“Rusiya prosesə yalnız mane olur” – Mariya Zaxaravonın açıqlamasına reaksiya
"Kremlin məsləhətləri əksinə, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin dondurulmasına gətirib çıxaracaq”.
Bu sözləri Sfera.az-a açıqlamasında Rusiya XİN sözçüsü Mariya Zaxarovanın ölkəsinin Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası üzrə danışıqların başlanması üçün lazımi məsləhət yardımı göstərməyə hazır olduğu barədə dediyi fikirlərə münasibət bildirərkən, politoloq Məhəmməd Əsədullazadə deyib:
"Azərbaycan sərhədlərin delimitasiyası və demarkasiyası prosesində maraqlıdır. Hətta bununla bağlı Bakı Ermənistanı kənar qüvvələr olmadan ikitərəfli şəkildə müzakirəyə də səsləyib. Amma görürük ki, İrəvan bu məsələdən də yayınır, Rusiya və üçüncü ölkələri prosesə qoşmağa çalışır. Bu isə delimitasiya və demarkasiya prosesinin dayanmasına gətirib çıxaracaq. Rusiya yenə də əvvəlki qaydada belə açıqlamalar verməkdə davam edir”.
Həmsöhbətimiz qeyd edib ki, Rusiya dediklərinin əksinə olaraq, İrəvanla Bakı arasında sərhədlərin delimitasiyası və demarkasiyasını sabotaj etməyə çalışır: "Çünki bu məsələnin öz həllini tam olaraq tapmasında maraqlı deyil. Ona görə də Kreml bu istiqamətdə Ermənistana dəstək verərək, prosesin həllinə və yekun sülh üçün tərəflərin razılığa gəlməsinə imkan vermir”.
Politoloq düşünür ki, Moskva 44 günlük müharibədən fərqli olaraq indi Cənubi Qafqazda pozuculuq siyasəti yürüdür: "Ona görə də Rusiyanın indiki mərhələdə vasitəçiliyi yalnız və yalnız prosesin uzadılmasına xidmət edir. Bu ölkənin hər hansı bir tövsiyyəsi, məsləhətləri də yürütdüyü siyasət kimi ikili standart xarakteri daşıyacaq, elə edəcəklər ki, problem tam olaraq həll olunmasın”.