azia.az
azia.az

“Feministlərə qoşulmuşdu, məni saymırdı...”

11-03-2022, 08:33

“Feministlərə qoşulmuşdu, məni saymırdı...”
“Feministlərə qoşulmuşdu, məni saymırdı...”
Bakının Xəzər rayonunda həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan 43 yaşlı Füzuli Qarayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Qeyd edək ki, hadisə 2021-ci il avqustun 3-də Xəzər rayonu, Zirə qəsəbəsndə baş verib. F.Qarayev arvadı Sevinc Məhərrəmovanı aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evinə getdiyinə görə qətlə yetirib.Hadisə zamanı o, küçədə R.Hüseynovu və onun yanında fəhlə işləyən Ramil Bəşirovu da bıçaqlayıb.
Qətlə yetirilən Sevinc...
“Feministlərə qoşulmuşdu, məni saymırdı...”
“Feministlərə qoşulmuşdu, məni saymırdı...”
virtualaz.org-un xəbərinə görə, prosesdə mərhum Sevinc Məhərrəmovanın atası Yalçın Məhərrəmov dindirilib. O, ifadəsində qızı ailə qurandan bir müddət sonra ərindən narazılıq etdiyini, Füzulinin qızını mütəmadi olaraq döydüyünü deyib: “Tez-tez mübahisələri olurdu, qızımı döyürdü. Evləri şəraitsiz idi. Bu da evdə söz-söhbət yaradırdı. Füzulinin işi polisdə idi. Yəqin ki, ona görə öldürüb qızımı. Qızım öldürüləndə mən rayonda idim, toya getmişdim, zəng vurub xəbər verdilər, qayıtdım”.

Arvad qatilinin bəhanələri

Təqsirləndirilən şəxs mərhumun valideynlərinin yalan danışdıqlarını, həyat yoldaşını döymədiyini deyib: “Ailə qurandan dörd ay sonra atası evinə qaçıb getdi. Dedi darıxıram. Bir müddət sonra qayıtdı. Sonralar yenə xəbərsiz evdən gedirdi. Axırıncı dəfə evdən qaçanda qayınatama zəng edib çağırdım. O da gəldi, axtardıq, Sevinci tapa bilmədik. Qayınatam dedi ki, mən bacarmıram, öldür, mənim üçün o qız ölüb. Mən də dedim mən niyə öldürürəm?”



Məhkəmədə mərhum Sevinc Qarayevanın anası Mətanət Məhərrəmova da dindirilib. Qızının ailəsində daim narazılıqlar olduğunu, əri tərəfindən mütəmadi olaraq döyüldüyünü, işgəncələrə məruz qaldığını deyən M.Məhərrəmova övladının sonuncu dəfə vəhşicəsinə döyüldüyünü məhkəmənin diqqətinə çatdırıb.

“Axırıncı dəfə çox pis döyülmüşdü...”

“Hər dəfə qızım ya bizə, ya da xalası evinə qaçıb gəlirdi. Deyirdi kanalizasiya tutulduğuna görə məni döyüb. Dərdini bacıları ilə bölürdü, mənə çox şey danışmırdı. Sığınacağa getməyini bilirdim. Axırıncı dəfə mart ayında Sevinc çox pis döyülmüşdü. Bizə gəldi, baxdım bədəni gömgöydür. Bir neçə gün bizdə qaldı. Dedim apar uşaqları qaytar, özün getmə. Dedi yox, mən uşaqlara görə getməliyəm. Füzuli ona nə dedi, nə demədi, qızım da getdi. Gedəndən on gün sonra da öldürüldü. Qızımı hədələyirdi ki uşaqları öldürəcəm. O da qorxurdu", - o deyib.


“Feministlərə qoşulmuşdu, məni saymırdı...”
Mərhumun anası qızının feministlərə qoşulmasının normal hal olduğunu bildirib: "Feministlər qızıma köməklik edirdilər. Onun ailə problemini həll etmək istəyirdilər. Qızım feministlərə qoşulub pis yola getməyib ki? Onlar hamısı qadınlar idi, kişilər yox".

Təqsirləndirilən şəxs F.Qarayev isə onun həyat yoldaşını yoldan çıxardıqlarını deyib: "Mənim həyat yoldaşımı xalası qızı yoldan çıxarıb feministlərə qoşub. Yoldaşım feministlər qoşulduğundan məni saymırdı, qətlin səbəbi də budur".

“Qətli törədib bizə gəlmişdi...”

Zərərçəkmişin qonşusu Əli Həmidov məhkəmədə bildirib ki, Füzuli həyat yoldaşını qətlə yetirəndən sonra onlara gəlib: "Polisə zəng vurub yoldaşını qətlə yetirdiyini dedi. Tez-tez gəlib bizdən soruşurdu ki, Sevinc sizə gəlməyib? Deyirdi ki, Sevinc feministlərə qoşulub, tez-tez onların yanına qaçır. On ildir ki, Fizulini qonşu kimi tanıyıram. Evində problem olmasını bilmirdim. Hadisə olandan sonra bilmişəm ki, ailədə problemləri varmış”.



Feministlər polis idarəsinin qarşısında Sevincin qətlinə etiraz edir...

Təqsirləndirilən şəxs ifadəsində ailəsində yaşanan problemlərə görə feministlərin də günahkar olduğunu deyib. F.Qarayev bildirib ki, həyat yoldaşını düşüncə baxımından feminist olan xalası qızı və başqa şəxslər yönləndiriblər: “Özü də mənə etiraf etdi ki, onu öyrədirlər. Deyirdilər ki, sən onun üçün uşağa baxansan? Şikayət elə, əvvəl-axır tutacaqlar, sən də alimentini, sosialını alıb öz həyatını yaşayacaqsan”.

Həyat yoldaşından 18 yaş böyük olan təqsirləndirilən şəxsin sözlərinə görə, o, Sevinclə qeyri-rəsmi evli olub. Bu, onun ikinci evliliyi olub, onların altı il davam edən evlilikdən iki övladı var.

“Əvvəl feministlər hay-küy saldılar…”

Təqsirləndirilən şəxs deyib ki, son illərdə münasibətləri gərgin olub. Həyat yoldaşı üç dəfə ondan polisə şikayət edib, nəticədə barəsində CM-in 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb:“Əvvəl feministlər hay-küy saldılar, maddəni ağırlaşdırdılar, sonra yenidən 128-ci maddə elədilər. Bir neçə dəfə uşaqları gah qonşuya, gah bacımgilə atıb getmişdi. Şikayət eləyirdi, sonra özü şikayətini geri götürürdü, üzr istəyirdi ki, barışaq”.

Prosesdə təqsirləndirilən şəxs zərərçəkmiş tərəfin nümayəndəsi Zibeydə Sadıqovanın suallarını cavablandırarkən bildirib ki, işə gedəndə həyət qapısını bağlayıb, açarı da gizlədirmiş. O, 2021-ci ildə Novruz bayramı ərəfəsində mərhum həyat yoldaşını ağacla möhkəm döydüyünü də etiraf edib.

Füzuli Qarayev həyat yoldaşını qətlə yetirdiyinə görə peşman olduğunu vurğulayıb.

İ.Rafiqqızı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi