Havalar soyuyur, balıq mövsümü başlayır – Küçədə satılan balıqlarla bağlı XƏBƏRDARLIQ
Son günlər havaların soyuması ilə küçələrdə və açıq satış məntəqələrində balıq satışına daha çox rast gəlinir.
Xüsusilə yol kənarlarında, bazar ətrafında və digər açıq ərazilərdə müxtəlif növ balıqların soyuducu avadanlıq olmadan satışa çıxarılması diqqət çəkir.
Soyuq hava şəraiti balığın saxlanmasına müəyyən qədər təsir etsə də, məhsulun hansı temperaturda, nə qədər müddət və hansı şəraitdə saxlanılması məsələsi aktuallığını qoruyur. Çünki balıq tez xarab olan qida məhsullarından biri hesab olunur və satış zamanı düzgün saxlanma şəraitinin təmin edilməsi mühüm əhəmiyyət daşıyır.
Maraqlıdır, küçələrdə, xüsusilə açıq havada və soyuducu şərait olmadan satılan balıqlar insan sağlamlığı üçün hansı riskləri yarada bilər və alıcı balığın təzə və təhlükəsiz olduğunu hansı əlamətlərə əsasən müəyyən edə bilər?
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, küçələrdə, xüsusilə açıq havada və soyuducu şərait olmadan satılan balıqlar qida təhlükəsizliyi baxımından ciddi risk yarada bilər:
"Balıq tez xarab olan məhsuldur və temperaturun yüksəlməsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Nəticədə qida zəhərlənməsi, qusma, ishal, qarın ağrısı və digər mədə-bağırsaq problemləri yarana bilər. Balığın mənşəyi və saxlanma şəraiti məlum olmadıqda isə parazitlər, bakterial çirklənmə və digər təhlükələr baxımından risk artır. Alıcı balıq seçərkən ilk növbədə onun qoxusuna, gözlərinə, qəlsəmələrinə və dərisinə diqqət etməlidir. Təzə balığın qoxusu kəskin, çürümüş və ya ammonyakabənzər olmamalıdır. Gözləri şəffaf və parlaq, qəlsəmələri isə qırmızı və ya çəhrayı rəngdə olmalıdır. Dərisi parlaq, seliyi şəffaf, əti isə elastik olmalıdır. Barmaqla basdıqda yaranan iz tezliklə itirsə, bu, təzəliyə işarədir”.
F.Səfərov bildirib ki, balığın bəzi xarici xüsusiyyətləri onun xarab olduğunu göstərə bilər:
"Qarın hissəsinin şişməsi, ətin həddindən artıq yumşalması, gözlərin bulanıq və batıq olması, qəlsəmələrin boz-qəhvəyi rəng alması və xoşagəlməz qoxu balığın xarab olma əlamətləridir. Belə məhsulların alınmasından və istehlakından çəkinmək lazımdır”.
Qida eksperti vurğulayıb ki, yalnız balığın görünüşünə əsaslanmaq təhlükəsiz məhsul seçmək üçün kifayət deyil:
"Balığın təzə görünməsi onun mikrobioloji baxımdan təhlükəsiz olduğunu tam göstərmir. Məhsulun mənşəyi, daşınması və hansı şəraitdə saxlanılması da mühüm əhəmiyyət daşıyır. Xüsusilə açıq havada, günəş altında və buz və ya soyutma sistemi olmadan satılan balıqlarda risk daha yüksək ola bilər”.
Ekspert istehlakçılara balıq alarkən rəsmi satış məntəqələrinə üstünlük verməyi tövsiyə edib:
"Ən təhlükəsiz seçim balığın rəsmi satış məntəqəsindən, uyğun temperatur rejimində saxlanılan və mənşəyi məlum olan məhsul kimi alınmasıdır. Alıcılar açıq havada, xüsusilə soyutma sistemi olmadan satılan balıqları alarkən daha diqqətli olmalıdırlar. Məhsulun saxlanma şəraiti şübhə doğurursa, onu almaqdan imtina etmək daha məqsədəuyğundur”.
Fəridə Əsədzadə