Deputat Ceyhun Məmmədovdan nazirin sözlərinə sərt reaksiya
Elm və təhsil naziri Emin Əmrullayevin PISA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı zamanı səsləndirdiyi “Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür" açıqlaması müzakirələrə səbəb olub. Görəsən, doğrudan da, vəziyyət Əmrullayevin nəzərdə tutduğu səviyyədə acınacaqlıdır?
"Azia.az" bildirir ki, Pravda.az bununla bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun fikirlərini öyrənib.
Deputat hesab edir ki, kimliyindən asılı olmayaraq, xüsusilə, rəhbər şəxslər bu cür açıqlamalar verərkən diqqətli olmalıdırlar: “İlk dəfə deyil, hörmətli Emin Əmrullayev bu ifadəni artıq neçənci dəfədir ki, işlədir. Hər dəfə də cəmiyyətdə birmənalı qarşılanmır. Ümumilikdə “Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu anlamır” şəklində ifadənin işlədilməsi doğru yanaşma deyil. Ola bilər, müəyyən insanların anlamaq imkanları məhduddur, amma hansı statistikaya əsasən belə bir qənaətə gəlinir ki, hər üç nəfərdən ikisi oxuduğunu anlamır? Bu kimi açıqlamalarda diqqətli olmağa ehtiyac var. Çünki bu, ciddi bir ittihamdır. Ola bilsin, elm və təhsil naziri mesaj vermək istəyir ki, cəmiyyətimizdə insanlar oxuduqlarını daha yaxşı anlamalı, fikirlərini yaxşı çatdırmalıdırlar. Bu mənada həmin ifadə qəbul edilə bilər. Amma konkret rəqəm səsləndirmək, cəmiyyətin üçdə ikisini ittiham etmək doğru yanaşma deyil”.
Aytəkin Qardaşova