlər üçün isə payız mövsümünə uyğun hazır marşrutların hazırlanması və beynəlxalq platformalarda təbliği vacibdir. Düşünürəm ki, bu addımlar atılarsa, payız mövsümündə turist axınını artırmaq və turizmdə mövsümilik problemini müəyyən qədər azaltmaq mümkündür”.
Pərviz