Əlillik təyinatı ilə bağlı MÜHÜM XƏBƏR - VİDEO
Ölkədə əlillik dərəcələri üzrə təkrar qiymətləndirmə aparılır. Bu zaman bəzi şəxslərin əlillik pensiyaları dayandırılır. Bu halda həmin şəxslər bu müddət ərzində almadıqları müavinətin itkiyə getdiyini düşünürlər və bundan narahat olurlar. Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya agentliyinin sədri Anar Bayramov bu məbləğin necə geri qaytarılacağını açıqlayıb.
Metbuat.az xəbər verir ki, əlilliyi təkrar qiymətləndirilən vətəndaşın itirilmiş dövrə görə sosial ödənişləri sonradan ona veriləcək. Yəni təkrar qiymətləndirmə ərzində vətəndaşın kəsilən müavinətləri itkiyə getməyəcək.
Bununla bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov brifinq keçirib. O deyib ki, bəzən vətəndaş əlilliyinin təkrar qiymətləndirilməsi üçün müraciət edərkən müəyyən gecikmələrə yol verir. Bu müddət ərzində də sosial müavinət ala bilmir. Lakin bu ilin iyul ayında əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericilikdə edilən dəyişikliyə əsasən, həmin şəxs o müavinəti ala biləcək. Çünki təkrar təyin olunan əlillik məhz əvvəlki əlillik təyinatı müddəti bitdiyi tarixdən rəsmiləşəcək və ortada ötürülmüş müddət üçün də həmin şəxs əlilliyə görə sosial ödənişlərini ala biləcək.
Anar Bayramov indiyə qədər aparılan əlillik təyinatları barədə də məlumat verib. O bildirib ki, ötən dövrdə Vətən müharibəsinin 2200 qazisinə artıq əlillik təyinatı verilib. O, qazilərin əlillik təyinatı ilə bağlı sosial şəbəkələrdə son vaxtlar yayılan narazılıqlara da aydınlıq gətirib. Sədr qeyd edib ki, elektron qiymətləndirmə aparılarkən səhv ehtimalı ola bilər. Çünki həkim xəstəni görmür. Amma hərbi komissiya əyani aparıldığından orada səhv ehtimalı çox aşağıdır.
Anar Bayramov qazilərin əlillik dərəcələrini müəyyən edən qrupların dəyişdirilməsi məsələsinə də toxunub. O bildirib ki, bir neçə il sonra qazilərin səhhətində hər hansı dəyişiklik və ya vəziyyətlərində ağırlaşmalar olarsa, onların qrupu yenidən dəyərləndiriləcək.
Sədr onu da qeyd edib ki, əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə yönələn sosial ödənişlərdə son üç ildə orta hesabla 2 dəfə artım baş verib. Sosial müavinətlərin artması yanvarın 1-dən etibarən qüvvəyə minəcək və əlilliyi olan şəxslər də bu artımdan faydalanacaqlar. Ümumilikdə isə bu il 47 min 519 şəxsə əlillik təyinatı aparılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə, təqribən, iki dəfə çoxdur.