Pandemiya vaxtı “Eurovision”: azərbaycanlı “Mata Hari” 20-ci yerdən bu yana keçə bilmədi
Ötən gecə Hollandiyanın Rotterdam şəhərində bir vaxtlar Azərbaycanda da çoxlarının həyacanla izlədiyi, lakin indi marağın kəskin söndüyü “Eurovision” mahnı müsabiqəsi yekunlaşıb. Bu, pandemiyanın qismən də olsa səngiməsi sayəsində Avropanın keçirdiyi ilk belə beynəlxalq kütləvi tədbir idi və bəlli olduğu kimi, ötən il bu müsabiqə COVİD-19 virusunun tüğyan etməsi səbəbindən keçirilməmişdi. Azərbaycanı müsabiqədə Samirə Əfəndi adlı müğənni özünün “Mata Hari” (Mata Hari I Dünya müharibəsində Almaniyanın və həm də Fransanın xeyrinə casusluq etmiş ziddiyyətli, barəsində bir çox əfsanələr dolaşan strptizçi qadın olub) mahnısı ilə təmsil edirdi.
Lakin müsabiqə Azərbaycanın “Mata Hari”si üçün heç də uğurlu olmayıb və Samirə Əfəndi səsvermənin nəticələrinə əsasən 20-ci yeri tuta bilib. Birinci yeri isə İtaliyanın “Maneskin” qrupu özünün “Zitti e buoni” mahnısı ilə tutub, nəticədə “Eurovision-2022” İtaliyada keçiriləcək.
Qalan yerləri kimin tutduğu elə də maraqlı deyil, “Kommersant” qəzetinin yazdığı kimi, “Eurovision”da bir priz var, o da birinci yerdir. Qalanları isə necə deyərlər, boş şeydir. Elə Rusiyanın özü də həmin “boş yerlərdən” birini tutub, bu ölkəni müsabiqədə təmsil edən müğənni Manija 9-cu yerdə qərarlaşıb. Ona ən yüksək balı (12 bal) isə təkcə bir ölkədən veriblər-Azərbaycandan.
“Kommersant”ın müsabiqəni izləyən əməkdaşı Boris Barabanov yazır ki, 9-cu yer Rusiyanın son 10 ildə göstərdiyi ən aşağı nəticədir. O, qeyd edir ki, Rusiyaya ənənəvi olaraq coğrafi prinsip üzrə səsvermə kömək edirdi, yəni qonşu ölkələr Rusiyaya yüksək bal verirdi. Lakin 2014-cü ildən sonra Rusiyanın imici ilə bağlı dünyada böyük problemlər yaranmağa başlayanda ölkəni yarışda təmsil edənlərin də işi çətinləşdi.
Rusiyalı müğənni Manijanın müsabiqəyə təqdim etdiyi mahnı əslində pis sayılmazdı, o, «Russian Woman» mahnısı ilə yarışa qatılmışdı və mahnının mövzusu “Eurovision” auditoriyası üçün seçilmişdi. Lakin nəticələr istənilən kimi olmayıb. Rusiya nümayəndəsinə 12 balı təkcə Azərbaycandan peşəkar jüri verib, “rus qadını” Fransa və Hollandiyadan 10 bal ala bilib. Nəticədə 204 balla 9-cu yerə güclə çıxmağa nail olub.
“Kommersant” qeyd edir ki, Rusiyanın İctimai televiziyasının (“Birinci kanal”) aparıcıları məyus olmamağa çalışıblar, “biz ilk onluqdayıq” deməklə vəziyyətdən çıxmağa çalışıblar. “Lakin “Eurovision”da ancaq bir priz var-birinci yer. Doqquzuncu yer isə sıfırdır”,-jurnalist yazır.
Əlbətdə, 9-cu yer “sıfır” hesab edilirsə o zaman 20-ci yerdən heç danışmağa da dəyməz və nəticədə pandemiya vaxtında “Eurovision” söhbətini elə buradaca bağlayıb başqa mövzulara keçmək gərəkdir...