azia.az
azia.az

Əlillik necə qiymətləndirilir – Agentlik sədri açıqladı- EKSKLÜZİV

27-02-2021, 11:52


Müsahibimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirovdur
Əlillik necə qiymətləndirilir – Agentlik sədri açıqladı- EKSKLÜZİV
-Cavid müəllim, bu gün gündəmdə olan mövzulardan biri də əlilliyin qiymətləndirilməsi ilə bağlıdır. Bu prosedur necə həyata keçirilir? Vətəndaş ona əlillik dərəcəsi təyin olunmasını istəyirsə nə etməlidir?

-Artıq bir neçə ildir ki, əlilliyin qiymətləndirilməsi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən həyata keçirilir. Bu forma bu sahədə şəffaflığın təmin edilməsində, xoşagəlməz halların qarşısının alınmasında ən doğru üsuldur. Vətəndaş əlillik vəziyyətinə məruz qalıbsa və istəyirsə ki, ona əlillik dərəcəsi verilsin, bunun üçün ilk növbədə yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsinə (poliklinikaya) müraciət etməlidir. Səhiyyə müəssisəsinin həkim komissiyası onu müayinə edir və əgər onun əlilliyinin qiymətləndirilməsinə əsas varsa, bu barədə Forma 88 adlanan göndəriş tərtib edərək müvafiq elektron sistemə daxil edir.

Bundan sonrakı mərhələ Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə aiddir. Tibbi-sosial ekspertiza xidməti isə yalnız həmin göndəriş əsasında şəxsə əlillik dərəcəsi verilib-verilməməsinə dair qərar verir...

-Vətəndaşı görmədən, ekspert-vətəndaş təması olmadan qərar verilir?

-Bəli, hətta elektron sistem belə qurulub ki, göndəriş qiymətləndirmə üçün ekspertlərə yönləndiriləndə göndərişdə onun kimə aid olması, hansı səhiyyə müəssisəsinin göndərişi olduğu qətiyyən bilinmir. Yəni ekspertlərimiz yalnız göndərişdəki məlumatları görürlər. Beləliklə, bu proses tam obyektiv və şəffaf həyata keçirilir. Bununla əlilliyin qiymətləndirilməsində subyektiv yanaşma və kənar müdaxilə riski tam aradan qalxmış olur.

-Bəzi hallarda olur ki, vətəndaş ona əlillik dərəcəsi verilməməsindən narazılıq edir. Ümumilikdə hansı hallarda əlillk təyin edilir?

-Bəli, haqlısınız, bizə də belə müraciətlər olur və ya mediada belə narazılıqlara da rast gəlirik ki, məsələn “mən ağır xəstəyəm, mənə niyə əlillik verilmədi?” və ya tutaq ki, “mənə birinci dərəcə əlillik verilməliydi, niyə ikinci dərəcə verilib?” və s.

Mən bir daha xüsusi olaraq vurğulayım ki, biz əlilliyini qiymətləndirdiyimiz şəxsi görmürük, yalnız onun barəsində göndərişdə yazılmış funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələrini və s. görürük.

Bu əsasda da qiymətləndirmə aparılır: əgər göndərişdəki məlumatlar şəxsə əlillik təyin olunmasına əsas yaradırsa –təyin olunur, əks halda yox.

Ona görə göndərişdə həmin məlumatlar, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz dolğun şəkildə qeyd edilməlidir. Ola bilər ki, şəxs həqiqətən real olaraq elə vəziyyətdərir ona əlillik təyin oluna bilər. Lakin onun barəsində göndərişdəki məlumatlar elə natamam və ya uyğunsuz yazılır ki, əlillik təyin olunmur... Biz bəzən məcbur qalıb komissiya yaratmaqla belə xəstələri müstəsna hallar kimi komissiya halında əyani müayinə etməli oluruq. Nəticədə də uyğun qərar verilir. Əlilliyin qiymətləndirilməsi ilə bağlı göndərişlərə baxılarkən göndərişdə qeyd edilən şəxsin diaqnozu və ağırlaşmalarının əlillik təyinatına əsas vermədiyi halda imtina cavabı verilir.

-Amma o da olur ki, şəxs tutaq ki, ona ikinci dərəcə əlillik verilməli olduğunu, lakin 3-cü dərəcə verildiyini, bundan narazılığını bildirir....

- Qanunvericilikdə əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları mövcuddur. Biz həmin sənəd əsasında əlillik dərəcələri təyin edirik. Orada konkret olaraq yazılıb ki, 1-ci, 2-ci, 3-cü dərəcə əlillik hansı hallarda təyin edilir. Ekspertlərimiz də göndərişdə şəxsin xəstəlik halına dair məlumatları qeyd edilən Əsasnamədəki meyarlar əsasında təhlil edib hansı dərəcə verilməsinə qərar verirlər. Onu da deyim ki, bu qərarı bir deyil, bir neçə ekspert qəbul edir, son mərhələdə bu qərarın dürüstlüyünü bir daha Agentliyin özü də yoxlayır.

-Bəs bu sahədə - əlilliyin qiymətləndirlməsi sahəsində dəyişiklik, yenilik gözlənilirmi?

-Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təkmilləşdirilmiş layihə hazırlanıb və aidiyyəti üzrə təqdim edilib. Bu, əlillik təyinatı ilə bağlı yeni meyarlardır. Həmin yeni meyarlarda əlilliyin dərəcə ilə deyil, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında qiymətləndirilməsi nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi