azia.az
azia.az

Azərbaycanda 105 mindən çox aztəminatlı ailəyə sosial yardım ödənilir

9-02-2016, 17:54

Azərbaycanda 105 mindən çox aztəminatlı ailəyə sosial yardım ödənilir Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən cari ildə aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin olunması işləri uğurla davam etdirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu ilin yanvar ayında respublikamızda 105 497 aztəminatlı ailə (453 372 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub. Həmin ailələrin 29 598-i və ya 28 faizi üç və daha çox uşağı olan ailələrdir. Ünvanlı dövlət sosial yardımı alan ailələrdə ailə üzvlərinin 216 529 nəfəri (47,7 faiz) yaşı 18-dək olan şəxslərdir ki, onlardan sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslərin sayı 4824 nəfər təşkil edir. Qeyd olunan ailələrdə 5151 nəfər 1 yaşadək uşaq var ki, onların hər birinə görə ünvanlı dövlət sosial yardımından əlavə olaraq aylıq sosial müavinət də ödənilir. Azərbaycan Prezidentinin 19 yanvar 2016-cı il tarixli fərmanına əsasən, ölkəmizdə digər sosial müavinətlər kimi, həmin müavinətin məbləği də cari il fevralın 1-dən 10 faiz artırılıb.
Yanvar ayında ünvanlı dövlət sosial yardımlarının hər ailəyə ödənilən orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz artaraq 152 manat təşkil edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli fərmanına əsasən, ƏƏSMN tərəfindən ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması üçün "Elektron hökumət" portalı üzərindən 20 dövlət qurumuna aid informasiya resurslarının inteqrasiyasını nəzərdə tutan Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi yaradılıb. Ünvanlı dövlət sosial yardımlarının təyinatında məmur-vətəndaş təmaslarının aradan qaldırılmasına və şəffaflığın təminatına yönələn bu sistemin artıq ötən aydan etibarən pilot rayonlarda sınaq işlərinə başlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi