azia.az
azia.az

Kartdan icazəsiz pul silinməsinə görə kim məsuliyyət daşıyır? - MÜHÜM AÇIQLAMA

Bu gün, 17:56

Son dövrlədə vətəndaşların tez-tez qarşılaşdığı problemlerdən biri də bank kartlarından icazəsiz pul çıxarılması ilə bağlıdır. Belə hallarda vətəndaş bankı, bank isə vətəndaşı günahlandırır. Bəs, bank əməliyyata görə məsuliyyəti müştərinin üzərinə qoyduqda, əməliyyatın müştərinin təqsiri ucbatından baş verdiyini kim sübut etməlidir?

E-huquq.az xəbər verir ki, vəkil Turan Abdullazadə bu məsələyə aydınlıq gətirib.

O bildirib ki, qanunvericiliyə əsasən, müştəri əməliyyatı təsdiqləmədiyini bildirdiyi halda, bunun əksini sübut etmək bankın üzərinə düşür: ""Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikası qanununun 25.5-ci maddəsi bu məsələ öz əksini tapmışdır. Siz "bu əməliyyatı mən təsdiqləməmişəm" dediyiniz anda izah etmək artıq sizin yox, bankın işidir. Bank sübut etməlidir ki, əməliyyat düzgün identifikasiya olunub, düzgün qeydə alınıb və heç bir texniki nasazlıq olmayıb. Yəni qanunvericiliyə əsasən, sübut etmək bankın borcudur. Sübut etmə yükü bankın üzərindədir".

Vəkilin sözlərinə görə, həmin qanunun 41.5-ci maddəsi bankdan gücləndirilmiş müştəri identifikasiyasını tələb edir. Bu isə ən azı iki müstəqil təsdiq elementinin tətbiqini nəzərdə tutur.

"Ən azı iki müstəqil təsdiq elementi olmalıdır. Biri sındırılsa, digəri sıradan çıxmamalıdır. Əgər bank bunu tətbiq etməyibsə və ya sizə kartı bloklamaq üçün əlaqə imkanları yaratmayıbsa, qanuna görə yaranan itkilərə görə siz məsuliyyət daşımırsınız. Bank təhlükəsizlik qapısını açıq qoyubsa, oradan girənin vurduğu ziyan sizin probleminiz deyil", - deyə T.Abdullazadə qeyd edib.

O vurğulayıb ki, identifikasiya tətbiq edilməyibsə və ya həmin anda işlək vəziyyətdə olmayıbsa, bu halda məsuliyyət bankın üzərinə düşür: "Bununla bağlı bankı rəsmi şəkildə xəbərdar etdiyiniz andan sonrakı itkilərə görə isə siz ümumiyyətlə məsuliyyət daşımırsınız".

"Əgər bank tərəfindən bütün təhlükəsizlik tədbirlərinə riayət edilibsə, yəni OTP kodunu, CVV kodunu və bank internet parolunu kiməsə bilmədən vermisinizsə, bank bunu kobud ehtiyatsızlıq kimi qiymətləndirir və qorunma aradan qalxır", - deyə o əlavə edib.

Vəkil qeyd edib ki, bəzi hallarda vətəndaşlar ciddi və kobud səhvlərə yol verirlər və banklar bunun müştərinin təqsiri olduğunu sübuta yetirə bilirlər: "Əgər gücləndirilmiş elektron imza və ya ASAN imzanızdan istifadə edərək kimsə sizin adınızdan kredit götürübsə, yenə də məsuliyyət sizin üzərinizə düşür. Lakin müştəri ehtiyatsızlıq etsə belə, bank identifikasiya tətbiq etməyibsə, yenə də məsuliyyət bankın üzərinə düşür. Bankın özü təhlükəsizlik tələbini pozubsa, müştərinin "kobud ehtiyatsızlığı" arqumenti artıq tətbiq edilə bilməz"

"Bank açıq-aşkar vətəndaşın səhv etdiyini sübuta yetirməlidir. Əks halda bütün məsuliyyət bankın üzərində qalır" - T.Abdullazadə vurğulayıb.

Şəbnəm Mehdizadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi