Alimlərdən qorxuducu kəşf: 100 min yeni virus tapıldı, 9-u...
Elm adamları 100 min yeni virus kəşf edib.
Sfera.az bildirir ki, Kanadada "British Columbia” universitetinin alimlərinin super kompüterdən istifadə edərək apardıqları araşdırmalar yeni virusların kəşfi ilə nəticələnib. Beləliklə, elmə məlum olan RNT viruslarının sayı 10 dəfə artıb. Müəyyən edilən viruslar arasında 9 yeni koronavirus növü də var.
Siyahıda qaraciyər çatışmazlığına səbəb olan hepatit D virusuna oxşar 300-dən çox virusun olduğu bildirilib. Alimlərin fikrincə, bu cür geniş kəşflər insanlara, eləcə də mal-qara və nəsli kəsilməkdə olan növlərə təsir edən virusların daha sürətli müəyyənləşdirilməsinə səbəb ola bilər.
Nüfuzlu elmi jurnal "Nature”da dərc olunan tədqiqatın aparıcı müəllifi professor Artem Babaian super kompüterlərlə edilən araşdırmanın əhəmiyyətindən söz açıb:
"Məsələn, əgər kimsə ABŞ-da naməlum mənşəli virus infeksiyası ilə xəstəxanaya yerləşdirilirsə, siz təxminən iki dəqiqə ərzində verilənlər bazasında axtarış edə bilərsiniz. Nəhayət bu virusu, məsələn, 2012-ci ildə Afrikada aşkar edilmiş nümunə ilə əlaqələndirmə imkanlarınız olar”.