azia.az
azia.az

Hüquq müdafiəçisi siyasi məhbusların azad ediləcəyinin anonsunu verdi

13-12-2016, 09:48

Hüquq müdafiəçisi siyasi məhbusların azad ediləcəyinin anonsunu verdi
Mehman Əliyev: “Qərbi razı salmaq üçün belə addım ata bilərlər”; Mirvari Qəhrəmanlı: “İntiqam Əliyevin fikirləri hökumətə yaxşı mesajdır”

Azərbaycan hakimiyyətinin ölkədə tüğyan edən iqtisadi böhrandan doğan narazılıqları səngitmək üçün bir sıra addımlar atacağı, o cümlədən siyasi məhbusların bir qismini azad edəcəyi ilə bağlı xəbərlər yayılıb.

Ölkə iqtidarının Yeni il əfvində Qərblə münasibətləri daha da yaxşılaşdırmaq, habelə daxildə narazılıqları səngitmək üçün bir sıra məhbusları azadlığa buraxacağı deyilir.

Hüquqşünas İntiqam Əliyev də bu fikirdədir. O hesab edir ki, ölkədəki ağır iqtisadi durumla bağlı rastlaşdığı çətinliklər səbəbindən bu cür rəddetmə siyasətinin arzuolunmaz nəticələrə gətirib çıxaracağını hökumət anlamamış deyil və REAL sədri İlqar Məmmədov da daxil olmaqla, siyasi məhbusların bir hissəsi çox güman ki, yaxın zamanlarda azadlığa buraxılacaqlar.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev də belə düşünür: “Ola bilər ki, yaxın zamanlarda bir sıra siyasi məhbuslar azad olunsun. Mən iqtisadi islahatlarla bağlı "Yol Xəritəsi" ilə tanış oldum. Düzü, bunların hamısının yerinə yetiriləcəyinə inanmıram. Müəyyən dərəcədə Qərbi razı salmaq üçün belə addım ata bilərlər. Bir növ Qərbin bu “Yol xəritəsi”ni qəbul etməsi və bunun müqabilində siyasilərin azad olunması niyyəti var. Hakimiyyət üçün hazırda əsas önəm daşıyan odur ki, iqtisadi rıçakları əlində saxlasın. Bunların özlərinin qurduqları qrafiklər var. Bu baxımdan hesab edirəm ki, siyasi məhbuslar azad oluna bilər. Deməzdim ki, yanvarda siyasi məhbusların hamısı azad olunacaq.

Bunu heç görmürəm də. Hakimiyyət hər zaman belə edib, birdən-birə hamısını azad etmir, belə ənənə yoxdur. Hissə-hissə azad edirlər, sonradan onların yerini elə hissə-hissə də doldururlar. Məsələn, bizdə yüzə qədər siyasi məhbus var idi, onların təxminən 60-nı azad etdilər, sonradan Nardaran hadisələri ilə bağlı həbs edilən dindarlarla onların yerlərini doldurdular. Belə bir siyasət var. Bu baxımdan hissə-hissə siyasilərin azad olunacağını düşünürəm. İndi Yeni il gəlir, ardınca Novruz bayramı. Referendumla bağlı struktur dəyişiklikləri mart ayında gözlənilir, çünki İlham Əliyev real nəticələrin 6 aydan sonra olacağını demişdi. Bu baxımdan həmin vaxt da siyasilərdən azad edilənlər ola bilər. Yəni birdən-birə heç nə baş verməyəcək".

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı İntiqam Əliyevin fikirlərinin əsaslandırılmış olduğunu qeyd etdi: “Ölkədə sosial narazılıq var və artıq pik həddə çatıb. Narazılığın bir hissəsi də siyasi məhbuslarla bağlıdır. Onların ailələrinin, eləcə də, beynəlxalq aləmin təzyiqləri var. İntiqam müəllimin fikirləri hökumətə yaxşı mesajdır. Bir növ hökumətə yaxşı yol göstərir. Siyasi məhbusların azad olunması hökumət tərəfindən balanslaşma siyasəti ola bilərdi. Bununla xarici siyasət daha da yaxşılaşar, ölkə daxilində müəyyən sakitlik yarana bilər. Amma təəssüflər olsun ki, hökumət daxilində anlama siyasəti zəifdir. İntiqam müəllimin mesajını anlayan və onu həyata keçirəcək insanlar lazımdır. Məmurlar içərisində müxtəlif qruplaşmalar var. Onların hər birinin müəyyən fikirləri var. Bu qruplaşmalar içərisində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını istəməyənlər var. Açığı, böyük əfv də gözləmirəm. İntiqam müəllimin bu mesajı qəbul olunmalı, analiz edilməlidir. Mesaj ölkə üçün yaxşı bir təklif kimi həyaya keçirilməlidir”.(musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi