Bolt şirkətinin təhlükəsizliyə dair mövqeyi - Təhlükəsizlik üzrə Menecer ilə Müsahibə
Aprel ayında gündəmdə olan əsas mövzulardan biri yol-nəqliyyat hadisələri və bu kontekstdə sərnişin təhlükəsizliyi məsələlərinin müzakirəsidir. Bugünkü müsahibədə Bolt şirkətinin Etimad və Təhlükəsizlik üzrə Meneceri İsa Rəhimli şirkətin təhlükəsizlik strategiyası və tətbiqdə mövcud funksiyalarla bağlı sualları cavablandırır.
– Təhlükəsizlik baxımından Bolt hansı tədbirləri həyata keçirir?
İlk olaraq qeyd edim ki, Bolt Azərbaycanda bir neçə istiqamətdə fəaliyyət göstərir: taksi sifarişi, qida və içki çatdırılması, korporativ taksi xidməti və kuryer çatdırılması. Mobil tətbiqimiz istifadəçilərə rahat, sürətli və təhlükəsiz nəqliyyat xidmətləri təqdim edir.
Taksi xidməti sahəsində Bolt sifariş operatoru — sərnişinləri fərdi sürücülər və ya avtoparklarla əlaqələndirən texnoloji platformadır. Bolt texnologiya şirkətidir və taksi şirkəti deyil; özümüzə məxsus avtomobillərimiz yoxdur. Platformamızda çalışan sürücülər ya müstəqil sahibkar, ya da bir neçə avtomobili idarə edən avtopark sahibləridir.
Həm sərnişinlərin, həm də sürücü tərəfdaşların təhlükəsizliyinin təmin edilməsi Bolt-un əsas prioritetidir.. Rəqəmlərlə desək, keçən il ərzində hər 10,000 səfərə orta hesabla cəmi 0,33% təhlükəsizliklə bağlı şikayət və hadisələr qeydə alınıb. Ötən illə müqayisədə bu göstəricidə azalma müşahidə olunur. Hal-hazırda isə bu rəqəm hər 10,000 səfərə görə 0,06%-ə düşüb. Bu nəticə Bolt-un təhlükəsizlik sahəsində daimi inkişaf və təkmilləşdirmə işlərinin bariz göstəricisidir.
– Səfərdən əvvəl təhlükəsizliyi təmin etmək üçün hansı yoxlama mexanizmləri mövcuddur?
Əvvəla, biz sürücülərin kimliyini və avtomobillərin uyğunluğunu yoxlayırıq. Sürücülər qeydiyyatdan keçərkən selfi təqdim etməlidirlər. Bu görüntü əvvəlcə süni intellekt vasitəsilə, daha sonra isə zərurət olduqda canlı operator tərəfindən yoxlanılır. Əgər uyğunluq təsdiqlənməzsə, həmin sürücü platformadan istifadə edə bilmir.
Avtomobilin markası, modeli və dövlət nömrə nişanı da yoxlanılır və sərnişinlərə səfərdən əvvəl bu məlumatların tətbiqdə göstərilənlərlə üst-üstə düşdüyünə əmin olmaq tövsiyə olunur.
Əgər uyğunsuzluq aşkarlanarsa, sərnişin “Sürücü/avtomobil məlumatlara uyğun gəlmir” səbəbi ilə səfəri ləğv edə və Müştəri Dəstəyi ilə əlaqə saxlaya bilər.
– Səfər zamanı sərnişinlərin və sürücülərin təhlükəsizliyi necə qorunur?
Bir neçə inteqrasiya olunmuş təhlükəsizlik funksiyamız var. Onlardan biri səfərin canlı izlənilməsi və yaxınlarla paylaşılmasıdır. İstifadəçilər səfər zamanı marşrutu yaxınları ilə paylaşa bilirlər — Email, SMS, WhatsApp və Telegram vasitəsilə. Bu, sərnişinlərin özlərini daha rahat və təhlükəsiz hiss etmələrini təmin edir.
Digər funksiyamız isə Təcili Yardım düyməsidir. Səfər zamanı ehtiyac yarandıqda bu düymə vasitəsilə yardım qrupunu tez və səssiz şəkildə xəbərdar etmək mümkündür. Eyni zamanda, “trip anomaly” funksiyası da mövcuddur — əgər avtomobil 10 dəqiqə ərzində hərəkət etmirsə, sistem avtomatik olaraq vəziyyəti yoxlamaq üçün müştəri ilə əlaqə saxlayır.
Bütün səfərlər GPS ilə izlənilir və marşrutlar qeydə alınır.
– Bəs səfərdən sonra hansı addımlar atılır?
Səfər bitdikdən sonra həm sürücü, həm də sərnişin bir-birini qiymətləndirə bilər. Hər bir rəy bizim Təhlükəsizlik Komandamız tərəfindən nəzərdən keçirilir və ehtiyac olduqda tədbirlər görülür. Əlavə olaraq, 24/7 müştəri dəstəyi xidmətimiz və səfər zamanı baş verə biləcək hadisələr üçün sığorta proqramımız da mövcuddur.
– Sonda sərnişinlərə təhlükəsizliyi təmin etmək üçün nə tövsiyə edərdiniz?
Əsas tövsiyəmiz budur: avtomobilin nömrə nişanını, sürücünün şəklini və adını tətbiqdə göstərilən məlumatlarla müqayisə edərək uyğunluğuna əmin olun. Səfərin marşrutunu yaxınlarınızla paylaşmaq və səfərdən sonra sürücünü qiymətləndirmək də təhlükəsizliyin vacib elementlərindəndir. Hər bir geribildirim bizim üçün dəyərlidir və gələcəkdə xidmətin keyfiyyətini daha da yaxşılaşdırmağa xidmət edir.