Rusiya-Ukrayna müharibəsində Moskvaya qarşı diplomatik savaşın rəhbərlərindən biri də türk qızı Cəfərova Əminə Ayar qızıdır. Krımda doğulan və hazırda Ukrayna Xarici işlər nazirinin birinci müavini olan Əminə Cəfərovaya Rusiyada cinayət işi də açılıb, onun həbsi istənilir.
Azia.az "teleqraf.com"-a istinadən diplomatik istiqamətdə anti-Rusiya savaşının önəmli simalarından olan türk qızının dosyesini təqdim edir:
Əminə Cəfərova 5 may 1983-cü ildə doğulub. Cəfərova Kerç şəhərindəki 1 saylı orta məktəbi bitirib. Beynəlxalq siyasət və ingilis dili üzrə tərcüməçi dərəcəsinə malikdir. Ali Rada Katibliyində, eləcə də ABŞ və Hollandiyada təcrübə alan Əminə Cəfərova evlidir, həyat yoldaşı Lenur Nemətullaev, övladları İman Aləm-Sultandır.
Kiyev Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi olan Əminə baş nazirin humanitar məsələlər üzrə birinci müavininin xidmətində köməkçi olub. O, eyni zamanda könüllülük əsasında milli azlıqların problemləri ilə məşğul olub.
2008-ci ilin yazında Cəfərova Xarici İşlər Nazirliyində işə düzəlib, ilyarım sonra nazirliyin Mədəni və Humanitar Əməkdaşlıq Departamentinin sosial və humanitar məsələlər şöbəsinin üçüncü katibi olub.
İşindən ayrıldıqdan sonra jurnalistika ilə məşğul olan Cəfərova Krım tatarlarının ATR telekanalında aparıcısı və proqramların müəllifi kimi çalışıb. Avromaydan zamanı o, "Azadlıq" radiosunda işləyib, "Krım, Reallıqlar" əlavəsinin baş redaktorunun müavini olub.
2015-ci ilin oktyabrında Əminə Krımla bağlı informasiya siyasəti üzrə İnformasiya Siyasəti nazirinin müşaviri olub. Altı ay sonra - nazirin birinci müavini təyin edilib və 2019-cu ilin sentyabr ayına qədər bu vəzifədə çalışıb.
2019-cu ilin yayında Cəfərova deputatlığa namizədliyini irəli sürüb, amma deputat seçilə bilməyib. O, "Ukrayna Strategiya" Partiyasının deputatlığa namizədləri siyahısında dördüncü fiqur olub.
2020-ci ilin may ayında Əminə Cəfərova yenidən Ukrayna hökumətində işə qayıdıb. Bu dəfə ona Xarici işlər nazirinin birinci müavini postu təklif edilib.
Hazırda Əminə Cəfərova Ukrayna Xarici işlər nazirinin müavini vəzifəsini tutmaqla paralel olaraq YUNESKO üzrə Ukrayna Milli Komissiyasına rəhbərlik edir.
2021-ci ilin 24 avqustinda- Ukraynanın Müstəqillik Günündə Əminə Cəfərovaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Hazırda Rusiyaya qarşı Ukrayna diplomatiyasının önəmli simalarından olan tatar qızı eyni zamanda Krımın işğaldan azad edilməsi üçün beynəlxalq koordinasiya mexanizmini- "Krım Platformasını" təşviq edir.
"Antikor" saytının məlumatına görə, 2017-ci ildə Rusiyanın "Dojd" telekanalı Krım tatar xalqı Məclisinin sədr müavinləri İlmi Umerov və Axtem Çiygözün azadlığa buraxılması ilə bağlı Cəfərovadan şərh alıb. Əvəzində xanım Cəfərova nümayişkarənə şəkildə rus dilində danışmaqdan imtina edərək efirdə ukraynaca danışmağa başlayıb.
"Üzr istəyirəm, amma mən Ukrayna dövlətini təmsil edirəm, ona görə də ukraynaca danışmalıyam. Bu mənim şüurlu seçimimdir. Xahiş edirəm, məni bağışlayın və dilimi anlayın", - deyə Cəfərova "Dojd"un izləyicilərində şok yaradıb.
Həmin "Antikor" saytı qeyd edib ki, "Cəfərova gəlir bəyannaməsinə qiyməti 102 qrivna olan "Omega Seamaster Professional 300m/1000ft" saatını daxil edib. Bu saatı ona Küveytdə dünya xəbər agentliklərinin toplantısında olarkən Küveytin İnformasiya və Gənclər naziri Salman Sabah Əl Salem Əl-Xomud Əl-Sabah hədiyyə edib.
Gəlir deklarasiyasına görə, Xarici işlər nazirinin birinci müavini olan tatar qızınının oktyabrda 164 150 qrivna qazanıb. 2021-ci ilin martında onun özü əvvəlki il üçün gəlirlərinin elektron bəyannaməsini dərc edib. Onun Kiyevdə iki mənzili var- - 123,1 və 30,5 kvadratdır. Mənzillərin heç biri Cəfərovaya məxsus deyil. Onun eyni zamanda 2006-cı il buraxılışı olan Audi A4 avtomobili var.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) qiyabi olaraq Ukrayna xarici işlər nazirinin müavini Əminə Cəfərovanın həbsi üçün məhkəmədə iddia qaldırıb. Federal Xidmət Ukrayna rəsmisinin qiyabi həbsi üçün Moskvanın Lefortovo Məhkəməsinə vəsatət göndərib. O cümlədən, müstəntiqlər Cəfərovanı "Rusiyanın ərazi bütövlüyünü pozmaq" iddiası ilə qiyabi həbs olunmasını xahiş ediblər. Başqa sözlə, FSB-nin "ovlamaq" istədiyi şəxslər siyahısında xanım Cəfərovanın da adı var.
Milli.Az