Dünyanı qarışdıran 82 yaşlı Nensi Pelosinin siyasi oyunları
Dünya ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən danışır.
“Report” xəbər verir ki, regionda səfəröncəsi artan hərbi fəaliyyət, eləcə də hədələr dünyanı narahat edərkən, gözlər Asiyaya və Pelosiyə çevrilib. Dünya ABŞ və Çin arasında gərginliyə köklənib. Gərginliyi alovlandıran hadisə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri olub. Konqresin Nümayəndələr Palatasının sədri artıq Tayvan rəhbərliyi ilə görüşlərə başlayıb.
"Müharibə olacaqmı?" sualları hər kəsi düşündürərkən, Pelosi dünyanın ən çox danışılan siyastətçisi oldu.
Xatırladaq ki, birdən-birə dünya gündəminin bir nömrəli adına çevrilən Pelosi daha əvvəl də hadisələrlə gündəmə gəlib. Pelosi ABŞ-da tez-tez müxtəlif qalmaqallarla gündəmə gələn siyasi fiqurdur. Xüsusiən ABŞ Prezidenti Cozef Bayden və sabiq dövlət başçısı Donald Trampla bağlı baş verənlər son zamanlar sosial mediada ən uzun müzakirə mövzularından birinə çevrilib.
Hələ Tramp ABŞ Prezidenti olduğu müddətdə onunla Pelosi arasında müxtəlif gərginliklər yaşanıb. Xüsusən, iki şəxs tez-tez "Meksika ilə sərhəd divarı" müzakirələrində qarşı qarşıya gəlirdi. İki siyasətçi arasındakı gərginliyin sosial mediaya da daşındığı və çox danışıldığı qalmaqal Trampın çıxışından sonra baş verib.
Tramp “qisas siyasətindən əl çəkməyə” çağıran çıxışını bitirdikdən sonra Pelosinin ayağa qalxaraq ABŞ Prezidentini alqışladığı, lakin bunu edərkən istehzalı mimikada olması diqqətdən yayınmayıb. Bu davranış kinayə kimi şərh edilib və ABŞ-da uzun müddət müzakirə edilib. Çoxları “necə alqışladı?” sualını verərək, Pelosinin davranışının təhqiramiz olduğu iddia edirdi.
Pelosi ABŞ-da Donald Tramp tərəfdarlarının Konqresin binasına hücumu zamanında da gündəm olub. Konqresdə keçirilən reyd zamanı Pelosinin otağının qapısı sındırılıb və onun noutbukunun oğurlandığı iddia edilib.
Pelosinin son vaxtlar ABŞ Prezidenti Cozef Baydenin çıxışı zamanı etdiyi onun arxasında dayanaraq sərgilədiyi hərəkətlərlə də sosial mediada gündəm olub.
Sözügedən çıxış Baydenin Rusiyanın Ukraynaya hücumlarından sonra ilk nitqi idi. Baydenin çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putinə qarşı sərt ifadələri ilə bir vaxtda Pelosinin rəftarları da diqqət çəkib. Pelosi Bayden Amerika əsgərlərinin döyüş meydanında üzləşdiyi təhlükəli vəziyyətlərdən danışarkən qəribə jestlər edib.
Pelosinin barmaqlarını sıxması, ovuşdurması, yumruqları, ayağa qalxaraq əl çalması nəzərləri cəlb edib. Hadisədən sonra edilən şərhlərdə Pelosinin Baydeni dinləmədiyi və yalnız alqışladığı qeyd olunub. Hadisə "bu nə reaksiyadır?" suallarına yol açıb.
Bütün bunlarla yanaşı, Nensi Pelosi terrorçuluğa qarşı mübarizə apardığını dəfələrlə bəyan edən ABŞ-ın həm hazırkı, həm də əvvəlki hökuməti zamanı Ermənistana, xüsusən erməni terrorçularına açıq dəstəyi ilə seçilib. Pelosinin açıq ermənipərəst mövqeyi təkcə Azərbaycanda deyil, ABŞ-da da narazılıqla qarşılanıb.
Yeri gəlmişkən, mayın sonlarında Nensi Pelosinin əri Paul Pelosi spirtli içkinin təsiri altında avtomobil idarə etməsi iddiası ilə saxlanılıb. 82 yaşlı Paul Pelosi nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edib, onun qanında spirtin miqdarı normadan artıq olduğu üçün həbsxanaya göndərilib.
Mayın 30-da yerli vaxtla saat 23:44 radələrində saxlanılan P. Pelosinin bazar günü səhər saat 07:26-da sərbəst buraxıldığı bildirilib. Pelosinin iki ittiham üzrə girovu 5 000 dollar olaraq təyin edilib.
Nensi Pelosi spiker kimi iştirak etdiyi mərasimdə ərinin həbsi ilə bağlı danışmaqdan imtina edib. Pelosinin Dryu Hammill "spiker bu xüsusi məsələni şərh etməyəcək", - deyib.