“Ömür boyu kef edirlər, xəstələnəndə xalqdan pul yığırlar” - Aparıcı müğənnilərə qarşı
Sağlamlığına görə əziyyət çəkən Xalq artisti Könül Xasıyeva və Əməkdar artist Tünzalə Əliyevanın xalqdan yardım istəməsi geniş müzakirələrə səbəb oldu. İnsanlar sözügedən sənətçilərə yardım əlini uzatsalar da, bir qisim şəxs onları tənqid etməkdən çəkinmədi. Onlar sənət adamlarının illərdir çalışdığını bildirərək bu gün xalqdan yardım istəməsini doğru hesab etmədi. Mövzu ilə bağlı tanınmış teleaparıcı Amil Xəlil Yenisabah.az-a fikirlərini bölüşüb. O, bəzi sənətçilərin özündən razılığı və eqoistliyi ucbatından insanlarda bu gün belə mənfi fikirlər formalaşdığını bildirib:
“Allah Könül Xasıyevaya da, Tünzalə Əliyevaya da kömək olsun. Doğurdan da ehtiyacları varsa, müalicə olunmalıdırlar, məsələ bu qədər ictimailəşib. Dövlət də vaxtilə Tünzalə xanıma dəstək olub.
O ki, qaldı sənətçilərin tənqid olunmağına, buna səbəblər var. Bir çox sənətçi var ki, haqqında öləndən sonra yaxşı danışamağa başlayırlar. Bu yaxınlarda biri rəhmətə getdi, onun haqqında deyirdilər ki, qolu, ayağı şişmişdi filan, halbuki o yeri gələndə kefindən də qalmırdı, indi adını çəkmək istəmirəm. Mənə ondan nə qədər şikayət gəlib, deyirdilər ki, gecə 12-də 1-də musiqiyə elə yüksək səs verirlər ki, qonşular şikayət edir. Bütün həyatları boyu pullarını xərcləyirlər, sonra belə bir an gələndə xalqdan yardım istəyirlər. Hansı ki, vaxtilə bir nəfərə də əl tutmayıblar. Azmı görmüşük sənətçiyə yaxın gedəndə deyib ki, mənə yaxın gəlmə, nə sözün varsa, prodüserimə de, amma belə anlarda başlayırlar xalqın içində olmağa. Təbii ki, bu bütün sənətçilərə aid deyil, istisnalar da var”.
A.Xəlil qeyd edib ki, Tünzalə Əliyevanın həqiqətən də pula ehtiyacı var və o xəstə halı ilə də çalışmağa davam edib:
“Xalqın bu cür sərt reaksiya verməyinə gəldikdə isə tənqid edənlər hər şeyi görüb bilmirlər. Düşünürlər ki, efirlərdə olubsa, pulu var. Məsələn, bəlkə də camaat elə bilir ki, mənim 2 evim var, maşınım var, bağım var. Niyə? Çünki bəziləri o cür, rüşvətlə işlədilər, tanındılar, pul yığdılar. Camaat da baxanda deyir ki, filan aparıcının villası var. Bu gün müğənnilərin əksəriyyətinin restoranı var, çünki bu mətbəxin içini bilirlər. Yəqin ki, vaxtında pul yığmayıblar ki, bu gün də bu vəziyyətə düşüblər, nə deyə bilərik, hamının başına gələ bilər.
Tünzalə xanım həqiqətən işləyən sənətçidir. O, xəstə halı ilə, kimyaterapiya alıb Space telekanalına gəlib verilişini aparırdı. Məncə, ona yardım düşür. Çünki o bəzi müğənnilər kimi insanları itələməyib, səmimi olub. Mənim gözümün qarşısında axşam kimyaterapiya alıb səhər gəlib başını bağlayıb veriliş apardı. Dedi ki, mən bu verilişi aparmalıyam, pul qazanmalıyam. Tünzalə xanım həqiqətən kasıblığa görə xəstə halı ilə də işləyib. Şəxsən mən buna şahidəm. Allah köməyi olsun”.