Ölkəmizdə bu gün parlament seçkiləri öncəsi mühit şəffaf və demokratikdir, bütün məsələlər qanun çərçivəsində tənzimlənir
Hikmət Şikarov,
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov: Bəyanat imzalamaqla diqqətdən kənarda qalan siyasi qüvvələr özlərinin mövcud olduqlarını göstərmək istəyirlər
Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə sistemli, hərtərəfli islahatlar həyata keçirilir. Artıq bir neçə ildir ki, Azərbaycan uğurlu islahatlar dövrünə qədəm qoyub. Bu islahatlar 2019-cu ilin əvvəlindən daha geniş vüsət alıb və bir çox sahələri əhatə edir. Həyatımızınmüxtəlif sahələrini əhatə edən bu islahatlar hər şeydən əvvəl ölkəmizin hərtərəfli inkişafına nail olmağa, eləcə də əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb. Bu gün biz elə bir mərhələyə qədəm qoymuşuq ki, hər bir dövlət qurumu, hər bir vətəndaş öz fəaliyyəti ilə Prezidentin həyata keçirdiyi islahatlara dəstək verməli, həmin islahatları öz fəaliyyətində tətbiq etməlidir.Bu mənada Yeni Azərbaycan Partiyası Siyasi Şurasının parlamentin buraxılması haqqında təşəbbüsüvə Azərbaycan Parlamentinin dövlət başçısının həyata keçirdiyi islahatlara dəstək məqsədilə buraxılması və ölkədə həyata keçirilən islahatlara cavab verə biləcək yeni qanunverici orqanın formalaşması istiqamətində atılan addım təqdir edilməlidir.
Bildiyimiz kimi vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsas təsisatlarından biri siyasi partiyalardır. Siyasi partiya kütlələri siyasi cəhətdən sosiallaşdıran və onları siyasətdə iştirak etməyə hazırlaşdıran, siyasi hakimiyyəti ələ almaq, yaxud siyasi münasibətlərdə iştirak etmək məqsədini güdən ideoloji əlaqələr əsasında yaranan könüllü ittifaqdır. Bütün bunların fonunda isə ölkəmizdə mövcud olan bəzi müxalifət partiyaları nəinki öz funksiyalarını həyata keçirməkdən boyun qaçırır, eyni zamanda baş verən proseslərə kölgə salmaqdan da çəkinmirlər.
Ölkəmizdə bu gün parlament seçkiləri öncəsi mühit şəffaf və demokratikdir, bütün məsələlər qanun çərçivəsində tənzimlənir.Lakin bəzi radikal müxalifət partiyaları elektoratlarını itiriblər deyə hamının qəbul etdiyi və razılaşdığı qaydalar onları razı salmır.Bu radikal partiyalardan biri də tərkibi ancaq qeyri-milli şəxslərdən ibarət olan “Milli Şura”dır.Yarandığı gündən siyasi karyerası yalnız uğursuzluq üzərində qurulan bu şuraya toplaşanlar ayrı-ayrı qurumların, partiyaların, təşkilatların, cəmiyyətlərin təmsilçiləridir. “Milli Şura” adlanan təşkilat fəaliyyətdə olduğu dövrdə nə özü, nə auditoriyası, nə də xalq üçün heç bir uğurlu nəticə əldə etməyib. Bir qurum ki, il ərzində 8 dəfə aksiya keçirib və hamısında da iflasa məhkum olursa, bu artıq onların ictimai etimadlarının sıfırın altında olduğundan xəbər verir. Şurada təmsil olunanların hər biri yalnız özü üçün maraq kəsb edir, başqası üçün yox! Burada vahid ideya, əqidə, məqsəd yoxdur. Əksinə “Milli Şura” şəxsi maraqlar zəminində formalaşan qurumdur. Buna görə də boykot variantı seçən bu siyasi qüvvələrin sosial bazalarının zəif olması və seçkidə uduzacaqlarını bildiklərinə görə, seçkiyə qatılmadıqları cəmiyyətə məlumdur. Seçkini boykot etməklə, bəyanat imzalamaqla diqqətdən kənarda qalan siyasi qüvvələr özlərinin mövcud olduqlarını göstərmək istəyirlər. Amma cəmiyyət üçün onların nə demək istədikləri və mövcudluqları maraqlı deyil. Əgər həqiqətən də “Milli Şura” adlandırılan qurum, iddia etdiyi kimi, xalqı təmsil edirsə o zaman seçkidə iştirak edib xalqın dəstəyini qazanardılar. Buna görə də seçkidə iştirak etməkdən boyun qaçıran siyasi qüvvələrin heç bir mənəvi hüquqla nə seçki prosesinə, nə də seçkinin nəticələrə dair fikir səsləndirmələri yolverilməzdir.