“Arvadımı efirdən qov, əvəzində böyük məbləğdə pul göndərirəm” - Xoşqədəmdən ETİRAFLAR
"Bu günə qədər mənim üçün müdafiə o qədər də asan olmayıb, təhqir edilmişəm, qarşımı çirkin vasitələrlə kəsiblər, "arvadımı efirdən qov, əvəzində böyük məbləğdə pul göndərirəm” deyənlər də olub”.
Azia.az bildirir ki, bunu teleaparıcı Xoşqədəm Hidayətqızı deyib. O, qadınlara yardım edərkən hansı çətinliklərlə üzləşdiyindən söz açıb:
"Düşünə bilirsiniz, mən hansısa kişinin uşağının hüququnu müdafiə edirəm, o kişi uşağını müdafiə etməyim deyə mənə pul göndərir. Balasını yox, adı birlikdə çəkilən qadının maraqlarını müdafiə edir. O pulu mən almıram, amma hansısa məhkəmə sədrinin müavininin köməkçisi, hansısa hakim alıb, məhkəmənin qərarına təsir etməyə çalışır. Düşünün, heç bir qohumluq əlaqəmin olmadığı, döyülən, əzilən qadın və uşaqlar üçün necə savaşlar verirəm. O qadınlar üçün məhkəmələrdə qalıram”.
Hidayətqızı illər əvvəl yardım etdiyi Aytac adlı qızın tələbə adı qazandığını açıqlayıb. O, eyni zamanda sözügedən gəncə öz yanında iş verəcəyini deyib:
"Aytac üç il əvvəl hüququnu müdafiə etdiklərimdən biridir. Atası onu məktəbə qoymurdu. Ata doğma valideynlərini baltalayıb meşədə gizlənirdi, təslim olmurdu. Bax, o zaman Aytac mənə üz tutdu. Böyük mücadilə verdim. Yenə söyüldüm, "Xoşqədəm gənc qızları evdən qaçırdır” deyə sosial şəbəkələrdə haqsız təhqirlərə məruz qaldım, amma hər zamankı kimi doğru bildiyim yoldan dönmədim. Aytacın atası sayəmdə ay yarım sonra polisə təslim oldu, ailə hüzura qovuşdu, Aytac məktəbə bərpa olundu. Bir an belə unutmadım Aytacı.
Bu gün səhərimi Aytacın mənə göndərdiyi təşəkkür videosuyla açdım. Nə yalan deyim, sevincimdən ağladım, axı burda böyük əmək, mübarizə və gözəl nəticə vardı. Mən doğru bilmədiyim heç bir yola çıxmıram, inanmadığım heç bir işin arxasınca getmirəm! Təbii, o yolda əziyyətlər çəkərəm, amma sonda qalib mənəm. Aytacı bundan sonra da dəstəkləyəcəm. Dərsdən sonra mənim yanımda çalışacaq, əməkhaqqı alıb bütün xərclərini özü ödəyəcək. Onun ən böyük arzusu Xoşqədəm xalası kimi jurnalist olmaq idi və oldu!”.