azia.az
azia.az

Məşhur aparıcılar televiziyadan “Youtube”yə keçir - Orada verilişlərə kim nəzarət edəcək?

Bu gün, 17:22

Məlum olduğu kimi, televiziya sahəsində aparılan islahatlar nəticəsində bir sıra televiziya verilişlərinin fəaliyyəti dayandırılıb. 

Bunun ardınca tanınmış aparıcılar, jurnalistlər və media nümayəndələri öz layihələrini "YouTube" kimi rəqəmsal platformalarda yayımlamağa başlayıblar. Onlardan biri də tanınmış teleaparıcı Elgiz Əkbərdir. Onun YouTube üzərindən yayımlanan verilişi qısa müddət ərzində geniş izləyici auditoriyası toplayıb.

Ənənəvi televiziya və radio yayımından fərqli olaraq, YouTube-da yayımlanan bu tip verilişlərin hansı qurum tərəfindən və hansı qaydada tənzimlənməsi isə suallar doğurur. 

Maraqlıdır, "YouTube"da yayımlanan bu tip verilişlərə hazırda kim nəzarət edir? Bu platformalarda yayımlanan kontentin qanunvericiliyə uyğunluğuna nəzarət hansı mexanizmlərlə həyata keçirilir?

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən Əməkdar jurnalist Azər Həsrət bildirib ki, "YouTube"da yayımlanan paylaşımlara kənar qurumların birbaşa nəzarət etməsi üçün hüquqi əsas yoxdur: 


"YouTube"da edilən paylaşımlara heç kəs nəzarət etmir. "YouTube"un özünün konkret qayda-qanunu var. Orada paylaşılanlar bu qayda-qanun çərçivəsindədirsə, heç kəs kənardan müdaxilə edə bilməz. O cümlədən də məşhur jurnalistlərin YouTube üzərindən yayımlarına. Məsələn, mənim özüm də YouTube kanalımda videolar paylaşıram, efirə verirəm. Buna heç kimin nəzarət etməsi üçün heç bir hüquqi əsas yoxdur.


 Amma günün birində mən öz kanalımı platforma yayımçısı kimi elan etsəm, artıq indiki adı ilə desək, Audiovizual Şuradan, yaxud yeni adı ilə Media və Yayım Şurasından lisenziya almalı olacağam. Mənim isə şəxsən belə bir niyyətim yoxdur. O paylaşım edən jurnalistlərin də, məncə, elə niyyəti yoxdur ki, platforma yayımçısı kimi lisenziya alsınlar. 

O lisenziyanı almadıqlarına görə Media və Yayım Şurası onların işinə müdaxilə edə bilmir. Özlərini platforma yayımçısı elan etmədiklərinə görə heç kim kənardan onlara müdaxilə edə bilməz. Sadəcə, "YouTube"un özünün müəyyənləşdirdiyi qaydalar çərçivəsində paylaşım edilirsə, heç bir problem yoxdur”. 

A.Həsrət qeyd edib ki, "YouTube"da yayımlanan materiallarda qanun pozuntusuna yol verildiyi halda isə hüquqi müstəvidə tədbir görülməsi mümkündür:

"Bundan savayı, bu paylaşımlarda qanun pozuntusuna yol verilirsə, böhtan, şər atılırsa, artıq barəsində danışılan şəxslər də şikayət edib tədbir görülməsi üçün addım ata bilərlər, məhkəmə qaydasında”.

Fəridə Əsədzadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi