Məmurun qətli ilə bağlı məhkəmədə şahid: "Anası ilə qızının sözü düz gəlmirdi"
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahidlərdən Firuzə Dadaşova bildirib ki, Füzuli İsgənədərov və təqsirləndirilən şəxsin qızı Bülbül İsgəndərova ilə tanış olub. Şahidin sözlərinə görə, Füzuli qətlə yetirilən zamanı qızı demişdi ki, cinayəti anam və bacım törədib.
Orxan Süleymanzadə isə ifadəsində bildirib ki, Fizuli İsgəndərov onun dayısıdır: "Dayımın qızı Amanə zəng eləyib atasını bıçaqladıqlarını dedi. Biz də tez onlara, oradan da fotorobort hazırlaması üçün polis idarəsinə getdik. Lakin Xalidə İsgəndərova ilə qızının dedikləri üst-üstə düşmədi.
Şahid suallara cavab olaraq bildirib ki, Bülbül İsgəndərova ona qətlin Xalidə İsgəndərova tərəfindən törədildiyini deyib.
Prosesdə X.İsgəndərovanın vəkilləri onun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmə prosesi iyulun 8-də davam etdiriləcək.
Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yaxınlığında qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.
Qətlə yetirilən F. İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.