azia.az
azia.az

Hökumət taksi xidmətindəki xaosu önləyə bilmir

31-05-2023, 09:20

Bakıda taksi sürürlər, məlumat bazaları isə xaricdədir;  ekspertlər “taksi fəaliyyətinə məhdudiyyət qoyula bilməz, amma nəzarəti dövlət etməlidir” deyirlər

Son günlər narkotikə görə saxlanılan taksi sürücülərinin sayı artıb. Hətta spirtli içki qəbul edərək sükan arxasına əyləşənlərə də rast gəlinib. Taksi sahəsində hökm sürən özbaşınalığın aradan qaldırılması üçün vahid nəzarət sisteminin yaradılması irəli sürülüb.

Hazırda ölkə ərazisində minik avtomobilləri ilə taksi xidməti göstərən, eyni zamanda taksi xidmətlərinin təşkili, sifarişlərin idarə olunmasını həyata keçirən yerli və xarici şirkətlər mövcuddur. Əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir və bu da “Fərdi məlumatlar haqqında” Qanuna ziddir. Qanuna əsasən, ölkəmizdə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir.

Bir neçə gün əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə bildirilib ki, ölkə ərazisində sərnişindaşıma sisteminin təşkilini təkmilləşdirmək məqsədilə taksi xidməti kompleks şəkildə tədqiq olunub. Belə ki, daha səmərəli idarəetmə sistemi yaratmaqla taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi imkanları araşdırılıb. Görüş iştirakçılarına taksi fəaliyyətini tənzimləyən və taksi minik avtomobillərinə dair tələbləri müəyyən edən Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarından irəli gələn məsələlər ətraflı izah olunub. Qeyd edilib ki, sərnişindaşımanı yerinə yetirən taksi nəqliyyat vasitələri milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata və ekoloji standartlara uyğun olmalıdır. Tələblərə əsasən daşımalarda istifadə edilən taksi minik avtomobilləri müvafiq rəngdə olmalı, nəqliyyat vasitəsinin salonunda sürücü və daşınma tarifi haqqında məlumat lövhələri yerləşdirilməlidir. Taksi minik avtomobillərinin sürücüləri etik davranış qaydalarına və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi fəaliyyətinə cəlb oluna biləcək şirkət və nəqliyyat vasitəsinə qarşı tələblər izah edilərkən bildirilib ki, sərnişin daşımaları müvafiq icazəsi olan şəxslər tərəfindən yerinə yetirilə bilər. İcazə “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən, taksi minik avtomobilləri üçün “Fərqlənmə nişanı” alınmalıdır. “Fərqlənmə nişanı”nı almaq üçün onlayn qaydada “e-fn.ayna.gov.az” ünvanına, həmçinin Bakı, Yevlax və Xaçmaz KOB evlərində AYNA-nın xidmət mərkəzlərinə müraciət etmək mümkündür.

Ekspertlər hesab edir ki, dünya praktikasında taksi sürücülərinin iş saatı 8-13 saatdır. Lakin Bakıda sürücülər 20 saat taksi kimi fəaliyyət göstərirlər. Azərbaycanda taksi fəaliyyəti ilə bağlı xeyli qanun olsa da problem qanunvericiliyin köhnə olmasındadır. Bu qanunlar yalnız klassik taksi fəaliyyətini tənzimləyə bilir. Bu səbəbdən də yeni nəzarət sisteminin yaradılmasına ehtiyac var.

Ekspert ictimai nəqliyyat probleminin həll yollarından danışır -  22.02.2020, Sputnik Azərbaycan

Ərşad Hüseynov

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hazırda ən böyük problem taksi aqreqatorları (“8555",”0606","UBER", “BOLT”, “Maxim”) ilə bağlı qanunvericiliyin olmamasıdır: “Ona görə də onlar istənilən adamı taksi xidmətinə qoşa bilərlər. Hətta avtomobil xidmətinə uyğun olmayan adamlarda heç bir məsuliyyət yoxdur. Bugünkü qanunla heç kim aqreqatora nə isə deyə bilməz. Burada birinci növbədə hüquqi tənzimləmə problemi var. Qanunvericiliyimiz aqreqatorların fəaliyyətini tənzimləmir, ümumiyyətlə, aqreqator anlayışını vermir. Aqreqatorla sürücü arasında münasibətə dair bir kəlmə anlayış belə yoxdur. UBER, BOLT kimi aqreqatorlara insanlar taksi şirkətləri deyir, amma bu doğru deyil. Onlar internet üzərindən tənzimlənir və çağrı mərkəzləri sayılır, taksi sürücüsü ilə müştəri arasında əlaqə yaradırlar. Aqreqatorların hüquqları, vəzifələri, öhdəlikləri, iş şərtləri müəyyən olunmalıdır. Eyni zamanda bütün bunlara nəzarət olmalıdır. Çoxları iki məsələni fərqləndirə bilmirlər. Bəli, taksi xidmətləri çox olmalıdır. Azad bazardır, kim bacarırsa, bu işlə məşğul olmalıdır, buna heç kim məhdudiyyət qoya bilməz. Amma nəzarəti dövlət həyata keçirməlidir. Baxın, Azərbaycanda bir neçə milyon vergi ödəyicisi var. Onların hamısına vergi nəzarəti var, bunu da Vergi Xidməti həyata keçirir. Bir xidmət milyonlarla vergi ödəyicisinə nəzarət edir. Taksi fəaliyyəti də belə olmalıdır. Bu fəaliyyəti həyata keçirmək üçün də AYNA-nın tabeliyində nəzarət sistemi olmalıdır, bu da qanunvericilikdə təsbit olunmalıdır. Nəzarət sistemi elə qurulmalıdır ki, bütün aqreqatorlar ora inteqrasiya olunsun. Onların platforması ilə, kimlə işləyirlər, həmin şəxs qanunvericilikdə göstərilən qaydalara uyğundurmu, avtomobili uyğundurmu? Həmin taksi sürücüsü neçə saat işləyə bilir, hansı şərtlər əsasında işləyə bilir. Bütün bunlara nəzarət olmalıdır. Gün ərzində 8 saatdan artıq işləyənləri, tibbi müayinədən keçməyib, sağlamlıq arayışı olmayanları, avtomobili tələbələrə cavab verməyən sürücüləri avtomobil xidmətinə qoşmamalıdırlar”.  

Elməddin Muradlı: "Bakının nəqliyyat sistemi çökür" | Baki-baku.az

Elməddin Muradlı

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı da hesab edir ki, bu sahəyə nəzarət gücləndirilməlidir: “İmkanlı fərdi sahibkarlar var ki, 10-15 "Prius" maşınlarını ölkəyə gətirib, sürücülərə verir, heç maraqlanmır ki, o sürücü narkomandır, ya məhkumluğu olub-olmayıb. Sadəcə olaraq, sürücülük vəsiqəsi varsa, gündəlik tələbələr yerinə yetirirsə bəs edir. Bu, artıq  sürücülərin istismar olunmasıdır. Dünya təcrübəsində taksi sürücülərinin iş saatı 8-13 saat götürülür, bizdə elə taksi sürücüsü var ki, dayanmadan 18-20 saat işləyir. Vəziyyət o həddə çatıb ki,  paytaxtda baş verən yol-nəqliyyat hadisələrinin 10-dan 7-si taksi sürücülərinin iştirakı ilədir".

Ekspert əlavə edib ki, taksi fəaliyyətində qaydalar saat dəqiqliyi ilə işləməlidir: "Taksi sürücüsü fərqlənmə nişanı almalıdır. VÖEN açdırmalıdır. Vergi ödəyicisi kimi qeydiyyata durmalıdır. Vaxtlı-vaxtında vergi və digər sosial ödənişlərini ödəməlidir".

Eldəniz Cəfərov: "Təkrar avtomobil bazarında qənaətcil avtomobillərə  tələbat daha çox artıb" » www.newscafe.az - Sizin xəbər kafeniz!

Eldəniz Cəfərov

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə düşünür ki, bizim bu sahədə yetərincə qanunvericiliyimiz var: “Qurum var, taksi fəaliyyətini tənzimləyən qanunverici bazamız da var. Bu problemlərin yaranma səbəbləri isə vaxtilə məsələyə ciddi yanaşılmamasıdır. Həmçinin Azərbaycanda fəaliyyət göstərən taksi operator xidmətləri Azərbaycan qanunlarına hörmət etmirlər, Nazirlər Kabinetinin taksi fəaliyyəti ilə bağlı reqlamentini saymırlar. Sərnişin olan istehlakçıların hüquqlarını müdafiə edən qanun da mövcuddur. Taksi fəaliyyətini tənzimləyən iki qurum da var, bu, AYNA və Bakı Nəqliyyat Agentliyidir. Taksi fəaliyyətinin özünə, istismar olunan avtomobillərə, taksi sürücülərinə belə reqlament mövcuddur. Sadəcə, bunları doğru-dürüst tənzimləmək lazımdır. Doğru-dürüst tənzimlənmədiyinə görə bu sahədə özbaşınalıq baş alıb gedir. Buna baxmayaraq, ötən həftədən etibarən bu istəyin də yarandığını az-çox müşahidə edirik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Azərbaycan qanunlarını pozan taksi şirkətlərinə xəbərdarlıq ünvanlayıb. Ümid edirik ki, taksi operator şirkətləri, taksi şirkətləri və fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan şəxslər qaydalara əməl edəcəklər”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi