azia.az
azia.az

Pekin seçim qarşısındadır: Bunu etsə, dünya müharibəsi qaçınılmaz olacaq!

16-03-2022, 08:07

Pekin seçim qarşısındadır: Bunu etsə, dünya müharibəsi qaçınılmaz olacaq!
ABŞ-nin "Financial Times” qəzeti rəsmi mənbələrə istinadən Rusiyanın Çindən hərbi texnika və digər yardımlar istəməsi ilə bağlı xəbərlər yayılıb. Çinin Xarici İşlər Nazirliyi Moskvanın Pekindən hərbi və iqtisadi yardım istəmədiyini, bu iddiaların dezinformasiya olduğunu bildirib. Rəsmi Pekin iddiaları təkzib etsə də bir sual hələ də aktual olaraq qalır.

Çin Rusiyanın ehtimal yardım tələblərinə necə cavab verəcək?

Mövzu ilə bağlı Sfera.az-ın suallarını cavablandıran "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, rəsmi Moskva Ukraynada apardığı müharibədə hansısa dövlətin dəstəyinə ehtiyac duymadığını açıqlayıb, ancaq təkzib xəbərləri şübhə doğurur.
"Məsələ ondadır ki, belə bir seçim rəsmi Pekin üçün çətindir. Rusiya Çinin siyasi tərəfdaşı, ABŞ isə əsas iqtisadi tərəfdaşıdır. Vaşinqton Pekinlə münasibətləri 1972-ci ildə ABŞ prezidenti Niksonun Çinə səfəri ilə normallaşdırmışdı. Həmin tarixdən başlayaraq iki ölkə arasında iqtisadi və ticarət münasibətləri quruldu. Bu iki dövlət arasında ticarət dövriyyəsinin həcmi ötən il 755 milyard dollar təşkil edib. Bu məbləğin 576 milyardını Çinin ABŞ-yə ixracı təşkil edir. Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 146 milyard dollar olub. Bunun 67 milyard dollarını Çinin Rusiyaya ixracı təşkil edib. Bu rəqəmlər onu göstərir ki, Çin üçün ABŞ bazarı daha vacibdir. Bundan başqa Çin ABŞ-nin səhm bazarında da fəal mövqedədir.

Vaşinqton Pekini Rusiyanı dəstəkləməkdən xəbərdar edib. İtaliyanın paytaxtı Romada ABŞ və Çin rəsmiləri arasında qapalı şəraitdə görüş keçirilib. Görüşdə Vaşinqtonu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan, Çini isə bu ölkənin Kommunist Partiyasının xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Yan Tseci təmsil edib. Görüşün necə nəticələndiyi barədə məlumat yoxdur. Aydındır ki, bu görüşdə Vaşinqton xəbərdarlığını Pekinə bir daha xatırladıb”.
Politoloq qeyd edib ki, Vaşinqton Pekinin Moskva ilə tərəfdaşlıq amilini nəzərə alsa da, Çinin Rusiyaya hərbi dəstəyinin qarşısını almağa çalışır. "Vaşinqton Pekini sanksiyalarla hədələyib. Çinin dövlət şirkətləri sanksiya qorxusundan Rusiyaya bir sıra məhsulları ixrac etməkdən imtina ediblər. Pekin anlayır ki, Rusiyaya hərbi texnika göndərsə, bunun Çin iqtisadiyyatı üçün ağır nəticələri olacaq. Pekin Ukrayna müharibəsinə görə Vaşinqtonun siyasətini tənqid etsə də, Rusiyanın Ukraynanı işğalı məsələsində məsafə saxlayır.
Pekin seçim qarşısındadır: Bunu etsə, dünya müharibəsi qaçınılmaz olacaq!
Amerika ilə danışıqlar Pekinin maraqlarına cavab verir. Çünki Ukrayna müharibəsi fonunda Çinin siyasətinə maraq artıb.

Pekinin Vaşinqtona qarşılıqlı şərti ola bilər ki, "Rusiyaya dəstək verməmizi istəmirsinizsə, bizə qarşı tətbiq etdiyiniz müxtəlif sanksiyalardan və təzyiq siyasətindən imtina edin!” Vaşinqton Çinə qarşı sanksiyaları yumşalda bilər. Ancaq bu halda Vaşinqton Pekindən tələb edəcək ki, qonşu dövlətləri hədələməkdən, Tayvan adasını hərbi yolla ələ keçirmək siyasətindən imtina etsin”.

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi