azia.az
azia.az

"Bu islahatlar hətta gecikib..."-"Amerika Qasım Süleymaniyə terror elədi"

10-01-2020, 17:41

"Bu islahatlar hətta gecikib..."-"Amerika Qasım Süleymaniyə terror elədi"
“Vətən Naminə İnkişafa Doğru” İctimai Birliyinin sədri, sabiq millət vəkili Hacı Əbdül Əbdülov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, eləcə də siyasi gündəmlə bağlı “yenixeber.org”un suallarını cavablandırdı.

-Hacı, rəhbərlik etdiyiniz “Vətən Naminə İnkişafa Doğru” İctimai Birliyi hansı zərurətdən doğdu və təşkilatlanma ilə bağlı son durum necədir?

Bismillahir-Rahmənir-Rahim, “Vətən Naminə İnkişafa Doğru” İctimai Birliyi bu gün, dünən deyil-2013-cü ildən fəaliyyətdədir. Baxmayaraq ki, təşkilat olaraq fəaliyyətimiz son illər xüsusi ilə aktivləşib. Təşkilatımızda 15 departament formalaşıb. Hər bir Departamentin də öz funksiyası, öz vəzifələri müəyyənləşib. Hazırda yerli təşkilatlarımız ölkəmizin 72%-ni əhatə edir. Təşkilatlanma bizim üçün həmişə önəmli olub. Nəinki, Azərbaycanda, hətta xarici ölkələrdə də yerli təşkilatlarımızı formalaşdırmağa çalışırıq.
Onu da deyim ki, “Vətən Naminə İnkişafa Doğru” İctimai Birliyində dinindən, milliyətindən, irqindən asılı olmayaraq dövlətə, dövlətçiliyə xidmət etmək istəyən hər kəsə yer var. Təsadüfü deyil ki, hazırda təşkilatımızın nəinki sıravi üzvləri arasında, eləcə də seçkili orqanlarında bütün millətlədən-rus, yəhudi və s. təmsil olunur. Əsas məqsəd və əqidənin saflığıdır.

-“Vətən Naminə İnkişafa Doğru” İctimai Birliyinin hədəfləri, fəaliyyət istiqamətləri haqqında xahiş edirəm...

Təşkilat olaraq biz dövlət və dövlətçiliyin keşiyində dayanmağı, dövləti qorumağı hədəfləmişik. Qeyd etdiyim kimi, bunu istəyən hər kəsə bizim sıralarımızda yer var. Ona görə də dediyim kimi, Azərbaycanda rus da, yəhudi də və s. var. Eləcə də bizim təşkilatımızda.
Biz siyası təşkilat olmasaq da, dövlətin siyasi xəttini müdafiə və təbliğ edirik. Yerlərdə bu siyasətin ölkə insanına olduğu kimi çatdırılması da bizim hədəflərimizdəndir. Müxtəlif təbliğat vasitələri və tədbirlərimizlə bu işi görməyə çalışırıq. Bundan sonra da fəaliyyətimiz bu yöndə davam edəcək.
Hacı, son zamanlar gerşəkləşən kadr və siyasi islahatlara müxtəlif prizmalardan yanaşmalar müşahidə olunur. Bəs bu islahatlara Sizin münasibətiniz necədir?
Bu islahatlara şəxsən mənim münasibətim müsbətdir. Mənə elə gəlir ki, bu islahatlar hətta gecikib-illər əvvəl başlamalıydı. Yerində olmayan, prezidentin siyasətinin əksinə fəaliyyət göstərən məmurlar vəzifədən getməliydi. Prezident dəfələrlə məmurları xalqa, dövlətə xidmət etməyə çağırır. Amma, bəzi məmurlar bu çağırışa əməl etmirdilər və hələ də belələri var.
Ona görə də mən düşünürəm ki, bu kadr islahatları vacibdir və bundan sonra da davam etməlidir. Bu həm dövlətçilik baxımından, həm də xalqa xidmət baxımından alqışlanası siyasətdir.


-Kadr islahatlarında, parlament seçkilərində gənclərə önəm verilməsi də birmənalı qarşılanmır. Hətta bəzi yaşlı deputatlar açıq şəkildə ambisiyalarını ortaya qoyurlar. Sizin məlum gəncləşmə ilə bağlı mövqeyiniz necədir?

Gənclərin irəli çəkilməsi, onlara təkan vermək vacibdir. Bu həm təbiətin yazılmamış qanunudur-nəsillər dəyişir, həm də sözün bir çox mənasında yenilikçilik baxımından olmalıdır. Amma, yaşlı nəslin üstünlüklərini də unutmaq olmaz. Gənclərin yaşlılardan öyrənməli olduqları çox şeylər var.
Mən sizə bir misal çəkim. Gənc həkimlər nə qədər savadlı olsalar da təcrübə baxımından yaşlılara ehtiyacları var. Bu təbabətdə həmişə belə olub. Cərrahi əməliyyatda savadla bərabər təcrübənin də danılmaz yeri var.
Siyasətdə, idarəçilikdə də belədir, belə də olmalıdır.

-Hacı, Siz heç bir siyasi təşkilatın üzvü olmasanız da, cəmiyyətdə bir siyasıləşmiş obrazınız var. Bu səbəbdən də istərdim ki, çağdaş siyasi cameədə müxalif düşərgə ilə bağlı mövqeyinizi bilək.

Əvvəla deyim ki, təmiz müxalifət iqtidarın güzgüsü olmalıdır, düşməni olmamalıdır. Bu mənada müxalifət yoxdur. Səməd Vurğunun “Vaqif” əsərində Vaqifə deyirlər ki, "sən nə üçün xanın yanındasan? O deyir ki, mən ona görə xanın yanındayam ki, onun səhvlərini görüm və onu düzgün yola çəkim".
Bizim müxalifət istəyir ki, iqtidarı öldürüb, yerinə keçsin. Müxalifət güzgü rolunda yox, düşmən obrazında olanda iqtidar neynəməlidir ki?
Bu gün daha çox danışılan, dartışılan mövzu növbədənkənar parlament seçkiləridir. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə ictimai fəallıq da yüksəkdir. Sizcə bu hansı səbəbdən qaynaqlanır?
Əvvəla deyim ki, Parlamentin buraxılmasına səs vermiş deputatların yenidən deputat olmaq istəməsi anlaşılan deyil. Başqa sözlə paradoksdur. Fəaliyyətlərin layiq görməyiblər. İndi yatıb nə yuxu görüblər? Nə edəcəklər? Özlərini qane etməyən fəaliyyətləri xalqı necə qane edə bilər? Şəxsən məni buraxılan parlamentin fəaliyyəti heç qane etməyib.
O ki, qaldı budəfəki paralament seçkilərinə artan ictimai fəallığa, bu da başadüşüləndir. Əvvəlki seçkilərdə siyahı hazır gəlirdi. Seçkiyə gələn də az olurdu. İndi isə şəffaf, demokratik şərait yaradılıb. Hər kəs üçün eyni dərəcədə. Kim xalqın səsini qazanarsa o da seçiləcək. Ona görə də ictimai fəallıq artıb. Gənclərin xüsusi fəallığı da yaxşı haldır.

-Bir müddətdir ki, sabiq səhiyyə naziri Əli İnsanov hakimiyyətə iddialı olaraq Haqq Ədalət Partiyasının təşkilat komitəsini elan edib. Sizcə bu iddia nə dərəcədə real görünür?

İddianın reallığı barədə söhbət ola bilməz. Bu adamın keçmişinə baxın. Bir az pulu, imkanı var qoymurlar rahat otursun. Bu adam nə həvəsə düşüb, məyər əməllərini bilmir? O həbs olunana qədər, səhiyyə naziri olan dövrdə hansı əməllərin sahibi olub, bunu xalq çox yaxşı bilir. Heç nə yaddan çıxmır, hamısı yaddaşlardadır. O nələr törədib, hamısı yaddadır. O istəyir ki, hər şey açılsın, həmən əməlləri ilə mühakimə olunsun və birdəfəlik kitabı bağlansın? Yaxşı olar ki, hələ ki, özündədir çəkilsin kənara, qalan ömürünü sakitliylə başa vursun.
Ona stavka edənlər də ona yox, puluna stavka edirlər. Bu mənzərə o dünyada şeytanla olan məşhur sorğu-suala oxşayır-özünə kömək məsələsinə.

-Hacı, son günlər bütün dünyada olduğu kimi, Azərbaycanda da az qala bir nömrəli mövzu iranlı general Qasım Süleymaninin ABŞ silahlıları tərəfindən öldürülməsidir. Ölkəmizdə də bu olaya birmənalı yanaşma yoxdur-istər siyası dairələrdə, istərsə də ictimai arenada. Bəs bu məsələyə Hacı Əbdülün yanaşması necədir?

Amerika təkcə İranın yox, bütün müsəlmanların qəhrəmanı oğlu olan Qasım Süleymaniyə terror elədi. Qasım Süleymani bütün müsəlman ölkələrində olan Amerika və onun pərəstişkar qüvvələri ilə vuruşurdu.
Süleymaninin Ermənistandan yana olması ilə bağlı mətbuatda, sosial şəbəkələrdə yazılanlar yalandır. Sadəcə bizdə kimsə kiminsə xoşuna gəlmirsə ya atasını, ya anasını, ya da yoldaşını erməni edir. Necə ki, vaxti ilə Nemət Pənahlı deyərdi ki, oturmayan erməni, durmayan erməni.

İlqar Salmanov (yenixeber.org)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi