Mirasın bölüşdürülməsi institutunun xüsusiyyətləri
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra qəbul edilən mühüm normativ-hüquqi aktlardan “Iqtisadi Konstitusiya” adlandırılan Mülki Məcəllənin elə ilk maddəsində mülki dövriyyənin təmin edilməsi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və sərbəst bazar iqtisadiyyatının inkişafına şəraitin yaradılması əsas vəzifələr kimi təsbit olunmuşdur.
Bu fakt özü-özlüyündə, müxtəlif hüquq institutlarının, hüquqi mexanizmlərin tənzimlənməsini təmin edən Mülki Məcəllənin normalarının tövsifi, habelə tətbiqi zamanı yanaşmanın məhz bu vəzifələrin icrası kontekstində olmasını tələb edir.
Mülki Məcəllənin ayrıca bölməsinin həsr olunduğu vərəsəlik institutu da mühüm sosial-iqtisadi əhəmiyyəti olan institutlardandır. Belə ki, dövlət vərəsəlik hüququ vasitəsi ilə bir tərəfdən miras qoyanın maraqları və vərəsələr arasında balansın təmin olunmasına xidmət edən sosial siyasətini həyata keçirir, digər tərəfdən isə miras qoyanın borclu və kreditorlarının maraqları daxil olmaqla, iqtisadiyyatının konstruktiv inkişafını təmin edir.
Statistik məlumatlar onu göstərir ki, son illər vərəsəlik və ondan doğan mübahisələrin sayı əhəmiyyətli dərəcədə artmışdır. Bu mübahisələrin böyük hissəsini miras şərikləri arasında ümumi mülkiyyət hüquqlarının həyata keçirilməsindən irəli gələn mübahisələr təşkil edir. Vərəsələrin bir çox hallarda hüquqi savadsızlığı bu mübahisələri uzun illər ərzində həll olunmamış vəziyyətdə qalmasına səbəb olur. Bu isə son nəticədə, vərəsələrin mülkiyyət hüquqlarının məhdudlaşdırmaqla, mülki dövriyyəyə, sahibkarlıq fəaliyyətinə, habelə sərbəst bazar iqtisadiyyatının həyata keçirilməsinə öz mənfi təsirini göstərir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı ilə vərəsəliyin mirasın qəbulu prisipinə əsaslanaraq həyata keçirilməsinin aradan qalxması, iki və daha çox sayda vərəsənin mirasa yiyələnməsi hallarını asanlaşdırdığından yuxarıda qeyd edilən kateqoriya mübahisələrin daha da artacağı proqnozlaşdırılır.
Xüsusən notrariuslar arasında o qədər də aktual olmamasına baxmayaraq, mülki məcəllənin qarşımıza qoyduğu vəzifələrin icrası baxımından notariat təcrübəsində vərəsəlik institutunun mirasın bölüşdürülməsi kimi mühüm komponentinin tətbiqinin genişləndirilməsi qaçılmazdır.
Təsadüfi deyil ki, Mülki Məcəllənin Vərəsəlik hüququ bölməsində ayrıca bir fəsil məhz mirasın bölüşdürülməsinə həsr olunmuşdur. İstinad edilən normalardan görünüyü kimi vərəsəliyə iki və daha çox vərəsənin çağırılması miras əmlakın bölünməsi zərurətini qaçılmaz edir. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən miras qoyanın bir neçə vərəsəsi olduqda, mirasa münasibətdə onların ümumi mülkiyyət hüquqları yaranır və qanunverici bu hüquqi vəziyyəti ”miras şərikliyi” adlandırır. Miras şərikliyinin yaranması vəsiyyətnamədə miras kütləsinə daxil olan əmlakların konkret olaraq vərəsələrdən hansına vəsiyyət edildiyinin aydın göstərildiyi halda istisna olunur. Miras şəriklərinin miras əmlaka münasibətdə ümumi mülkiyyət hüquqları həmin əmlakın bölüşdürülməsinədək mövcud olur. Göründüyü kimi, mirasın açıldığı andan yaranan vərəsəlik münasibətləri mirasın bölüşdürülməsi ilə başa çatır.
Ümumi paylı mülkiyyət hüququnun iştirakçısı kimi hər bir miras şərikinin hüququ var ki, miras əmlakın bölünməsini və ya bu əmlakdan onun payına düşən miras hissəsinin ayrılmasını tələb etsin. Həm miras əmlakının vərəsələr arasında naturada bölünməsi, həm də hər bir vərəsəyə düşən miras paylarının ayrılması qaydası mülki qanunvericiliyin ümumi mülkiyyət hüququ ilə bağlı universal normaları (Mülki Məcəllə, Maddə 220) ilə tənzimlənir.
O da nəzərə alınmalıdır ki, borclar və miras kütləsinin xərcləri olduqda, bölüşdürülmə yalnız onların ödənilməsindən sonra mirasın yerdə qalan aktivinə münasibətdə həyata keçirilməlidir.
Mülki Məcəllənin 1274-cü maddəsinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.
Beləliklə, mirasın bölüşdürülməsi miras şərikliyinin aradan qaldırılması, ona xitam verilməsi və ümumi mülkiyyət vəziyyətindən çıxılması və miras kütləsinə daxil olan ayrı-ayrı predmetlərin öz paylarına uyğun olaraq vərəsələrin arasında bölüşdürülməsidir.
Mirasın bölüşdürülməsinin iki növü vardır:
1. Mirasın vərəsələrin qarşılıqlı razılaşması ilə bölüşdürülməsi;
2. Mirasın məhkəmə yolu ilə bölüşdürülməsi.
Miras əmlakın birgə idarə edilməsi vərəsələri qane etmədikdə, habelə ailə daxili mübahisələrin məhkəmə müstəvisinə çıxarılmasından çəkinildikdə, ən yaxşı həlli üsulu kimi vərəsələr arasında miras əmlakın bölgüsü haqqında müqavilənin bağlanması çıxış edir.
Müqavilə azadlığı prinsipinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər (Mülki Məcəllə, Maddə 390). Bu baxımdan, digər müqavilələr kimi miras əmlakın bölüşdürülməsi müqaviləsinin layihəsidə müqavilə tərəflərinin iradə ifadələrinə uyğun olaraq həm vərəsələrin özləri tərəfindən, həm də notarius tərəfindən tərtib oluna bilər. Mirasın tərkibinə daxil olan əmlakların rəsmi reyestrdə qeydə alınmalı əmlaklara aid olub-olmamasınan asılı olaraq, mirasın bölgüsü barədə müqavilə sadə yazılı, və ya notariat qaydasında təsdiq edilə bilər. Vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmadıqda və mirasa daxil olan əmlaka sərəncamın verilməsi və həmin əmlakın alınması notariusun vərəsəlik şəhadətnaməsi olmadan qeyri-mümkün olduğu hallarda, miras əmlakın bölgüsünün notariat qaydasından istifadə olunur. Bankda olan depozit hesabına münasibətdə də eyni qayda tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılsa da, mirasa daxil olan daşınmaz əmlaka o, cümlədən qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət qeydiyyatından keçmiş daşınar əmlaka mülkiyyət hüququ, onun verilməsinin dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yəni, qanunvericiliyin tələbinə görə rəsmi reyestrdə qeydiyyatdan keçmiş əmlaka mülkiyyət hüququ onun verilməsinin rəsmi reyestrdə qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllə, Maddə 139, 178). Mülki Məcəllənin 144-cü maddəsində də açıqca qeyd olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncamın verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
Ona görə də müqavilənin predmeti daşınmaz əmlak olduqda, vərəsəlik şəhadətnaməsi verildikdən sonra vərəsələr arasında mirasın bölüşdürülməsi barədə bağlanmış müqavilə notariat qaydasında təsdiq edilməli, daşınmaz əmlaka mülkiyyət hüququ ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qeydiyyatına alınmalıdır. Yəni, bu halda vərəsənin konkret daşınmaz əmlaka mülkiyyət hüququ, vərəsəlik şəhadətnaməsi və mirasın bölüşdürülməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilənin dövlət reyestrində qeydə alındığı andan yaranır.
Dəyərləri uyğun olanlardan fərqli olaraq, müxtəlif dəyərlərə malik olan miras əmlaklar vərəsələr arasında onların razılığına əsasən müvafiq kompensasiya verilməklə, hər bir vərəsəyə çatası konkret əmlakın müəyyən edildiyi müqavilə vasitəsilə ilə bölünür.
Hər bir miras şəriki digər miras şərikləri tərəfindən onlara aid müvafiq payların alınmasını təmin etməlidir. Bu baxımdan, vərəsələr arasında olduğu yer məlum olmayan şəxslər olduqda, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan 3 ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra 3 ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barədə digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər (Mülki Məcəllə, Maddə 1301.2). Xüsusi ilə qeyd edilməlidir ki, notarius vərəsələr dairəsinə daxil olan şəxslərin vərəsəliyə çağırılmasında vərəsələrə zəruri yardımı etməlidir.
Miras açılandan sonra 6 ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilmədiyi və mirasın qəbulundan imtina barədə ondan bir xəbərin alınmadığı halda da, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər.
Hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan olunmasın (Mülki Məcəllə, Maddə 1276). Burada mümkünlük dedikdə, əşyanın təkcə fiziki olaraq bölünməsi deyil, həm də hüquqi baxımdan bölünməsinin mümkünlüyü nəzərdə tutulur.
Bununla bağlı qeyd etmək lazımdır ki, notariat təcrübəmizdə miras əmlakın bölüşdürülməsi, o cümlədən mirasdan bir və ya bir neçə payın ayrılması haqqında müqavilə miras əmlaka şəhadətnamə verildikdən dərhal sonra mirasın bölüşdürülməsinə dair müqavilə vasitəsilə həyata keçirilir və bölgünün aparılması vərəsəyə ona çatası konkret əmlakı öz adına rəsmiləşdirmək və müvafiq qeydiyyatdan keçərək, mülkiyyət hüququ haqqında sənəd əldə etmək imkanı verir. Bizdən fərqli olaraq, bir sıra xarici ölkələrin, o cümlədən Rusiya Federasiyasının notariat təcrübəsində ilk öncə vərəsənin mirasın qəbul edilməsinə dair ərizə ilə notariusa müraciət etdiyi, sonra isə tərəflərin razılığı ilə və onların könüllü müraciəti əsasında notariusda miras əmlakın bölüşdürülməsinə dair müqavilənin hazırlanaraq təsdiq edilməsi və daha sonra hər bir konkret vərəsəyə bölüşdürmə müqaviləsinə əsasən konkret əmlaka dair vərəsəlik şəhadətnaməsinin verildiyinin şahidi oluruq. Verilmiş bu vərəsəlik şəhadətnaməsi əsasında artıq bölüşdürülməyə uyğun olaraq müvafiq daşınmaz əmlaklara hər bir vərəsənin ayrıca mülkiyyət hüquqları dövlət qeydiyyatına alınır.
Miras əmlakın bölüşdürülməsinə dair müqavilə kifayət qədər müstəqil müqavilə olmasına baxmayaraq, bəzi hallarda bu müqavilənin bağlanmasına məhdudiyyətlər də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 1287-ci maddəsinə görə, əgər vərəsənin mayası bağlanmışdırsa, lakin o hələ doğulmamışdırsa, mirasın bölüşdürülməsi yalnız həmin vərəsənin doğulmasından sonra mümkündür. Mayası bağlanmış, lakin hələ doğulmamış vərəsə sağ doğularsa, qalan vərəsələr mirası yalnız ona düşən payı ayırmaqla, bölüşdürə bilərlər. Yeni doğulanın mənafelərinin müdafiəsi məqsədilə onun nümayəndələri bölgüdə iştiraka dəvət edilməlidirlər.
Məlumdur ki, Mülki Məcəllədə qanun üzrə vərəsələrin bərabər pay hüquqlu olması prinsipi nəzərdə tutulmuşdur. Hər bir vərəsə bölüşdürmədə iştirak baxımından eyni hüquqa malikdir. Buna baxmayaraq, vərəsələrin miras payları fərqlidirsə, miras kütləsindən alacaqları miqdar da eyni olmayacaqdır. Bərabərlik prinsipinin mühüm əhəmiyyəti odur ki, hansı növ vərəsəlik, yaxud miras payı hansı həcmdə olursa olsun hər bir vərəsənin mirasın bölgüsündə eyni hüquqla iştirakı təmin olunur, hansısa vərəsə iradəsi xaricində digərlərinin səs çoxluğu ilə qəbul etdikləri qərarla razılaşmaq məcburiyyətində qala bilməz. Yəni, onun iradəsinin ziddinə aparılan bölüşdürməni məhkəmə müstəvisinə çıxara bilər[i].
Buna baxmayaraq, bəzi hallarda bərabərlik prinsipinin tətbiqi ədalətsiz vəziyyət yarada biləcəyi üçün qanunda bu prinsipə müəyyən istisnalar nəzərdə tutulmuşdur:
1. Miras qoyanla birlikdə yaşamış vərəsənin yaşadıqları evi almaqda üstünlüyü;
2. Miras qoyanla birlikdə əmlaka ümumi mülkiyyət hüququ olan vərəsənin üstünlüyü.
Vərəsələrin müəyyən kateqoriyaları mirası bölüşdürərkən bölünməz sayılan əşyanı tam şəkildə almaq hüququna malikdirlər. Belə ki, bölünməz əşyanın naturada bölünməsi onun zədələnməsinə, məhv olmasına və ya təyinatı üzrə istifadə edilməsinin mümkünsüzlüyünə gətirib çıxarır. Bölünməz əşyanın bir vərəsəyə verilməsi sonuncu tərəfindən paylı mülkiyyətin digər iştirakçılarına müvafiq pul və ya digər əmlakdakı payların dəyəri həddində kompensasiyanın ödənilməsi ilə şərtləndirilir.
Mülki Məcəllənin 1303-cü maddəsinə əsasən, miras açılanadək azı bir il miras qoyanla birlikdə yaşamış vərəsənin əmlak bölgüsü zamanı mirasdan yaşayış evini, mənzili və ya digər yaşayış otağını, habelə ev müxəlləfatı predmetlərini almaqda üstünlük hüququ var.
Vəsiyyət edənin mənzilinin və ya evinin həmmülkiyyətçisi olan hüquqi varisləri olmadıqda, onunla birlikdə yaşamış vərəsə onun miras qalmış payı hesabına yaşayış sahəsinin alınmasını tələb edə bilər. Mövcud məhkəmə təcrübəsi baxımından sonuncunun bu hüququnu reallaşdırması imkanı onun heç bir mənzilə sahib olmaması və yaxud sosial kirayə hüququnun olmaması zamanı mümkün hesab edilir.
Bundan əlavə, Mülki Məcəllənin 1303-cü maddəsinin tələbləri baxımından vəfat etdiyi gün vəsiyyət edənlə birlikdə yaşayan vərəsələr, mirası bölüşdürərkən, paylarına görə adi ev əşyaları tələb edə bilərlər. Bu, antik, bədii və ya tarixi dəyərə malik olan əşyalar istisna olmaqla, mebel, qab-qacaq və digər ev əşyalarıdır.
Qeyd edilən hallara münasibətdə misal kimi, mənzilə mərhum ana və qızlarından birinin ortaq mülkiyyət hüququnun olduğu halda, yaşayış sahəsinin həmmülkiyyətçisi olan qızın digər vərəsə olan bacısına mənzilin ¼ hissəsinin dəyəri həddində kompensasiya ödəməklə mənzilə münasibətdə tam şəkildə mülkiyyətinə keçirmək kimi üstülük hüququnun olmasını göstərmək olar. Digər bir misal kimi, vəsiyyət edənin sağlığında bölünməz əşyadan daim istifadə edən vərəsənin, mülkiyyət hüququ ilə bölünməz əşyanın payına sahib olan vərəsələrin olmadığı halda üstünlük hüququnun mövcudluğunu qeyd etmək olar. Daha bir misal: Mərhum atası ilə eyni şəhərdə yaşayan oğlun fərdi sahibkar olaraq miras əmlak olan qarajdan daimi olaraq avtomobil təmiri sexi kimi istifadə etdiyi halda, başqa yaşayış məntəqəsində yaşayan və qarajla maraqlanmayan bacısına münasibətdə üstünlük hüququnun olmasıdır.
Üstünlük hüququnun həyata keçirilməsi mirasın bölünməsi haqqında müqavilə bağlayarkən üstünlük hüququndan yararlanmaq istəyindən asılıdır. Eyni zamanda, imzaladığı müqavilənin şərtləri ilə bağlı olacağından üstünlük hüququndan istifadə etmədiyi halda, gələcəkdə ondan yararlanmaq imkanını itirəcəyi də nəzərə alınmalıdır.
Mirasın bölüşdürülməsinin məhkəmə yoluna gəldikdə qeyd edilməlidir ki, məhkəmə də ilk növbədə tərəflər arasındakı mübahisənin mahiyyəti aydınlaşdırmalı, onların çatmaq istədikləri hüquqi nəticə müzakirə edilməklə iddianın sadəcə mirasda paylarının təsbit, yoxsa bölünmə barədə olması, həmin tələblərin bütün miras əmlakı, yoxsa onun tərkibinə daxil olan ayrı-ayrı predmetləri əhatə etməsi, əmlakın aktivi ilə yanaşı, passivini də nəzərə almalıdır. Bu məqsədlə hakim işi məhkəmədə baxılmağa hazırlayarkən qeyd edilən halları Mülki Prosessual Məcəllənin 14.1-ci və 167.1-ci maddələrinə uyğun qaydada tərəflərlə müzakirə etməli, dəqiqləşdirmənin nəticələri məhkəmənin iclas protokolunda aydın şəkildə əks etdirilməlidir. Məhkəmə miras əmlakın dairəsini aydınlaşdırmalı və vərəsələrin hər birinin miras əmlak üzərindəki payını təsbit etməli və daha sonra tərəflərin bununla bağlı tələbləri olduğu halda həmin pay nisbətinə uyğun olaraq mirasın bölüşdürülməsini həyata keçirməlidir. Mirasın bölüşdürülməsi zamanı vərəsənin iddia tələbindən və ya iddiaya etitrazından qanunla müəyyən edilmiş qaydada mövcud olan üstünlük hüququndan yararlanmaq arzusunun mövcudluğu aydınlaşdırılmalı, yalnız buna dair tələb olduğu halda bölgünün həyata keçirilməsi zamanı nəzərə alınmalıdır.
Qeyd edilənlərdən göründüyü kimi, miras əmlak üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsi zamanı ciddi çətinliklərə və mübahisələrə yol açan ümumiliyin aradan qaldırılması anlamında mirasın bölüşdürülməsi institutu mülki dövriyyənin təmin edilməsi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və sərbəst bazar iqtisadiyyatının inkişafına şəraitin yaradılması baxımından çox əhəmiyyətlidir.
Bu isə xüsusi ilə məhkəmədənkənar qaydada mirasın bölüşdürülməsi institutunun təşviqini zəruri edir. Notaruslar, vərəsəliyin rəsmiləşdirilməsi zamanı formal olaraq vərəsəlik şəhadətnaməsinin verilməsi ilə kifayətlənməməli, müraciət anından vərəsələrin həqiqi iradə ifadələrinin mahiyyətini müzakirə etməli, habelə mirasın bölüşdürülməsi imkanı və xüsusiyyətləri barədə vərəsələri məlumatlandırmalıdırlar.