F1 pilotları Bakıda: Hamı bu trasda yarışmağı səbirsizliklə gözləyirdi
Xəbər verilir ki, bu sözləri “McLaren” komandasının pilotu Oskar Piastri Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi öncəsi təşkil olunmuş mətbuat konfransında deyib.
O, Qran-Prinin keçiriləcəyi trası da dəyərləndirib: “Bu, inam tələb edən, çətin trasdır. Şəhər trası üçün burada fərqli xüsusiyyətlər var. Çoxlu döngələr mövcuddur. Düşünürəm ki, hamı bu trasda yarışmağı səbirsizliklə gözləyirdi. Ümumiyyətlə, hər bir sürücü bu trasa həyəcanla yanaşır. Burada yarışmaq həqiqətən maraqlıdır. Əsas məsələ bu idi. Bununla belə, yaxşı irəliləyiş əldə edirik. Bəzi yenilikləri sınaqdan keçiririk. Onların bəziləri işə yarayır, bəziləri isə yox. Hər halda, olduğumuz yerdə dayanmaq fikrimiz yoxdur”.
“Mercedes” komandasının pilotu Corc Rassel isə qeyd edib ki, Bakı trası onların maşınına Madrid trasından bir qədər daha çox uyğun gəlir.
“Ona görə də burada daha yaxşı nəticə gözləyirəm. Madriddə çox yaxşı yarış tempimiz və güclü performansımız var idi. Təəssüf ki, texniki problem yaşadıq. Bu, məyusedici oldu, çünki podiuma yüksələ bilərdik. Bu il bolidin və təkərlərin fərqli olması ilə bağlı müəyyən çətinliklər yaşadıq. Komanda olaraq nələrin işlədiyini müəyyənləşdirmək bizim üçün vacib idi. Düşünürəm ki, yaxşı irəliləyiş əldə etmişik və burada qələbə uğrunda mübarizə apara biləcəyimizə inanıram. Bu, zövq aldığım və kifayət qədər çətin trasdır. Yüksəksürətli döngələr maşınımıza çox uyğundur. Hava şəraitinin də müəyyən təsiri olacaq. Amma buranı sevirəm və ümumilikdə yaxşı trasdır”.