azia.az
azia.az

Övladlarına milyardlar qoymaq istəməyən zənginlər - Sərvətlərini kimlərə bağışlayırlar?

Bu gün, 10:48

Əksər insanlar var-dövlət toplamağın əsas məqsədlərindən birinin onu övladlarına miras qoymaq olduğunu düşünür. Lakin dünyanın ən zəngin insanları arasında bunun əksini edənlər də az deyil. Bəzi milyarderlər hesab edirlər ki, böyük miras övladların işləmək həvəsini azaldır, onları həyatda öz gücləri ilə uğur qazanmaqdan uzaqlaşdırır. Buna görə də onlar sərvətlərinin böyük hissəsini xeyriyyə fondlarına, təhsil, səhiyyə və digər ictimai layihələrə yönəltməyi seçirlər.

Uorren Buffett

Dünyanın ən məşhur investorlarından olan Uorren Buffett sərvətinin təxminən 99 faizini xeyriyyə məqsədlərinə ayıracağını açıqlayıb. Onun fikrincə, uşaqlara istədiklərini edə biləcək qədər imkan vermək lazımdır, lakin işləmədən yaşaya biləcəkləri qədər sərvət yox.

Bill Gates

“Microsoft”un həmtəsisçisi Bill Qeyts də bildirib ki, üç övladı milyardlarla dollarlıq sərvətinin yalnız kiçik bir hissəsini alacaq. Qeyts hesab edir ki, valideynlərin vəzifəsi övladlarına imkan yaratmaqdır, hazır sərvət vermək deyil.

Lauren Povell Cobs

Stiv Cobsun həyat yoldaşı Lauren Povell Cobs da ailə sərvətinin övladlarına tam şəkildə ötürülməsinin tərəfdarı deyil. O bildirib ki, milyardlarla dolların nəsildən-nəslə keçməsi cəmiyyət üçün düzgün model hesab olunmur və sərvət daha çox ictimai fayda yaratmalıdır.

Çuk Feeney

“Duty Free Shoppers” şirkətinin həmtəsisçisi Çuk Feeney həyatının böyük hissəsində milyardlarla dollarlıq sərvətini universitetlərə, xəstəxanalara və xeyriyyə təşkilatlarına bağışlayıb. O, vəfat edərkən demək olar ki, bütün sərvətini xeyriyyəyə vermişdi.

Ceki Çan

Məşhur aktyor Ceki Çan Chan bildirib ki, oğlu atasının puluna arxayın olmamalıdır. Onun sözlərinə görə, övladı bacarıqlıdırsa, pulunu özü qazanacaq, bacarmırsa, atasının qazandığını xərcləyəcək. Buna görə sərvətinin böyük hissəsini xeyriyyəyə ayırmağı planlaşdırır.

Simon Covell

Britaniyalı televiziya prodüseri Simon Cowell də sərvətini oğluna miras qoymaq niyyətində olmadığını deyib. O bildirib ki, pulunu daha çox xeyriyyə təşkilatlarına və faydalı layihələrə vermək istəyir.

Stinq

Məşhur britaniyalı musiqiçi Stinq altı övladının öz zəhmətləri ilə yaşamasını istədiyini bildirib. O, böyük mirasın uşaqlara fayda vermədiyini düşünür.

Daniel Kraiq

“James Bond” obrazı ilə tanınan aktyor Daniel Kraiq də böyük sərvətin övladlara ötürülməsinin düzgün olmadığını deyib. O bildirib ki, var-dövləti xeyriyyəyə vermək daha mənalı seçimdir.

Elton Con

Müğənni Elton Con açıqlayıb ki, oğullarının maddi cəhətdən təmin olunmasına kömək edəcək, lakin bütün sərvətini onlara verməyəcək. Onun fikrincə, uşaqlar pulun dəyərini və işləməyin vacibliyini anlamalıdırlar.

Ted Turner

CNN-in qurucusu Ted Turner milyardlarla dollarlıq sərvətinin böyük hissəsini BMT-yə və müxtəlif xeyriyyə layihələrinə bağışlayan iş adamlarından biridir. O hesab edir ki, varlı insanlar cəmiyyət qarşısında daha böyük məsuliyyət daşıyırlar.

Michael Bloomberg

Bloomberg agentliyinin qurucusu Michael Bloomberg də sərvətinin böyük hissəsini Bloomberg Philanthropies vasitəsilə səhiyyə, təhsil, ətraf mühit və digər sosial layihələrə yönəltməyi planlaşdırır.

Pierre Omidyar

eBay-ın qurucusu Pierre Omidyar uzun illərdir sərvətinin böyük hissəsini Omidyar Network vasitəsilə sosial təşəbbüslərə, insan hüquqları və təhsil layihələrinə sərf edir.

Nigella Lawson

Britaniyalı aşpaz və televiziya aparıcısı Nigella Lawson da bildirib ki, böyük miras uşaqların motivasiyasını azalda bilər. O, övladlarının öz ayaqları üzərində dayanmasının daha vacib olduğunu düşünür.

Şəbnəm İbrahimxəlilova 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi