azia.az
azia.az

Vahid Əhmədov: “Müstəqilliyin lehinə səs verən şəxslərin hamısı bu medala layiqdir”

6-07-2019, 08:54


Vahid Əhmədov: “Müstəqilliyin lehinə səs verən şəxslərin hamısı bu medala layiqdir”
Prezident İlham Əliyevin sərəncamı ilə Milli Məclisin deputatları “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)” yubiley medalı ilə təltif olunublar. Dövlət başçısının bu qərarının ardından 1991-ci ildə SSRİ-nin saxlanılması ilə bağlı referendumun əleyhinə olan 43 nəfər istiqlalçı millət vəkilinə də bu medalın verilməsinə dair müzakirələr başlayıb.

Bu millət vəkillərindən olan deputat Vahid Əhmədov ümumilikdə müstəqilliyimizin lehinə olan bütün şəxslərə Cümhuriyyət medalının verilməsinin vacibliyindən söz açdı: “Müstəqilliyin lehinə səs verən səhv etmirəmsə, 254 nəfər var idi. Düşünürəm ki, onların hər birinə bu medal verilməlidir. 43 nəfər olan istiqlalçı millət vəkillərinin də hər birinə bu medalın verilməsi çox yaxşı olardı. Bu onların haqqıdır. Əgər SSRİ qalsaydı, onların bəlkə də nəsilləri silinmişdi. Faktiki olaraq burada balans var. Aldığım məlumata görə, deputatların hamısına bu medal verilib. Amma müstəqilliyin lehinə səs verən şəxslərin hamısı bu medala layiqdir. Gələcəkdə bu baş tuta bilər. Burada heç bir problem yoxdur. Ümumiyyətlə, müstəqilliklə bağlı olan və həyatlarını riskə qoymaları nəzərə alınmalıdır. Onların problemləri diqqətdə saxlanılmalı, problemləri olan kimi həll edilməlidir. Cənab prezident tərəfindən çox böyük sosial layihələr həyata keçirilir. Bundan çıxış edərək, bu məsələ də nəzərə alınmalıdır. Məhəmməd Əmin Rəsulzadənin adını çəkməyə qorxanlar var. Hətta oradakı deputatın biri Rəsulzadənin əleyhinə çıxış etmişdi. Bununla bağlı ona iradımızı bildirmişik.

Sonradan dediklərindən peşman da oldu. Bu bir tarixdir. Tarix öz yerini tutur. Rəsulzadə dövlət qurucularından, əsas fiqurlarından biridir. Onu necə unutmaq olar? Elə şey olsaydı, cənab prezident onun yüz illiyi ilə bağlı fərman imzalamazdı. Sovet ruhu müəyyən qədər hələ də qalıb. Elə bilirlər ki, hələ də sovet dövrüdür. Azərbaycan 28 ildir müstəqildir. Ortalıqda dövlət başçısının siyasi iradəsi var. Azərbaycan tarixində müəyyən qədər bu məsələlər də aydınlaşdırılmalıdır. Müstəqillik günü ilə bağlı bu qərarın lehinə səs verənlərin Cümhuriyyət medalı ilə təltif olunmaları haqqıdır. Bu insanların haqlarını tələb etmək hüquqları var. Mən şəxsən millət vəkili olaraq tərəfdarıyam ki, bu insanlar da medal alsınlar”.

Fazil Mustafa: “Onlara da verilməsi mümkündür”
Vahid Əhmədov: “Müstəqilliyin lehinə səs verən şəxslərin hamısı bu medala layiqdir”

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da bu düşüncədədir: “Bu bizim dəyərləndirməmiz deyil. Əsas olan ölkə prezidentinin dəyərləndirməsidir. Kimin haqq edib-etmədiyini söyləməyimiz doğru deyil. Ölkə başçısı məsləhət bilib ki, parlamentdəki deputatlara fərq qoyulmadan bu medal verilsin. Fərqləndirməyə qalsa, hərənin bir problemi çıxacaq. Hərənin bir neqativ tərəfini tapıb demək olar ki, bu verilməsin. Amma bu doğru olmaz axı. Prinsip olaraq qəbul olunub ki, bu hamıya verilsin. Prezidentin bu addımını təqdir edib, təşəkkürümüzü bildiririk. İstiqlalçı millət vəkillərinə gəlincə, düşünürəm ki, onlara da verilməlidir. Parlament fəaliyyətində yəqin ki, bunlar nəzərə alınacaq. Medalın onlara da verilməsi mümkündür. Bunları fikir olaraq söyləyə bilərik”.

Cavanşir ABBASLI,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi