azia.az
azia.az

Zəfərə aparan “YOL” - MÜSAHİBƏ

23-11-2024, 09:30

Elşən Zeynallı: “Dövlət başçısı haqqında sənədli film çəkmək asan deyil. Çünki rəsmiyyətlə poetika tərs mütənasibdir. Sənədli filmdə yaşanmış bir həyatı yenidən öz musiqinlə rəqs etdirmək, öz süzgəcindən keçirib dünyaya gətirmək çox çətin idi”.  

Bu yol bizim şərəfli yolumuzdur. Hansı ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin ölkəmizin işğal olunmuş ərazilərinin azad olunması istiqamətində atdığı addımların fəlsəfəsini göstərir. Söhbət yaxın günlərdə nümayiş olunacaq, ssenarisi təxəyyülə deyil, konkret faktlara əsaslanan “Yol” filmindən gedir. Filmi fərqləndirən ikinci məqam, Prezident İlham Əliyevin bu günə qədər heç bir yerdə görmədiyimiz üç kadrının nümayiş olunmasıdır. Filmin rejissoru Elşən Zeynallı ilə “Yol”dan danışdıq.



“Bu tarixi çəkmək asan deyildi”

- Elşən bəy, “Yol” necə ərsəyə gəldi?

- Yaradıcı insanlarda ideya daxildən gələndə onu işləmək rahat olur. Mədəniyyət Nazirliyi və ARKA tərəfindən bu filmin istehsalı mənə tapşırılanda sözün düzü, çox tərəddüd edirdim. Bu tərəddüd filmi çəkmək istəmədiyimdən deyildi. Hər bir azərbaycanlı rejissor üçün dövlət başçısı haqqında film çəkmək, tarixi şəxsiyyətdən bəhs etmək, Zəfər tarixini lentə almaq böyük qürurdur. Amma bu qürurun ucalığı altında hər bir insan məsuliyyət daşımalıdır. Tərəddüdlə filmi reallaşdırmaq arzusu bir-birinə qarışmışdı. “Yol”da Ulu Öndər Heydər Əliyevin ata və müəllim olaraq İlham Əliyevin siyasətçi, Prezident və ən nəhayət, xalqı Qarabağın azadlığı uğrunda savaşa aparacaq bir Lider kimi yetişdirməsindən bəhs edilir. Filmdə böyük həcmdə arxiv materialları toplanıb və üzərində işlənilib. Filmə ilk dəfə baxan şəxslərdən biri dedi ki, dövlət başçıları olduqca rəsmi şəxslərdir və onların həyatları ilə bağlı səmimi görüntülər çox azdır. Bu filmdə isə səmimiyyət var. Dövlət başçısı haqqında sənədli film çəkmək asan deyil. Çünki rəsmiyyətlə poetika tərs mütənasibdir. Sənədli filmdə yaşanmış bir həyatı yenidən öz musiqinlə rəqs etdirmək, öz süzgəcindən keçirib dünyaya gətirmək çox çətin idi. Şükürlər olsun ki, film daxili baxışda yüksək səviyyədə qəbul olundu. O gərginlikdən sonra filmin qəbul olunması sanki çiyinlərimizdəki yükü götürdü, rahat nəfəs aldıq.




- Film xalqın canlı şahidi olduğu tarixdən, yoldan bəhs edir. Materiallara baxdıqda, sizi bu xalqın nümayəndəsi kimi ən çox təsirləndirən süjet hansı idi?

- Məni ən çox təsirləndirən görüntülərdən biri Prezidentin atasının yanında gənc olarkən gəldiyi Şuşaya 39 il sonra bu ölkənin qalib Ali Baş Komandanı kimi qayıtmasıdır. O, həmin yerdə dayanır və deyir: “Biz buraya 39 il əvvəl atamla gəlmişdik, indi Ali Baş Komandan kimi gəlirəm”. Hər dəfə himn çalınanda, Prezident hərbi formada ordu qarşısında dayananda iri planda onun gözlərindəki ifadədə qüruru görürdüm. Biz tarix yaşadıq, bu tarixi çəkmək asan deyildi. Dövlət başçısının güllələnmiş heykəllərin qarşısındakı ifadəsi, Ali Baş Komandan kimi atasının məzarı üzərində, “Ata, vəsiyyətin yerinə yetirildi” dediyi hissə çox təsirlidir. Dövlətin məsuliyyətini daşımaq və üzərinə düşən öhdəliyi qürurla yerinə yetirmək hər liderə qismət olmur. Bu, bir tarixdir, millətin qürurudur. Filmdə elə məqamlar var idi ki, onlar dövlət arxivində idi, toxunmaq olmazdı. Orxan Fikrətoğlu və mədəniyyət naziri Adil Kərimovun rəhbərliyi altında dövlətin arxivlərindən materiallar qaldırılırdı və bizə təhvil verilirdi. Məsələn, bəzən gecə gec saatlarda ağlıma 17 yaşımda gördüyüm kadr gəlirdi. Zəng edirdim ki, onu tapın. Onu tapıb mənə gətirirdilər. Kinorejissor böyük mətbəxdə şef aşpazdır. Hamı gözünü dikib dadlı yemək gözləyir. Amma ona ləvazimatları keyfiyyətli vermək lazımdır. Filmə lazım olan bütün materiallarla bizi təmin etdilər. Mən qürurluyam ki, bu işi reallaşdırdım.




“O, həm atasını qoruyurdu, həm də...”

- Sizcə, bu yol haradan başlayır?

- Sovet İttifaqının sonudur, 20 Yanvar faciəsi yaşanıb. Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinin binasına gəlir. İlham Əliyev də onun arxasındadır. O, həm atasını qoruyurdu, həm də dövlətçilik məktəbinin ilk sinfində idi. Heydər Əliyev Moskvadakı nümayəndəliyə gələndə heç kim orada təxribat olmayacağını deyə bilməzdi. Çox təhlükəli idi. Dünyaca məşhur siyasətçi Heydər Əliyev Sovet İttifaqının paytaxtında onlara qarşı ittiham irəli sürürdü. Xalqına qarşı törədilən bütün bu bəlaların səbəbkarı kimi SSRİ rəhbərliyini günahlandırırdı. İlham Əliyevin liderlik dərsi məhz həmin andan başlayır. Bu, 2003-cü ilə qədər davam edir. Onun keçdiyi dövlətçilik məktəbi çox dəyərli idi, nəticəsini də göstərdi. Ulu Öndər bütün dünya üçün müəllim idi və İlham Əliyev kimi qalib sərkərdə yetişdirdi.




“Bu, bizim birlikdə getdiyimiz yolun nəticəsi idi”

- Təklifi qəbul etdikdən sonra filmin çəkilişinə necə hazırlaşdınız?

- Film haqqında eşidəndə bir həftə boş-boş gəzmişəm. Qışda dənizi sevməsəm də, sakitlik olduğu üçün termosumu götürüb dəniz kənarında bir qayanın üzərində oturub düşünür, fikirlərimlə təkbətək qalırdım. Bir həftə sonra məndə filmlə bağlı təəssüratlar yaranmağa başladı. Artıq işə sahiblənmişdim. Prezidentin kadrlarını hamı görüb. Amma istəyirdim ki, ona fərqli aspektdən də baxılsın, düşündürsün. Məsələn, Ulu Öndər Heydər Əliyevin işğal olunan rayonlarımızın gözəlliyini tərənnüm edən fikirlərini hamı eşidib. Biz filmdə onu fərqli təqdim etdik. Prezident Qarabağa gedir və atasının səsini eşidir. Ulu Öndərin səsinin fonunda dağıdılmış Qarabağ göstərilir. Bu o deməkdir ki, torpaqların “ölü”sünü alsaq da, biz onu dirçəldirik.



- Maraqlıdır, 17 yaşınızda olarkən gördüyünüz kadr hansı idi?

- Sovet dövründə o kadrı görmüşdüm. Bir azərbaycanlı ana soyuq zalda Azərbaycan bayrağını əllərində iynə ilə tikirdi. O kadrı mənim üçün tapdılar. Biz iynə ilə balaca daxmada tikilən Azərbaycan bayrağından əsgərin çiynində və Dövlət Bayraq Meydanında dalğalanan əzəmətli bayrağımıza keçid etdik. Bu, bizim qələbəmiz, birlikdə getdiyimiz yolun nəticəsi idi.  

Aygün ƏZİZ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi