Himayəsində üç azyaşlı övladı olan ana sosial yardım ala bilmir - GİLEY
Bakı şəhəri, Səbail rayonu sakini Təhminə Nəbiyevanın ailəsi 3 azyaşlı körpə olmaqla 4 nəfərdən ibarət aztəminatlı ailədir. "Hürriyyət"ə müraciət edən şikayətçi bildirir ki, azyaşlı oğlu ilə yanaşı, özü də asma xəstəsidir. Elə bu səbəbdən işləyə bilmir. Buna görə də, Təhminə Nəbiyeva ünvanlı sosial yardım almaq üçün dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Ancaq ona imtina cavabı verilib. Bununla bağlı DSMF-nun ƏƏSM-nə şikayət bildirsə də, Təhminə Nəbiyevaya heç bir köməklik göstərilməyib. Redaksiyamıza müraciət edən şikayətçi Prezident İlham Əliyevdən və birinci xanım Mehriban Əliyevadan köməklik olunmağını istəyir:
"Bakının Səbail rayonunda köhnə tikilidə kirayədə yaşayıram. Bu ilin yanvar ayından sosial yardımı kəsiblər. Himayəmdə üç azyaşlı övladım var. İki ildir ki, 221 manat sosial yardım alırdım. Əslində, çox almalıydım. Niyə az verildiyininin səbəbini də bilmədim. Bu il isə səbəbsiz yerə sosial yardımı kəsdilər. Artıq, aylardır ki, müxtəlif bəhanələr gətirib, sosial yardım vermirlər. İki qızım və bir oğlum var. Eyni zamanda, oğlum xəstədir. Ağciyərində problem var. Altı aydan bir ildə iki dəfə olmaqla müalicə almalıdır. İmkanım olmadığına görə, müalicə edə bilmirəm. Özüm də asma xəstəsiyəm. Artıq, bir müddətdir ki, səhhətimlə bağlı işləyə bilmirəm. Dəfələrlə Azərbaycan Respublikası Sosial Müdafiəsi nazirliyinə ərizələrlə müraciət etmişəm. Lakin, müxtəlif bəhanələrlə müraciətimə baxılmır. Onu da qeyd edim ki, adıma heç bir mülkiyyət də yoxdur. Himayəmdə üç azyaşlı övladı olan ana kimi ölkə başçısı cənab İlham Əliyevdən və birinci xanım Mehriban Əliyevadan xahiş edirəm ki, müraciətimə baxsınlar. Artıq müraciət edə biləcəyimiz yer qalmayıb".
QEYD: Mövzunu diqqətdə saxlayacağıq.