Novella Cəfəroğlu: “İmkan verməməliyik ki, Aİ ilə saziş ərəfəsində münasibətləri pozmaq istəyənlərin əllərinə bəhanə keçsin”
Novruz bayramı ərəfəsində əfv sərəncamı ilə azad olunan siyasi fəallardan ikisi ilə bağlı gərginlik yaşanıb. Bayram Məmmədov polisə müqavimət göstərdiyi üçün 30 sutka inzibati cəza alıb, digər fəal Qiyas İbrahimov isə Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb iki saat dindirilməsinə etiraz edib.
Nəzərə çatdıraq ki, Novruz bayramı ərəfəsində imzalanan və 431 nəfərə şamil edilən əfv sərəncamı ilə 50-dən çox siyasi məhbus kimi tanınan şəxs də azad edilib. Bu, həm ölkə ictimaiyyəti, həm də beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanıb. Eyni zamanda bundan ölkə daxilində və xaricində narahat olan, sərəncama kölgə salınmasına çalışan pozucu qüvvələrin də olduğu şübhəsizdir. Bu səbəbdən Bayram və Qiyasla bağlı məsələdən sui-istifadə edənlərin ola biləcəyi də şəksizdir. O baxımdan ekspertlər həmin şəxslərlə aqressiv davranışları olsa belə, Azərbaycanın maraqları naminə daha fərqli davranılmasını doğru sayırlar.
Xüsusilə, Azərbaycanla Avropa İttifaqı arasında yaxın aylarda imzalanacaq saziş ərəfəsində bu cür halların baş verməsi ciddi suallar doğurur.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev səslənən iddialara bu cür reaksiya verdi: “Doğrudur ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyəyə çatmasını istəməyən ciddi qüvvələr var. Ermənistan və Azərbaycana düşmən kəsilmiş dövlətlər sözsüz ki, bunu istəmir. Təəssüf ki, öz korporativ maraqları üçün həm Azərbaycan daxilində də bunun baş tutmamasını, yaxud yubanmasını istəyənlər var. Biz imkan verməməliyik ki, münasibətləri pozmaq istəyənlərin əllərinə bəhanə düşsün. Hər bir insan statusundan asılı olmayaraq qanunlarla doğru davranmırsa, qanunları pozursa, barəsində müvafiq tədbirlər görülməlidir. Heç kəs qanundan qaça bilməz. Məhbəsdə olmuş bir adam kimi deyə bilərəm ki, Allah hər kəsin qapısını açsın. Lakin birisinin statusu varsa, buna güvənib qanunları pozacaqsa, cavab verməlidir. Çox pis bir ənənə yaranıb. Dünən birini korrupsioner adlandırırlar, o şəxs həbs ediləndən sonra onu korrupsioner adlandıranlar siyasi məhbus kimi təqdim etməyə başlayırlar. Hüquq müdafiəçilərindən biri sizin qəzetə Hollandiyada yaşayan Leyla Yunusun siyasi məhbus biznesi qurduğundan danışıb. Azərbaycan beynəlxalq aləmə göstərməlidir ki, bizim məhkəmələr sərbəstdir, qanun qarşısında hamı bərabərdir, kimsə həbs olunursa, biz məhkəməyə təsir edə bilmərik. Digər tərəfdən biz çalışmalıyıq ki, birinə az cəza vermək mümkündürsə, onu edək. Yaxud birini həbs edən zaman ciddi problemlər yarana bilər, o zaman məsələyə ciddi yanaşılıb, vacib olan qərarı vermək lazımdır. Həm hökumət tərəfindən məsələ diqqətdə saxlanılmalıdır, həm də cəmiyyət buna hazır olmalıdır. Biz xarici dövlətlərin, QHT-lərin sifarişi ilə oturub duran ölkəyə çevrilməməliyik. Artıq məhkəmələrin tam sərbəstliyi barədə söz-söhbətlər gedir, insanların hamısının qanun qarşısında bərabər olmasından söhbət gedir. Biri qanunu pozacaqsa, ona deputat və ya siyasətlə məşğul olduğu üçün güzəştlər ediləcəksə, bu, qanun qarşısında bərabərlik sayılmaz. Ona görə həm dişli siyasət yürütmək, həm də Azərbaycana təsir etmək istəyənlərə fürsət verməmək lazımdır”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu belə bir qüvvələrin olmasından söz açdı: “Azərbaycanda hansısa qüvvələr məqsədli şəkildə bu işlə məşğul olurlar. Bu iki gəncin məsələsi onlar azad ediləndə həll olunmuşdu. Sadəcə olaraq ayrı-ayrı məsələlər var. Onları açıqlamaq istəmirəm. Kiməsə vacib şəkildə lazımdır ki, Azərbaycanda bu uşaqlara təzyiq olsun və hansısa bir yolla bu şərait yaradılır. Bəlkə kimsə o gəncləri aqressiv davranmağa təhrik edir, yaxud da başqa bir səbəb var. Hökumətin onlara qarşı qərəzi olsaydı, azad olunmazdılar. Yaxud da əfv sərəncamı verilməzdi. Kimlərsə bundan məqsədli şəkildə istifadə edir. Azərbaycanla Avropa İttifaqı arasında saziş imzalanacaq. Çalışırlar ki, bu baş tutmasın. Ölkəmizə qarşı təzyiqlərin artmasını istəyirlər. Həmin qüvvələrin əllərinə imkan vermək olmaz. Gənclər, azadlığa çıxmısınız, adaptasiya olunun. Kimisə təhqir etmək olmaz. 10 il sizə cəza verilib, amma 3/1-ni çəkməmiş azad edilmisiz. Bir balaca səbirli olun. Amma istənilən halda Bayramın həbs edilməsi doğru deyil. Hakimiyyətdə olsaydım, onların heç birini həbs etməzdim. Kimlərsə bundan istifadə edib, ölkəmizə qarşı qərəzli addımların atılmasına çalışa bilər”.
Cavanşir ABBASLI,