İran Bakının planlarını pozmaq istəyir - Tehrandan növbəti XƏYANƏT?
"Paşinyanla Rəisi arasında telefon danışığının dərhal ardınca məlum oldu ki, İranın Qafanda konsulluğu fəaliyyətə başladı. Bunu Ermənistan-İran qardaşlığının növbəti təzahürü də adlandırmaq olar".
Bunu açıqlamasında iqtisadi, siyasi analitik Turab Rzayev deyib.
O bildirib ki, İran Zəngəzur məsələsində Rusiyanı da qarşısına almaqdan çəkinmir:
"Burada əsas məsələ İranın Ermənistana verdiyi güclü dəstəkdir ki, biz bunun yenə də şahidi oluruq. Məhz Azərbaycanla-Ermənistanın qarş-qarşıya gəldiyi belə bir qarışıq dövrdə, xüsusilə Zəngəzur dəhlizi və Qarabağ məsələsi ətrafında münasibətlərin kəskinləşdiyi bir dövrdə İranın gəlib həm Azərbaycanın Zəngəzur dəhlizindən yol istəmə əleyhinə açıqlamalar verməsi, həm Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı atdığı bütün diplomatik və siyasi cəhdlərə mane olmağa çalışması, Azərbaycanın Qarabağı işğaldan azad etməsinə qarşı atdığı addımlar və ən son Ermənistanın ərazi bütövlüyünü özünün qırmızı xətti elan etməsi və ya Ermənistan-İran sərhəddi ilə (Zəngəzur dəhlizi vasitəsilə) Azərbaycanın Naxçıvanla quru əlaqəsi yaratması istəyinə qarşı açıq etiraz etməsi İranın heç də Azərbaycana xoş olmayan münasibətinin göstəricisi idi. İndi isə İran gəlib eyni bölgədə (Zəngəzur - Qafanda) konsulluq açması faktiki olaraq bölgəni nəzarətdə saxlamaq və heç bir halda burada Azərbaycanın lehinə əlavə hadisələrin inkişafına imkan verməmək istəyindən xəbər verir.
Hətta belə görünür ki, Zəngəzur dəhlizi açılarsa, o dəhlizə Rusiya FSB-si nəzarət edəcək. Hətta Rusiya ilə İran dərin strateji müttəfiq olmasına, Qərbə qarşı bir cəbhədə çıxış etməsinə baxmayaraq, Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olması belə İranı du dəhlizə qarşı bu cür provokativ addımlar atmaqdan, Azərbaycana qarşı fərqli hücumlar təşkil etməkdən çəkindirmir. Heç bir halda Azərbaycanın Naxçıvanla və Naxçıvan üzərindən Azərbaycanın əsas hissəsinin Türkiyə ilə əlaqə qurmasına İran imkan verməməyə çalışır.
Üstəlik, biz görürük ki, Zəngəzur dəhlizinin açılmasının bəzən Rusiyanın marağında olduğu hallarda belə İran ona şiddətli müqavimət göstərir. Düşünürəm ki, bunu nə Azərbaycan xalqı, nə də tarix İrana bağışlayacaq. Çünki belə kritik dönəmlərdə İran həmişə Azərbaycan xalqına arxadan zərbə endirib və nəticədə Azərbaycan xalqı həmişə belə kritik dönəmlərdə İranın xəyanəti ilə üzbəüz qalıb".
Təhməz Əsədov