azia.az
azia.az

“İRŞAD TELECOM”, “GORANBOY GİPS”, “XƏYAL HOLDİNQ” SAHİBLƏRİ DOĞRUDANMI İNTİHAR EDİB? - MÜƏMMA

20-01-2019, 19:24

Azərbaycanda iş adamlarının müəmmalı ölüm işləri artmaqdadır. Ən son belə hadisə ötən ilin sentyabrında baş verib. “İrşad Telecom”un yaradıcısı və sahibi olmuş İrad Hacıyev müəmmalı şəkildə dünyasını dəyişib. 40 yaşında biznesi ilə bütün ölkədə tanınan iş adamını mənzilindəki vanna otağında cansız bədənini aşkar ediblər. İrad Hacıyevin ölümünə səbəb kimi həyat yoldaşı Nigar Qəhrəmanovaya aid preparatları qəbul etdiyi göstərilsə də, bu məsələ mübahisəlidir.

İrad Hacıyev müəmmalı ölümündən 3 il əvvəl, 2015-ci il martın 11-də Bakıda, Yasamaldakı ofisində 1974-cü il təvəllüdlü Füzuli Qasımovun meyiti aşkar olunub. Həmin dövrdə 41 yaşlı iş adamına məxsus olan və Goranboyda yerləşən “Goranboy gips” şirkətinin əlindən alınmasına cəhdlər vardı. O dövrdə nəqliyyat naziri vəzifəsini tutan Ziya Məmmədovun ailə şirkəti “Garant Holdinq” Fizuli Qasımovun şirkətinə sahiblənmək üçün addımlar atmışdı. Fizuli Qasımov isə şərikləri olan yaxınlarının razılığına rəğmən şirkəti təhvil vermək istəmirdi. Belə bir vaxtda Yasamaldakı ofisində onun ürəyindən atılmış güllə yarası ilə meyiti aşkar edilmişdi.

Belə bir müəmmalı ölümlə Azərbaycanın ilk holdinqlərindən olan “Xəyal”ın prezidenti Fikrət Rəcəbov dünyadan getmişdi. 2006-cı fevralın 9-da Nardarandakı bağ evində onun asılmış meyiti aşkar olunmuşdu. “Xəyal Holdinq” şirkəti 1995-ci ildə Azərbaycanda yaradılan ilk özəl şirkətlərdən biri idi. Şirkətin çörək və limonad zavodu, konserv, pivə və tünd içkilər sexləri vardı. 2006-cı ilin fevralında müəmmalı şəkildə dünyasını dəyişən Fikrət Rəcəbovun, 2015-ci ilin martında müəmmalı şəkildə dünyasını dəyişmiş Fizuli Qasımovun da, 2018-ci il sentyabrın 14-də yenə də müəmmalı şəkildə dünyasını dəyişən İrad Hacıyevin də ölümləri ilə bağlı eyni maddə - özünü öldürmə həddinə çatdırma maddəsi ilə başlanmış cinayət işi çərçivəsində nəticəsiz araşdırmalar aparılıb. Niyə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlanan cinayət işləri məşhur iş adamlarının müəmmalı ölümlərinin səbəblərinə aydınlıq gətirmək əvəzinə sualları daha da artırır?

Nə baş verir? Niyə Azərbaycanda iş adamları, xüsusən də arxa-dayaqsız biznesmenlər müəmmalı şəkildə dünyadan köçürlər? Bu adamların ölümləri intihar adı ilə ört-basdır oluna bilərmi?

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyir ki, müəmmalı, sual doğuran ölümlərin hamısı diqqətlə araşdırılmalıdır: “Bir neçə belə hadisə şahidi olmuşam. Mən həbsdə olarkən məhbəsdə iş adamları da vardı. Əmlaklarını siyahıya alırlar, həmin əmlakların digər şəxsə təhvil verilməsini imza atdırırlar və sonradan həmin adam ölür. Ondan sonra da deyirlər ki, özünü zəhərlədi, intihar etdi və ya asdı. İş adamlarının, böyük planları, perspektivi olan adamların özünü öldürmələri haqda məlumatlara inanmıram. Bir adam mübarizəyə həvəslidirsə, plan və perspektivləri vardısa, o özünü niyə öldürsün ki?”

Əvəz Zeynallı deyir ki, iş adamlarının bu şəkildə sıradan çıxarılması ciddi araşdırma mövzusu olmalıdır: “İş adamları özlərını ölkədə rahat, təhlükəsiz hiss etməlidirlər ki, işləyə, pul qazana və qazandıra bilsinlər. Belə ölümlərin Azərbaycanda təkrar olunması hüquq-mühafizə orqanları üçün ciddi siqnal olmalıdır. Belə olaylara dırnaqarası baxmaq olmaz. Hər bir iş adamının ölümündə kriminal izlər varsa, çox ciddi bir araşdırma aparılmalı, günahı olan, bu işdə əli olan hər kəsi istintaqa cəlb edilərək cəzasına çatdırılmalıdır. Əks təqdirdə hansı iş adamı Azərbaycanda qalıb işləməyi, işini böyütməyi düşünər?”

Əvəz Zeynallı Azərbaycandakı Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin belə məsələlərdə neqativ rolunu da vurğulayıb: “Hansısa müstəntiqin diktəsi ilə reallıqla uyğun olmayan rəy yazırlar. Və ya ölümün səbəbi haqda elə rəy verirlər ki, çaşqınlıq yaranır. Suallara adekvat cavabların verilməməsi halları, istintaqın konkret hadisənin səbəbini aydınlaşdırmağa yol açacaq suallar verməməsi halları haqda da məlumatlar var. İrad Hacıyevin müəmmalı ölüm işi ilə bağlı yayılan xəbərlərdən belə aydın olur ki, ekspert ölümün səbəbi kimi "özünü öldürüb" yazıb. Bu istintaqın nəticəsini əvvəlcədən təyin etməkdir. Yəni ekspert belə yazırsa, bu o deməkdir ki, hər hansı bir araşdırma da aparılmayacaq. Ortada İrad Hacıyevin özünü öldürmədiyinə dəlalət edən kifayət qədər məlumatlar var və hüquq-mühafizə orqanları həmin məlumatları qulaqardı etməməli, çox ciddi şəkildə araşdırmalıdırlar. Söhbət ağlı başında olan, pul qazanmağı, insanlara iş yeri, əmək haqqı verib ölkədə tanınan bir iş adamının mənzilində meyitinin aşkar edilməsindən gedir. Kimlərinsə şəxsi maraqları onun ölümünün obyektiv araşdırlmasına sədd olmamalıdır. Bu araşdırmada təkcə jurnalistlər yox, dövlət iştirak etməlidir. Dövlət maraqlı olmalıdır ki, bu qətllərin, intiharlar obyektiv, tam hərtərəfli araşdırılsın".

Əvəz Zeynallı deyir ki, Azərbaycanda şəxsi kapitalını halal yolla qazanmış iş adamlarının bu şəkildə dünyadan getmələri həyacan siqnalı üçün əsasdır: “Azərbaycanda əgər sən arxanda oliqarxlar durmadan böyük başarılara imza atıbsansa, pul qazanıbsansa, bunun özü böyük riskdir. İş adamları bunu nəzərə almalıdırlar. "Xəyal" holdinq sahibinin başına gələnlər də, Fizuli Qasımovun yaşadıqları da, indi də İrad Hacıyevin başına gələnlər də ölkədə qurulan sistemdən kənara çıxmaqdan söhbət getdiyini təsdiqləyir. Ola bilər ki, kimsə pul qazanıb, amma hələlik ona dəymirlər. Bu, sadəcə onun sırasının gəlməməsi anlamı daşıyır".
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi