Dövlət müəssisələrinin 1 milyon manatdan artıq pulunu mənimsəyən şəxslərdən xəbər var
Fəaliyyətsiz şirkətlərə dövlət müəssisələrindən satınalma təyinatı ilə köçürülmüş bir milyon manatdan artıq pulu mənimsəməkdə təqsirləndirilən İlahim Mehraliyev və Mehman Alməmmədovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, İlahim Ərəstun oğlu Mehraliyev və Mehman Allahverdi oğlu Alməmmədov 2017-2019-cu illər ərzində rəhbərlik etdikləri 299 fəaliyyətsiz şirkətə dövlət müəssisələri tərəfindən satınalma təyinatı ilə köçürülmüş 1 milyon manatdan artıq pulu mənimsəyiblər.
Həmçinin onlar sözügedən pulları leqallaşdırmaqda da təqsirli biliniblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən Mehman Alməmmədov 10 il 3 ay, İlahim Mehralıyev 14 il müddətinə azadlıqdan məhrum edilib.
Eyni zamanda, hər iki şəxs 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan da məhrum edilib.
Təqsirləndirilən hər iki şəxsə ittiham olunduqları Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) maddəsi ilə bəraət verilib. Həmçinin Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsinin məsuliyyətə cəlbetmə müddəti bitdiyi üçün cəza təyin edilməyib.
Kamal Məmmədov