azia.az
azia.az

Əkrəm Həsənov: "O verilişlərə çıxan ekspertlər dələduz və səviyyəsizdirlər"

18-04-2022, 14:12

Əkrəm Həsənov: "O verilişlərə çıxan ekspertlər dələduz və səviyyəsizdirlər"
"Daim bayağı və səviyyəsiz aparıcıları və onların verilişlərini tənqid edirəm. Təəssüf ki, bəzən qohumların, tanışların evlərinə gedəndə belə həmin verilişləri izlədiklərinin şahidi oluram. Həmin proqramlarda tam səviyyəsiz və qeyri-intellektual şəkildə insanların zəif nöqtələrindən vurub onları reytinq xətrinə televiziya qarşısında saxlayırlar. Yalnız teleaparıcıları nəzərdə tutmuram, şou biznes əhlini də tənqid edirəm. Onların da əksəriyyəti bayağıdır. Ciddi şou adamlarının sayı çox azdır. Bayağılar gənclərə mesaj ötürürlər k, bilik və intellekt lazım deyil, düş ortalığa, boş-boş danış, bəsdir, bu, sənin uğurundur”.


Bunu Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib.


Ekspert qeyd edib ki, Azərbaycan televiziya məkanında yayımlanan bir sıra verilişlər millətin psixologiyasını pozur, onların savadlanmağa həvəsini azaldır: “Həmin verilişlərdən, həmçinin, reklam üçün istifadə olunur, satılmayan mallar və xidmətlər belə verilişlərdə reklam olunur. Sözsüz ki, o verilişlərə çıxan ekspertlər dələduz və səviyyəsizdirlər. Hamı bilir ki, həmin ekspertlər verilişlərə pul qarşılığında dəvət olunurlar. Bu, “biznes”dir. Yəni, düşünmək lazım deyil ki, səviyyəsiz verilişə çıxan adamın səviyyəsi, doğrudan, yüksəkdir. Bəlkə də bəziləri biliklidir, amma bu, onların dələduz olmasını inkar etmir. Onların əsas məqsədi insanlardan pul qoparmaqdır. Bütün tanışlarıma deyirəm ki, həmin verilişlərdə gördüyünüz ekspertlərin yanına getmək məsləhətli deyil. Özünü səviyyəsiz vəziyyətə salan ekspertlərin xidmətindən yararlanmaq olmaz. Bizim millət də deyir ki, kasıbıq, pulumuz yoxdur. Sual yaranır ki, bəs niyə toylarınıza səviyyəsiz şou adamlarını dəvət edib onlara pul xərcləyirsiz? Həmin səviyyəsizlər kasıbların hesabına pul qazanırlar. Bəzi aparıcılar isə özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi aparırlar. Onlar, sadəcə olaraq, ucuz reklam və ucuz şöhrət arxasınca qaçanlardır”.


Ə.Həsənov, həmçinin, qeyd edib ki, ötən gün "Park Bulvar"da yaşanan izdiham da belə nümunələrdən biridir: “Həmin verilişlərlə tərbiyələndirilən gənclər Rusiyadan gələn hansısa səviyyəsizin birinə, özünün tayı olan Ramzan Kadırovla şəkil çəkdirən adama meyil edir, maraq göstərirlər. Hüseyn adlı blogeri dünənə qədər tanımırdım. Belə çıxır ki, sabah bir başqası Rusiyadan gəlib, cəmiyyətimizi başqa istiqamətə də yönəldə bilər. Bu, siyasi cəhətdən də təhlükəlidir. Görəsən, bizim gəncləri yoldan çıxarmaq, doğrudan, belə asan imiş?! Fikrimcə, dövlət bu işə ciddi nəzarət etməlidir. Normalda polis camaatı avtobusda tutur ki, tibbi maskadan istifadə etməmisiniz... Bəs polis dünən “Park Bulvar”a toplaşan adamları niyə məsuliyyətə cəlb etmir? Çox təəssüf doğuran haldır. Son illərdə ölkə mədəniyyətinin səviyyəsinin aşağı olduğunu bilirdim, amma bu dərəcədə yox…”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi