Bahəddin Leysanov ölkə prezidentinin söz etdiyi “böyük bəla”nı yaradanlardan biridir… - İTTİHAM
Cənab Leysanov 30 ildən artıqdır ki, cənub bölgəsinin pambıqçılıq rayonlarında hökmranlıq edir, buna baxmayaraq o, özünü kölgədə saxlamağı bacarır. O, cənub bölgəsində baş verən bütün prosseslərə müdaxilə edir, lakin bu hiss olunmur.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kğlgə iqtisadiyyatının ölkə iqtisadiyyatına vurduğu ziyandan danışıb. Ölkə iqtisadiyyatını xərçəng kimi saran kğlgə iqtisadiyyatı prezident “böyük bəla” adlandırıb.
Prezident vurğulayıb ki, aparılan iqtisadi islahatların əsas vəzifələrindən biri və birincisi kğlgə iqtisadiyyatına ziyan vurmaqdır: “Mən tam əminəm ki, aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz artacaq, – artıq artıb, gömrük 1 milyard manat əlavə vəsait toplayıb, – eyni zamanda, biz kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olarıq. Bu, böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Düzdür, elə bir ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatı olmasın. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq”, deyə prezident Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində bildirib.
Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanda kölgə iqtisadiyyat ölkə iqtisadiyyatının 60-70 faizini təşkil edir. Elə bu üzdən də adam başına düşən gəlir sitatistikasında Azərbaycan artıq Gürcüstandan geridə qalıb, Ermənistanla isə demək olar ki, bərabərdir. Əslində isə Azərbaycanda adambaşına düşən gəlirin əsas hissəsi məhz kölgə iqtisadiyyatda gizlənib və bu üzdəndə biz qonşularımzdan geridə qalırıq, xüsusən də bədnam qonşumuzdan geridə qalmaq üzrəyik.
Heç kimə sirr deyil ki, kölgə iqtisadiyyatı əsasən məmurların dəstəyi ilə və birbaşa iştirakı ilə çiçəklənməkdədir. Bir çox yerlərdə isə sovet dönəmində varlamış idarə müdirləri kölgə iqtisadiyyatının başında durur və genişləndirirlər. Belələrindən biri də artıq 30 ilə yaxındır ki, cənub bölgəsinin qeyri-rəsmi “qubernator”u olaraq çıxış edən Bahəddin Leysanovdur.
Cənub bölgəsinin pambıq “baronu” Bahəddin Leysanov kimdir?
Leysanov Bahəddin Dəyyan oğlu Masallı rayonunda doğulub. O zamankı İnşaat institutunu bitirib və Neftçalaya təyinat alıb. Həmin vaxt Neftçala rayonunun Aşağı Qaramanlı kəndində inşa olunan Pambıq zavodunda “prorab” olaraq əmək fəaliyyətinə başlayıb. Həddindən artıq xoşqılıqlı adam olan Leysanov həmin dönəmdə təkcə Neftçalada deyil, bütün Azərbaycanda nüfuzlu şəxs kimi tanınan, Sosialist Əməyi Qəhrəmanı Nuruş Əliyevin qılığına girib və bir müddət sonra məhz Nuruş Əliyevin köməyi ilə Neftçala Pambıq Zavodunun müdiri təyin olunub. Və gənc Leysanovun əvvəl Neftçalaya, sonra isə bütün cənub bölgəsinə sirayət edən hakimiyyəti başlayıb. 80-ci illərin əvvəlindən başlayaraq o, Neftçalada artıq qeyri-rəsmi milyoner olaraq tanınınrdı.
Xalq Cəbhəsi dönəmində yeni hakimiyyətlə də asanlıqla dil tapan Leysanov (cənub bölgəsində onu hamı soyadı ilə tanıyır) yeni hakimiyyətə gələn gənc cəbhəçilərə rüşvətin dadını tanıtdırır və pulun nə qədər şirin daddığını onlara əyani olaraq göstərir. 1993-cü ildə cəbhəçilərə arxa çevirən Leysanov yeni azərbaycanlıların düşərgəsində yer alır.
Kolxozlarından ləğvindən sonra pambıqçılığın tam iflas etməsi ilə hamı düşünür ki, Leysanovun erası bitir. Lakin bu heç də olmur. Leysanov kolxozların ləğvindən sonra Neftçalada torpaqları ələ keçirməyə başlayır. Bir ildən sonra bəlli olur ki, Neftçalada əkinə yararlı bütün bələdiyyə və dövlət torpaqları, o cümlədən geniş örüş sahələrinin yarıdan çoxu 99 illik müqavilə ilə Leysanova verilib. Həmin torpaqlar hələ də Leysanovun mülkiyyəti altındadır.
Lakin Leysanov təkcə Neftçala ilə kifayətlənmir. Bu gün Salyan rayonunun bələdiyyə və dövlət torpaqlarının yarısından çoxu Qərib Məmmədovun verdiyi şəhadətnamələrə əsasən 99 illik müddətdə onun mülkiyyətindədir.
Düşünməyin ki, Leysanov Salyan və Neftçala rayonları ilə kifayətlənib. Xeyr bu belə deyil. Leysanov Biləsuvar, Cəlilabad, Masallı rayonlarında da minlərlə hektar torpağı özünüküləşdirib. Daha əvvəl Neftçalada dostluq münasibətləri qurduğu Taleh Qaraşov həmçinin Lənkəranda da ona ayrıcalıq saxlayır. Bundan başqa Leysanovun əli Sabirabada və İmişliyə qədər də uzanıb.
Eyni zamanda Bahəddin Leysanov Neftçala, Salyan, Şirvan, Sabirabad və Biləsuvar Pambıq Zavodlarının səhmlərinin 50 faizdən çoxuna sahibdir. Əslində bu pambıq zavodları bütövlükdə Leysanova məxsusdur. Çünki bu günə qədər Leysanov pambıq zavodlarının keçmiş işçilərinə məxsus olan səhmlərə görə bir qəpikdə olsun dividend ödəməyib. Zavodlar yenidən qurulsa da, son 20 il müddətində “ziyanla” işləyir. Hər halda Bahəddin Leysanov belə iddia edir.
O özünü “Don Karleona” kimi aparır
Cənab Leysanov 30 ildən artıqdır ki, cənub bölgəsinin pambıqçılıq rayonlarında hökmranlıq edir, buna baxmayaraq o, özünü kölgədə saxlamağı bacarır. O, cənub bölgəsində baş verən bütün prosseslərə müdaxilə edir, lakin bu hiss olunmur.
Cənub bölgəsində Leysanovla bağlı apardığımız araşdırmada onu gördük ki, bu rayonların əhalisi Bahəddin Leysanovu özlərinin bir nömrəli istismarçısı olaraq görürlər. Lakin buna baxmayaraq heç kim ona qarşı çıxmağa cəsarət eləmir. Bunu heç düşünmür də. Çünki Leysanovun Cənub bölgəsindəki əlaqələrini və gücünü hər kəs bilir. İstənilən adamı istənilən anda həbs etdirmək gücünə sahib olduğunu da hər kəs bilir.
Bahəddin Leysanovun yerlərdə gücü və şəbəkəsi o qədər böyükdür ki, cənub rayonlarına təyinat alan icra başçıları, polis rəisləri, prokurorlar onunla razılaşmağa, hətta onun tövsiyyələri ilə işləməyə məcburdurlar. Əks təqdirdə həmin vəzifəli şəxs təxribatla üzləşər və vəzifəsini itirər. Yəni Bahəddin Leysanov həm də cənub bölgəsinin bildiyimiz “Don Korleosudur” və bölgənin xaç atası olaraq toxunulmazdır.
Biləsuvardan, Neftçaladan və Salyandan topladığımız məlumatlara görə Leysanov təkcə bu rayonlarda minlərlə hektar torpağı “işğal” etməyib. Eyni zamanda Leysanov bütün cənub bölgəsində kölgə iqtisadiyyatın “baron”udur. Əldə etdiyimiz məlumata görə Bahəddin Leysanova çalışanların çox böyük əksəriyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq çalışmırlar. Buna baxmayaraq həmin adamlar bölgənin ən varlı və nüfuzlu ailələri olaraq bilinirlər.
Qeyd edək ki, Bahəddin Leysanovun kölgə iqtisadiyyatı ilə bağlı növbəti yazımızda daha ətraflı məlumat verəcəyik. Hələlik isə onu qeyd edək ki, Bahəddin Leysanov ölkə prezidentinin söz etdiyi “böyük bəla”nı yaradanlardan biridir…
Mənbə: AzToday.az