Sergey Lavrov Azərbaycan-Ermənistan sərhəd problemləri haqda: “Bir dəfə də olsun atəş açılmayıb...”
Rusiya Azərbaycan və Ermənistana sərhədlərin demarkasiyası və delimitasiyası məsələlərində öz köməyini təklif edib. Bu haqda xarici işlər naziri Sergey Lavrov bildirir.
Lavrov bu gün keçirdiyi mətbuat konfransında deyib: “Moskva sərhədlərin demarkasiyası işlərində Yerevana və Bakıya kömək etməyə hazırdır. Bir dəfə də olsun, atəş açılmayıb, orada heç bir toqquşma baş verməyib. Tərəflər oturub sakit şəkildə bu vəziyyətin necə həll ediləcəyi barədə razılığa gəlməyə başlayıblar. Biz yardım göstərmişik, razılaşma əldə olunub. Bu qədər sakit şəkildə həll edilən bir məsələdə emosiyaları qızışdırmaq üçün bir səbəb görmürəm”.
Sergey Lavrovun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi məsələsi ilə heç vaxt heç kim məşğul olmayıb. “Və biz tərəflərə təklif etmişik ki, onlar bu işə başlasınlar, biz bu işdə onlara kömək etməyə, həm kartoqrafik materiallar, həm məsləhət xidmətləri təqdim etməyə hazırıq”,-nazir bildirib.
Xatırladaq ki, Laçın rayonu istiqamətində Azərbaycanın öz dövlət sərhədlərində sərhədçilərini yerləşdirməsi Yerevanda “Ermənistan ərazisinə müdaxilə” kimi qiymətləndirilib. Ermənistan rəhbərliyi kömək üçün KTMT-yə müraciət edib, eyni zamanda Rusiyadan hərbi yardım istəyib.