azia.az
azia.az

Böyük depressiya nədir? – Psixoloq AÇIQLADI

Bu gün, 17:13

“Böyük depressiya sadəcə insanın kefsiz olması və ya bir neçə gün özünü pis hiss etməsi deyil”. 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu, insanın düşüncələrinə, emosiyalarına, davranışlarına, yuxusuna, iştahasına və gündəlik həyat fəaliyyətinə ciddi təsir edən psixoloji pozuntudur:

“Depressiya zamanı insan əvvəl zövq aldığı şeylərə qarşı marağını itirə, özünü ümidsiz, dəyərsiz, yorğun və çıxılmaz vəziyyətdə hiss edə bilər. Bunun tək bir səbəbi yoxdur. Depressiya bioloji, psixoloji və sosial amillərin birlikdə təsiri ilə yaranması mümkündür. 

Uzunmüddətli stress, ağır itki, travmatik hadisələr, münasibətlərdə problemlər, tənhalıq, iş və maddi çətinliklər, yuxu pozuntuları, bəzi fiziki xəstəliklər və genetik meyllilik risk yarada bilər. Bəzən isə insanın həyatında konkret və böyük bir hadisə olmadan da depressiyanın inkişaf etmə ehtimalı var”. 

Ekspert qeyd edib ki, buna görə depressiyanı “özünü ələ ala bilməmək” və ya “iradəsizlik” kimi qiymətləndirmək düzgün deyil:
“Əsas əlamətlərdən biri davamlı kədərli və ya boşluq hissidir. Bununla yanaşı, insan əvvəl zövq aldığı fəaliyyətlərə marağını itirə, tez yorula, yuxu və iştahasının dəyişdiyini hiss edə, diqqətini toplamaqda çətinlik çəkə, özünü günahkar və dəyərsiz hesab edə bilər.

Bəzən “heç nə düzəlməyəcək”, “mən heç nəyə yaramıram” kimi düşüncələr də yaranır. Bu əlamətlərin ən azı iki həftə davam etməsi, gündəlik həyata və münasibətlərə nəzərəçarpacaq dərəcədə təsir etməsi xüsusilə ciddi siqnaldır. Lakin diaqnozu yalnız mütəxəssis müəyyən edə bilər”.

Psixoloq vurğulayıb ki, depressiya müalicə oluna bilən bir vəziyyətdir:
“İlk addım insanın problemini qəbul etməsi və kömək istəməsidir. Psixoterapiya, həyat tərzinin tənzimlənməsi, yuxu rejiminin yaxşılaşdırılması, fiziki aktivlik, sosial dəstəyin artırılması və bəzi hallarda psixiatr tərəfindən təyin olunan dərman müalicəsi effektiv ola bilər. Müalicə hər insan üçün fərdi şəkildə müəyyənləşdirilməlidir.

Əgər insanın kədər, ümidsizlik, maraq itkisi və yorğunluğu iki həftədən artıq davam edirsə, gündəlik həyatını əvvəlki kimi davam etdirə bilmirsə, işinə və münasibətlərinə ciddi təsir göstərirsə, özünü dəyərsiz və ümidsiz hiss edirsə, artıq təkbaşına bunun öhdəsindən gəlməkdə çətinlik çəkirsə, psixoloqa müraciət etmək vacibdir”.

Lakin onun sözlərinə görə, insanda ölmək, özünə zərər vermək və ya intihar etməklə bağlı düşüncələr yaranırsa, bunu gözləmək və “keçib gedər” demək olmaz:
“Belə vəziyyətdə təcili şəkildə psixi sağlamlıq mütəxəssisinə və ya təcili tibbi yardıma müraciət edilməlidir. Ən vacibi isə budur ki, Depressiya zəiflik deyil. Kömək istəmək də zəiflik deyil. İnsan bəzən həyatın bütün yükünü tək daşımalı deyil”.

Pərviz


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi