azia.az
azia.az

“Sivil müxalifətin güclənməsi hakimiyyətin də marağında olmalıdır”

24-10-2018, 11:53

Ölkədə demokratik siyasi müxalifətin zəifləməsi, proseslərə təsir imkanını itirməsi artıq reallıqdır. Bir sıra ekspertlər, siyasətçilər belə bir vəziyyətin əslində ölkə üçün yaxşı olmadığını, yaranan boşluğu radikal qüvvələrin doldurmasının isə xüsusilə təhlükəli olduğunu vaxtaşırı bəyan edirlər. Məsələyə bu prizmadan yanaşanda sivil demokratik siyasi müxalifətin dirçəlməsi əslində hakimiyyətin daha çox marağında olmalı deyilmi?

AMİP katibi Əli Orucov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, demokratik institutların vacib elementlərindən biri də siyasi partiyalaşma və çoxpartiyalılıqdır. Mərhum prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyevin prezidentliyi dövründə bu prinsiplərə əməl edilirdi, pis-yaxşı siyasi mübarizə və rəqabət üçün mühit vardı, partiyalar güclü və cəmiyyətdə də güclü mövqeyə, təsirə sahib idi: “Bu həm də ondan irəli gəlirdi ki, hər iki prezident partiyalaşmanın və partiyaların siyasi proseslərdə, siyasətdə, cəmiyyətdə, dövlət quruculuğunda və möhkəmləndirilməsində, təhlükəsizliyin qorunmasında, eləcə də daxili sabitliyin qorunmasında önəm daşıdığının fərqində idilər. Lakin təəssüflər ki, indi siyasi partiyaların, xüsusən də müxalifətin durumu fərqlidir. Bu gün, məsələn, hər hansı bir nazirin, hansısa maliyyə-oliqarxın gücü, ictimai-siyasi proseslərə təsir gücü ölkədə qeydiyyatdan keçən 54 partiyanın birgə gücündən qat-qat artıqdır. Bu cür mühitdə radikalizm, fanatizm və nifrət özünə meydan qazanır, demokratik mübarizə ilə öz istək və arzularını həyata keçirə, haqq və hüquqlarını qoruya bilməyəcəyini görən cəmiyyətin fəal təbəqələri siyasi fəaliyyətdən və siyasi proseslərdən çəkilir, alternativ variantlar axtarır. Bu variantlar isə dövlətin təhlükəsizliyinə və stabilliyinə nəinki təminat vermir, əksinə, müəyyən problemlər yaradır.

Ona görə də hakimiyyətlər siyasi partiyalaşmaların inkişafina, demokratik müxalifətin inkişafına, sağlam rəqabətə şərait yaratmalıdırlar. Cəmiyyətə təsir edə bilən müxalifət partiyalarının olması həm ölkənin, həm xalın, həm də hakimiyyətin özünün maraqları üçün vacibdir. Dünya təcrübəsindəki acı hadisələrin Azərbaycanda yaşanmaması üçün hakimiyyət müxalif siyasi partiyaların inkişafına, siyasi sosiallaşmaya şərait yaratmalıdır. Türkiyə praktikasına nəzər salın, ölkə təhlükəli mərhələyə qədəm qoyanda müxalifətli-iqtidarlı bütün siyasi təşkilatlar dövlətin və bu dövləti idarə edən qanuni hakimiyyətin yanında oldular. Yaxud müxalifət partiyası olmasına rəğmən dövlət və xalqın maraqları naminə iqtidar partiyası olan AKP ilə müxalifət partiyası ittifaqa girdi. Bu ittifaqın, birliyin böyük nəticələri oldu. Bax, partiyaların güclü olması, təsir imkanlarına sahib olması bunun üçün lazımdır, dövlətin və xalqın var olması üçün gərəkdir”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, sivil demokratik müxalifət zəifləyib, siyasi sferaya və cəmiyyətə təsir imkanlarını itirib, elektoral bazası yox olmaq dərəcəsinə enib. Bir sözlə, demokratik cəmiyyətlərin bir hissəsi olmalı olan müxalifət demək olar ki, yox səviyyəsindədir: “Bu vəziyyət hökumətin bugünkü siyasi maraqlarına uyğun olsa da uzun prespektivdə çox mənfi və təhlükəli tendensiyaların əsasını qoya bilər. Belə ki, sivil qaydalarla siyasi mübarizə aparmalı olan partiyalar sıradan çıxdıqdan sonra bu yeri daha radikal və idarə olunmaz qüvvələr alacaq. Protest elektoratına ya sivil siyasi partiyalar yön verməlidir, ya da hansısa kənar qüvvələrin maliyyə, dəstək və təsiri ilə formalaşacaq nəzarətsiz, radikal qüvvələr bunu edəcək. Nəzərə alsaq ki. Azərbaycan ona heç də hər mənada dost olmayan bəzi dövlətlərin əhatəsində yerləşir, o zaman bu təhlükənin hansı həddə çata biləcəyini təsəvvür etmək o qədər də çətin olmamalıdır. Deməli, ilk növbədə hakimiyyət maraqlı olmalıdır ki, demokratik sivil müxalifət güclü olsun. Dövlətin xarici təhlükələrə qarşı müqavimətini artırmağın yollarından biri də sağlam, sivil müxalifət partiyalarının güclü olmasıdır. Buna nail olmaq üçün də ilk növbədə siyasi islahatlara başlanılmalı, siyasətdə düşmənçilik prinsiplərini aradan qaldırıb, sağlam rəqabət mühiti yaradılmalıdır. Partiyaların güclənməsi və siyasi sistemin güclü bir həlqəsi olması nəinki bugünkü iqtidarın, hətta Azərbaycanın təhlükəsizlik maraqlarına xidmət edən amillərdəndir”.

Etibar SEYİDAĞA,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi