azia.az
azia.az

Yenə on milyonlarla manatlıq qazpulu borcu, yenə narazılıqlar…

20-11-2021, 21:39



Yenə on milyonlarla manatlıq qazpulu borcu, yenə narazılıqlar…
Yenə on milyonlarla manatlıq qazpulu borcu, yenə narazılıqlar…
Bəlli olduğu kimi, “Azəristiliktəhcizat” noyabrın 15-dən qış rejiminə keçib. Lakin hələ də mərkəzləşdirilmiş istilik sisteminə qoşulmuş köhnə yaşayış binalarının, o cümlədən sosial obyektlərin bəzilərinə istilik verilmir, yaxud verilən istilik isinmə üçün yetmir. Üstəlik, ASC-nin “Azəriqaz” İstehsalat Birliyinə 34,3 milyon manat borcu yaranıb.

Tərəflər arasında noyabrın 14-də razılıq əldə olunub ki, “Azəriqaz” noyabrın 15-dən qazanxanalara qaz versin. Amma bir şərtlə ki, bir həftə müddətinə həmin borc ödənilməlidir. “Azəriqaz” xəbərdarlıq da edib ki, qarşı tərəf razılaşmaya əməl etməsə, qazanxanalara mavi yanacağın verilməsini dayandırmaq məcburiyyətində qalacaq. Bütün bunların da məsuliyyəti “Azəristiliktəhcizat”ın boynunda olacaq. Hərçənd ki, ASC-nin borcu qış qapının ağzını alana qədər saxlaması ilk dəfədir baş vermir. Ötən ilki mövsümdə də borc vaxtında ödənilmədiyindən bir çox abonentlər mənzillərində yorğana bürünüb oturmalı olurdular.



virtualaz.org xəbər verir ki, hələlik bütün qazanxanalar qazla təmin edilsə də, paytaxtın müxtəlif ərazilərində onlarla abonent “Azəristiliktəchizat” ASC-nin xidmətindən şikayətçidir. Belə ki, Nizami rayonu Rüstəm Rüstəmov küçəsində, Qara Qarayev 78-də, 3-cu mikrorayon Hüseynbala Əliyev küçəsi 1-ci binada, Binəqədi rayonu 7 mikrorayon 3/33 saylı binada, həmçinin metronun “Azadlıq”, “Qara Qarayev” stansiyasının yaxınlığında, Yasamal rayonu Şərifzadə küçələrində, Yeni Günəşlidə mərkəzləşdirilmiş istilik sisteminə qoşulan köhnə yaşayış binalarına istilik verilməyib. Sosial şəbəkələrdə də mənzillərinin isinmədiyindən şikayətlənənlərin sayı çoxdur. Abonentlərin sözlərinə görə, radiatorlardan soyuq su gəlir, isinmir, amma istisinə qızınmadıqları xidmətə görə aylıq ödəniş edirlər.



Rüstəm Rüstəmov küçəsində yaşayan sakinlərdən Zöhrə Ağayeva deyir ki, istilik əvəzinə 3 gündür radiatorlardan ancaq hansısa səs-küy, hava axınının səsi eşidilir. Mənzil köhnə olduğundan elektrik sobaları ilə qızmır, evdə az qala palto ilə gəzirlər. Qazandıqları beş-on manatı isə dərmana xərcləyirlər.

Abonentlərdən biri isə yazıb ki, çöl hazırda onun mənzilindən istidir: “Gecələr barmağımı çölə çıxara bilmirəm ki, don vurar. “Azəristilik təchizat” ASC-nin çarğı xidmətinin telefonları isə daim məşğul göstərir”.

184 min mənzil mərkəzləşdirilmiş istilik sisteminə qoşulub

Bakıdakı mənzil fondunun neçə faizinin “Azəristiliktəhcizat” ASC tərəfindən istiliklə təmin edildiyi bəlli deyil. ASC-nin Abonent şöbəsinin müdiri Rafiq Əliyev virtualaz.org-a deyib ki, bununla bağlı məlumatlı deyil. “Azəristiliktəhcizat” tərəfindən paytaxtda hazırda 3 312 mənzil istiliklə təmin edilir. Çoxmərtəbəli binalar, sovetlər dönəmində tikilmiş binaların əksəriyyəti, fərdi yaşayış evləri mərkəzləşdirilmiş istilik sisteminə qoşulmayıb.

R.Əliyev onu da deyib ki, hazırda ASC-yə məxsus bütün qazanxanalar işləyir, xidmət göstərdikləri binaların 80 faizi istiliklə təmin olunur.



“Mövsüm yeni başlayanda şikayətlər olur. Bəzi binaların axırıncı mərtəbələrində sistemdə hava qalır, havanı boşaltmaq lazım olur. Bəzən ev təmir vaxtı “vintil”i bağlayırlar su dövriyyəyə getmir. Sakinlər isə elə hesab edirlər ki, binaya istilik verilmir. Buna görə də sakinlər bizim çağrı mərkəzlərinə müraciət eləsinlər ki, mütəxəssislər əraziyə baxış keçirib tədbir görə bilsinlər”, - R.Əliyev belə deyib.

Onun sözlərinə görə, abonentlərin “Azəristiliktəhcizat”a borcu yüksək deyil, sakinlərlə problemləri yoxdur. Yaşayış binalarında istilik haqqı 1 kvadratmetr üçün 15 qəpikdən hesablanır.

Milyonlarla manat borc…

“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev yerli mətbuata bildirib ki, “Azəristiliktəhcizat” borcun bir hissəsini qəbul etmir və deyiləndən 14 milyon manat az - 20,3 milyon manat olduğunu deyir.

E. Vəliyevin sözlərinə görə, istilik mövsümü başlamazdan bir neçə gün əvvəl bu məsələni ictimailəşdiriblər. Çünki qazanxanalara borca görə və haqlı olaraq qaz verilməyəndə insanlar istiliyin niyə olmamasının səbəbini soruşacaqlar: “Bu zaman “Azəristiliktəchizat” deyəcək ki, “Azəriqaz” bizə qaz vermir, ona görə də biz qazanxanalardan istifadə edib sizi istiliklə təmin edə bilmirik. Yəni məsələni qınaq obyekti olaraq “Azəriqaz”ın üstünə yönləndirəcəklər. Biz mavi yanacağı “Azərkontrakt” ASC-dən alırıq. Satdığımız qazın pulunu yığmalıyıq ki, onların da pulunu tam ödəyək və nəticədə növbəti il üçün də qaz ala bilək”.



Rafiq Əliyev isə bildirib ki, qurumun "Azəriqaz" İstehsalat Birliyinə olan borcu əvvəlki illərdən qalan borc deyil. Qazanxanalar isti su rejimində işlədiyindən bu borclar hər ay yaranır. Borcların ödənilməsi istiqamətində də "Azəristiliktəchizat" tərəfindən bütün zəruri tədbirlər görülür: “Bir çox qazanxanalarımız var ki, yay mövsümündə də isti su rejimində işləyirlər. Əlil və şəhid ailələri üçün mənzillər, məcburi köçkünlər üçün binalar, eləcə də xəstəxana və internat tipli müəssisələrə isti su verilir".

Borcun ödənilməsi üçün qoyulan vaxta az qalıb, bununla belə, R.Əliyev abonentlərin borca görə problemlə qarşılaşmayacaqlarını vəd edir. Amma vədə əməl ediləcəkmi, bu bəlli deyil. Ötən il qış mövsümdə borc vaxtında ödənilmədiyindən yüzlərlə abonent istiliksiz qalmışdı...

Ü.Xudiyeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi