azia.az
azia.az

Əfsanəvi Sultan bəy

10-10-2018, 01:26


Ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilmiş bəlalar, kütləvi qırğınlar, talanlar və soyqırımı siyasəti barədə yalnız ötən əsrin 80-ci illərinin sonundan və 90-cı illərin əvvəllərindən açıqlamalar verilməyə başlanmışdır. 70 illik yasaqdan sonra müstəqillik dövründə aparılan tədqiqatlar və araşdırmalar göstərir ki, tariximizin öyrənilməmiş səhifələrinin tədqiqi indi çox mühüm əhəmiyyət kəsb edir. Son illərə qədər isə bir çox faktlar, o cümlədən Bakı kommunasının fəaliyyəti səhv təlqin edilmiş, Zəngəzur qəzasının igid oğulları Sultan bəy və Xosrov bəy qardaşları barəsində heç bir tədqiqat aparılmamışdır. Zəngəzur Azərbaycanın unudulmaz qan yaddaşı kitabıdır. XX əsrin əvvəllərindən sonunadək erməni vəhşilikləri ilə ilk qarşılaşan, onlara müqavimət göstərən də Zəngəzur torpağı və zəngəzurlular olmuşlar. Ən dəhşətlisi budur ki, 70 il qadağalarla, saxta beynəlmiləlçilik təbliğatı ilə faciələri bizə unutdurmağa çalışıblar. Yaşlı nəsildən fərqli olaraq, orta nəsil Zəngəzur adlı qədim torpaqlarımızın qanlı göz yaşında boğulduğundan xəbərsizdir. Xalqımızın sirri açılmamış elə tarixi-qəhrəmanlıq səhifələri var ki, bugünkü və gələcək nəsillərimiz bunları bilməlidir. Bu mənada Qarabağ və Zəngəzurun erməni quldurlarından qorunmasında və qırğınların digər bölgələrə yayılmasının qarşısının alınmasında misilsiz qəhrəmanlıq göstərmiş Sultan bəy və Xosrov bəy kimi xalq qəhrəmanlarımız haqqında araşdırmalar aparmaq, onları üzə çıxarmaq xüsusi əhəmiyyət kəsb edir.

Zəngəzurun igid oğlu Sultan bəyin soykökü indiki Laçın rayonunun Qurdgəzi (Qurdqajı - Kürdhacı) kəndi ilə bağlıdır. Bu kəndin ilk adı Qurdgəzi olmuşdur. Sonralar Qurdqajı kimi səslənmişdir. Lakin çar Rusiyasının yeritdiyi milli ayrı-seçkilik siyasətinə uyğun olaraq məqsədli şəkildə Qurdgəzi (Qurdqajı) kəndi Kürdhacı adını almış və bolşevik hökuməti qurulduqdan sonra elə bu adla da sənədləşdirilmişdir.
XX əsrin əvvəlində azərbaycanlılara qarşı ermənilərin törətdikləri qırğınlar planlı şəkildə həyata keçirilməyə başlanmışdır. O zaman Paşa bəy oğlu Sultan bəy Zəngəzurda igidliyi, vətənpərvərliyi, səxavəti və mərdanəliyi ilə böyük hörmət sahibi idi. Ümummilli lider Heydər Əliyev Şuşa və Laçın rayonlarının sakinləri ilə görüşü zamanı bu igid insanın adını xüsusi vurğulayaraq “Sultan bəy cəsur bir qəhrəman olub” - demişdi. Bütün bunları nəzərə alaraq xalqımızın qəhrəman oğlunun Zəngəzurun, Göyçənin və Qarabağın erməni talanlarından qorunması uğrunda göstərdiyi fədakarlıqlardan ətraflı söz açmaq əhəmiyyətli olduğu qədər də şərəflidir.
Sultan bəy 1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında Qurdgəzi kəndində anadan olmuşdur. Əlipaşa bəy ona özünün ana babası Əsəd Sultanın adını qoyur. Get-gedə uşağın adındakı Əsəd unudulur, Sultan qalır. Hamı onu Sultan bəy çağırırmış. Əlipaşa bəy oğlunun ilk təhsilini obanın savadlı adamı olan molla Xudaverdi Tanrıverdiyə tapşırır. Bir neçə ildən sonra ata Sultanı Şuşa şəhərinə, qəza məktəbinə göndərir. Daha sonra Sultan təhsilini Gəncə şəhərində gimnaziyada davam etdirir. Orta təhsilini tamamlayıb Sankt-Peterburq şəhərinə gedir. Orada Hərbi Akademiyaya daxil olur. Lakin təhsilini yarımçıq qoyub Laçına qayıdır.
Ermənilərin 1905-1907-ci illərdə törətdikləri qırğınlar zamanı Sultan bəy misilsiz igidlik göstərir. Bütün Zəngəzur qəzasının müsəlman camaatını ayağa qaldırır, silah toplayır, varlı adamlara məcburi silah aldırır və yerli camaatdan döyüşçü dəstəsi yaradır. Sərhədlərin təhlükəsizliyini qorumaq məqsədilə hələ dinc vaxtlarda erməni tərəfə mühafizə məntəqələri qoydurarmış. Döyüşçüləri qarşısında həmişə deyərdi ki, döyüş vaxtı kim qarətçiliklə məşğul olsa, onu bölüyün qarşısında özüm güllələyəcəm. Odur ki, qaydaları pozanı ağır cəza gözləyərdi. Sultan bəy mükəmməl hərbi biliyə malik olduğu üçün döyüşdə “Dağlarda tufan”, “Güllə ətdən keçib, ətdə soyumalı”, “Zərbə dalınca zərbə”, “Nalşəkilli mühasirə”, “Üçbucaq”, “Qəflətən hücum” və başqa hərbi taktikalardan istifadə edərmiş. Onun bu taktikasından bütün Zəngəzurda daşnak qoşunlarının dağıdılmasında böyük ustalıqla istifadə edilmişdir.
Sultan bəy ermənilərin hərbi sirlərini öyrənmək üçün kəndlərdən zirək, qoçaq adamları seçərmiş. Deyilənə görə, onun bu tapşırığını Fərraş və Çorman kəndlərindən olan, qoçaqlıqları ilə seçilən Xanalı, Fərhad, Alı, Həsən və başqaları yerinə yetirərmişlər. Hələ ermənilər İrəvan və Naxçıvan ərazilərində qırğın törədəndə Sultan bəy özü Dərələyəzi (Yeqnadzor), İstisuyu (Çermux) və bir neçə kəndi ermənilərdən təmizləmişdi. Hətta hücuma keçərkən döyüş yoldaşları onun qabaqda getməsinə mane olsalar da, Sultan bəy yenə də qoşunun önündə gedirmiş. Bu igid insan torpağının müdafiəsi uğrunda ermənilərə qarşı mübarizə apararkən varını, dövlətini əsirgəməmişdi. Hər dəfə döyüşqabağı və döyüşdən sonra əsgərlər üçün öz təsərrüfatından xeyli qaramal və qoyun kəsdirər, qızıl pulla aldığı silahları kənd əhalisinə paylamaqdan zövq alarmış.
Sultan bəy silahdaşı Xanalını Piçənis zonası üzrə qoşun başçısı təyin etmişdi. Bu seçimi qardaşı Xosrov bəy də rəğbətlə qarşılamışdı, çünki Xanalını sərrast atıcı, qorxmaz və mərd adam kimi tanıyırdı. Xosrov bəy özü də bütün imkanlarından istifadə edərək, türk və müsəlmanlar yaşayan kəndləri daşnakların hücumlarından qorumaq üçün silah-sursatla təchiz edirdi. Bu silahlar Keçəldağ, Qaragöl, Üçtəpə, Burunkənd, Dığ, Şəlvə, Xınzirək, Qannıca, Minkənd, Quşçu, Mollaəhmədli, Güləbird, Malxələf, Fərəcan, Fərraş və digər döyüşlərdə əməlli-başlı kara gəlmişdi. Silah təminatı sayəsində Canqutaran dağının ətəyində təlim keçən 700 atlıdan ibarət Minkənd alayı Qaragöl, Üçtəpə, Burunkənd, Quşçu, Gorus istiqamətində hərəkət edib əsasən Xınzirək kəndinə doluşmuş çoxsaylı daşnak quldurlarına güclü zərbələr endirmişdi.
Sultan bəyin Zəngəzur bölgəsində yaylaq məsələlərinin həlli, tərəkəmə ellərinin buralara arxayın gəlmələrinin təmin edilməsi və erməni birləşmələrinə layiqli cavab verilməsində də xüsusi xidməti olmuşdur. O, 1917-ci ilin yazında Cicimli kəndinin inzibati ərazisində yerləşən Məlik-Əjdər türbəsi yaxınlığındakı çadırda Araz çayı ətrafındakı bölgələrdən gəlmiş nümayəndələrlə yaylaq məsələsini müzakirə etmişdi. Qatar (Qafan), Zəngilan, Cəbrayıl, Qubadlı bölgələrindən olan bəylərin iştirakı ilə keçən görüşdə deyirlər ki, əgər ermənilərin qarşısını ala bilməsək, bu il yaylaqlara elat gedə bilməyəcək, torpaqlarımız əldən gedəcəkdir. Çünki erməni daşnakları öz qüvvələrini Qaragöl həndəvərində yerləşdirmişlər. Sultan bəy təklifləri dinləyir və sonda döyüşün planını elan edir. Bildirir ki, Qaragöl döyüşü may ayının 10-da səhər saat 4-də başlanacaq.
1917-ci ilin may ayının 10-da Sultan bəyin rəhbərliyi ilə başlanan döyüşdə daşnaklar müqavimət göstərə bilməyərək qaçmağı üstün tuturlar. Qaragöl döyüşündə Sultan bəy 9 uzaqvuran, 5 yaxınvuran toplardan, 40 pulemyotdan, 3 min müxtəlif növ tüfəngdən, 120 qılıncdan, 50-dən çox gürzdən və minlərlə canlı qüvvədən istifadə etmişdi. Döyüş axşama qədər sürmüş və demək olar ki, daşnakların əsas hərbi sursatı məhv edilmişdi. Xeyli erməni əsir alınmışdı.
Qaranlıq düşənə yaxın Sultan bəy topları döyüş meydanından çıxarıb Gorusun qaşına apartdırır. Bir qədər sonra Gorus şəhəri topdan atəşə tutulur. Şəhərdə qarmaqarışıqlıq yaranır. Həmin vaxt Xınzirək kəndinə tərəf qaçanların sayı daha çox imiş. Çal Aslanın göstərişi ilə Ağaməmməd (Ağaməmmədə Zəngəzurun dişli qartalı deyərmişlər) Minkənd alayı ilə Xınzirək kəndini mühasirəyə alır. Sultan bəyin Qaragöl ətrafındakı dəstələri ertəsi gün qələbə mahnısı oxuya-oxuya Xınzirək kəndi tərəfə gəlirlər. Xınzirək kəndinin camaatı müqavimətsiz Ağaməmmədin dəstəsinə qoşularaq daşnakları kənddən qovurlar. Bununla da Zəngəzur yaylaqlarındakı təhlükə aradan qaldırılır. Sultan bəy Araz çayı ətrafındakı tərəkəmə ellərinə xəbər göndərir ki, yaylaqlara arxayın köçə bilərlər.
1917-ci ilin sonları və 1918-ci ildə Naxçıvanı talan edən Andronik Ozanyan Sisyana (Zəngəzura) və oradan da Qarabağa keçmək üçün dəstəsi ilə hərəkət edir. 1995-ci ildə Şahbuz rayonunun aşağı Qışlaq kənd sakini 90-dan çox yaşı olan Şəmi kişi ilə söhbətimdə deyirdi ki, 13-14 yaşım olardı, hər gün ermənilərin Naxçıvanda törətdikləri qətllərdən dəhşətli xəbərlər eşidirdik. Söyləyirdilər ki, Andronik buradan keçib Zəngəzura, oradan isə Qarabağa gedəcək. Ancaq danışırdılar ki, gecikməsinə səbəb Laçında Sultan bəy adlı ermənilərin qənimi olan bir igidin dəstəsindən ehtiyat etməsidir. Bir gün biçənək yolunun üzərində dağa çıxıb yaşıdlarımla odun yığırdıq. Bir də gördük ki, bir dəstə atlı qoşun yol ilə gedir. Yaşlılardan öyrəndik ki, bu Andronikin qoşunudur. Zəngəzura gedirmiş. Hətta biz onlara daş da atdıq, əhəmiyyət vermədilər. Sakit getməkdə Andronikin məqsədi Sultan bəyi duyuq salmadan Qarabağa keçməkmiş. Sisyanı aşanda Qızılboğaz deyilən yerdə Keçili dəli Təhməzin dəstəsi ilə qarşılaşır, xeyli itki verir. Silah yüklü üç at dəli Təhməzin əlinə keçir. Bildiyimizə görə, oğlu Quşdan həmin silahlarla 30-cu illərə qədər erməni daşnaklarına qarşı vuruşaraq Şahbuz dağlarında qaçaqlıq etmişdir.
Andronik Zəngəzura keçəndən sonra azərbaycanlılar yaşayan kəndlərin əhalisinə divan tutur. Bazarçay boyunca yerləşən Ərikli, Pulkənd, Şikarlı (Şükarlı), Məliklər, Saybalı, Əlili, Zabazadır, Dulus, Ağdu, Şam, Bəhluli, Dərəkənd, Qalaçıq, Urud, Şükürbəyli və digər kəndləri xaraba qoyub əhalini qırıb çatırlar. Andronikin quldur dəstəsi Sisyanın 31 kəndini dağıtmışdı. Ağdu kəndində məscidə adamları yığıb bütün çıxışları bağlayıb. Sonra da məscidin damını söküb, içəri küləş doldurub od vurublar. Bakıda, Şamaxıda, Lənkəranda olduğu kimi insanları daha çox məscidlərdə məhv edirdilər.
Andronikin quldur dəstəsi Zəngəzur qəzasının qərb hissəsini işğal etdikdən sonra şərqə doğru hərəkət edir. İndiki Laçın rayonunun sərhəd kəndləri iki dəfə 1918-ci ildə millətçi daşnakların vəhşi basqınlarına məruz qalmışdı. Sərhədə yaxın azərbaycanlıların yaşadığı Cağazur, Malıbəy, Mollaəhmədli, Zabux və b. kəndlər hələ “Qanlı dərə” döyüşünədək vəhşicəsinə talan olunmuş, evlər yandırılmışdı. Erməni kəndlərinin yaxınlığında yerləşən Cicimli və Ağalıq (Aşağı) Cicimli kəndləri 1905-ci ildən sonra ikinci dəfə - 1918-ci ildə erməni quldurları tərəfindən talan edilmişdir. Azğınlaşmış erməni dəstələri Tat kəndinin əhalisinin başına olmazın müsibətlər gətirmişlər. Daşnak ordusunun XX əsrin əvvəllərində Zəngəzurda törətdiyi vəhşiliklərdən ən dəhşətlisi Tat qırğını olmuşdur. Yerli əhalinin Sultan bəy kimi igid oğullarla birgə mübarizəsi və Bakı milyonçusu, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin gördüyü işlər, həyata keçirdiyi tədbirlər sayəsində Andronikin azğınlaşmış ordusunun qarşısına sədd çəkilmişdi.
Andronikin quldur dəstəsinin hücumundan Zəngəzurun kəndlərini xilas etmək üçün Sultan bəy Gorus-Sisyan (İşıqlı dağı) istiqamətində qeyri-bərabər döyüşə girir. Döyüşdə uğursuzluğu görərək tez taktikanı dəyişərək geri çəkilir. Hərbi qərargahı əlverişli bildiyi Hoçaz kəndində yerləşdirir. Ətraf kəndlərdən toplanan könüllülərdən ibarət dəstələrə isə Sultan bəyin ən yaxın silahdaşları olan Seyid Həmid və Cağazurlü Ağaməmmədi rəhbər təyin edir. Döyüşdə əsas rol oynayan toplar Hoçaz dağında qurulur. Mərkiz dərəsində və Malıbəy kəndi qarşısındakı döyüşdə ermənilər xeyli itki verirlər. Döyüşdə Sultan bəyin nişançıları tərəfindən erməni komandirləri məhv edilir. Yalnız Mərkiz dərəsində Ağaməmmədin dəstəsi tərəfindən 120 nəfərdən çox erməni qulduru öldürülür və xeyli silah-sursat ələ keçirilir.
Andronikin göstərişi ilə 300 nəfərlik təlim görmüş millətçi daşnaklardan ibarət qoşun dəstəsi hazırlanmışdı. Bu dəstə Minkənd-Şəlvə-Murovdağ, sonra isə gizli yol ilə Sarıbaba dağının arxasından Şuşa rayonunun Xəlfəli, Şırlan və Zarıslı tərəfə hücum edib Qarabağa keçməli idi. Ancaq daşnaklar bu planın həyata keçirilməsinə yeganə maneə ola biləcək qüvvə Sultan bəy Sultanovu hesab edirlər. Yerli daşnak tör-töküntüləri Androniki arxayın edərək başa salırlar ki, Zəngəzur dağlarında, yaylaqlarında elat tərəkəmələr ancaq yayda olurlar. Onlar quyruq donan kimi, dəvələr ağzı arana yatanda alaçıqlarını söküb köçürlər. Bu yerlər boş olur. Sultan bəyin isə böyük təsərrüfatı var. Başı qarışıb öz təsərrüfatına. Andronik məqsədinə nail olmaq üçün hərbi sursatını gətirib yığır Qaragölün ətrafına, gözləyir ki, el yaylaqdan köçsün. Fikri Qarabağa keçmək idi.
Bu plandan xəbər tutan Sultan bəy müdafiə məqsədilə bütün qüvvələri səfərbər edir və Andronikin hücumunu gözləyir. Üç gün döyüş gedir. Düşmən bir addım da olsun torpağımıza buraxılmır. Deyilənə görə, bu məğlubiyyətdən sonra Andronik Sultan bəyin yanına ağ bayraqla elçi göndərir.
Sultan bəyin döyüşə xüsusi hazırlaşdığını və səxavətini eşidən Andronik öz aləmində elə düşünür ki, bəlkə bəyi hiylə ilə aldada bildi. Ona görə də Sultan bəylə sazişə girmək fikrinə düşür. Qarabağa hərəkət marşrutunu dəyişir. Xosrov bəyin Qarabağa general-qubernator təyin edilməsini eşidən Andronik Sultan bəyin qorxusundan Qarabağa keçə bilməyəcəyini yəqin edir və hiyləyə əl atır. Din xadimlərinin toxunulmazlığından istifadə edərək keşiş Mesrofu və Sultan bəyin kirvəsi Saşanı danışığa göndərir. Keşiş Andronikin məktubunu Sultan bəyə təqdim edir.
Məktubda deyilirdi: “Sultan bəy, bizə Abdallar oylağından keçib Şuşaya, oradan da keçib Dərbənd tərəfdən gələn rusların qarşısını almağa və ermənilərin təsərrüfat işlərinə kömək etməyə getməyimizə icazə versəniz, keçməyimizin təhlükəsizliyini təmin etsəniz sizə istədiyiniz qədər qızıl verərəm. Hörmətlə: Andronik paşa”.
Sultan bəyin isə bütün məkrli planlardan xəbəri var idi. Deyilənlərə görə, qardaşı Xosrov bəy Sultanov onu Andronikin bu hiyləgər planından xəbərdar etmişdi. Onunla məsləhətləşmiş, hiyləyə hiylə ilə cavab verməyi məsləhət bilərək, Sultan bəyə daşnak qoşunlarının Qarabağa keçməsinə mane olmamasını təkid də etmişdi.
Sultan bəy keşişə deyir: “Elə cavab məktubunu da özün yaz. Yaz ki, türk hərbi adı “paşa” sizə yaraşan ad deyil. Bu ad türklərə məxsusdur. Siz isə eşitdiyimə görə, ermənisiniz. Onu da bilməlisiniz ki, bu yurdun övladları qeyrətlərini pula satmayıblar”. Sonra o üzünü dəfələrlə onu aldatmaq istəyən Saşaya tutaraq aldadıcı formada deyir ki, “biz bir-birimizi neçə illərdir tanıyırıq, kirvəlik edirik, bizim aramızda heç bir qızıl və yaxud da alver sözü ola bilməz. Sən mənim üstümə xahişə gəlmisən, üstəlik də keşişi də gətirmisən. Mən də qalmışam çətin vəziyyətdə. Andronikin çoxminli qoşununu silahla burdan buraxsam, camaat mənə nə deyər. Sizə də yox cavabı verə bilmirəm. Bir də ki, Xosrov qardaşım olsa da, hökumət adamıdır. Dəliqanlı cavanlardan ehtiyat edirəm. Bilsələr qarışıqlıq salarlar, biabır olarıq. O ki qaldı Şuşaya keçməyinizin təhlükəsizliyini təmin etməyə, bizim uşaqların da elə çox silahı yoxdur ki, təhlükəsizliyinizi təmin etsinlər. Bir təklifim var. Onda mən təyin etdiyim adamların iştirakı ilə bütün silahları, topları, pulemyotları söküb qatırlara, arabalara, atlara yükləyin, üstünü də basdırın ki, diqqəti cəlb etməsin. Dan yeri sökülməmiş, alaqaranlıqda ordu hissələrindən qabaq buralardan elə keçsinlər ki, heç kimin xəbəri olmasın. Yollarda sizin karvanın təhlükəsizliyini qorumaq üçün bizə bir qədər də silah lazımdır. 15-20 qatır yükü olsa yaxşı olar. Bizim adamlar Qaladərəsinə qədər də sizə bələdçilik edərlər. Qaldı ki qızıl məsələsinə, mənə heç nə lazım deyil. Ancaq Xosrov bəydən də böyüklər var. Elə sizin özünüzə də lazım olar, bu qədər əziyyət çəkirsiniz. Danışığımız baş tutsa, tezliklə xəbər çatdırın və işarəmi gözləyin”.
Andronik isə gizli şəkildə Şuşa erməniləri ilə danışmışdı ki, gecə vaxtı Şuşaya çatacaq, onlar qala qapısını açsınlar ki, onun qoşunu xəlvətcə şəhərə daxil ola bilsin. Onun planına görə, silah və sursat karvanı qoşundan əvvəl Həkəri çayı üzərindəki Abdallar körpüsünü keçib, kəsə - arduşluq yolu ilə gedib Abdallar poçtuna çatmamış sağa dönüb, bir kilometr aralıda olan Dəlmələrdə gizlənməli və daşnak qoşun dəstəsini gözləməli idilər ki, birlikdə gecə ikən Şuşaya daxil olsunlar.
Bu plana arxayın olan Andronik təklif olunan şərtlə razı olduğunu bildirir. Danışığın üçüncü günü Sultan bəy Andronikə xəbər göndərir ki, gecə gəlib keçsin. Xəbər çatandan sonra silah-sursat yüklənmiş 170 qatır karvanı əvvəlcədən Şuşaya yola salınır. Andronik özü isə qoşunu ilə birlikdə arxayın şəkildə Gorus-Şuşa yolu ilə səhərə yaxın Zabıx kəndindən keçib Abdallar poçtuna doğru hərəkət edir. Lakin daşnakların xəbəri yox idi ki, Sultan bəyin tədbiri ilə şose yolunun Həkəri çayı tərəfi Topatılan adlanan yerdən kiçik Tatdərəsi kəndinədək hissəsinin hər iki tərəfi silahlı pusquçular tərəfindən tutulub, Zabıxdan Qaladərəsinə qədər 15-ə qədər yerdə silahlı dəstədən ibarət pusqu postu yaradılıb, ancaq işarə gözləyirlər. Eyni zamanda, həmin gecə Sultan bəy bir neçə atlıya neft dolu tuluqlar verdirib tapşırır ki, Dığa, Xınzirəyə, Gorusa, Sisyana gedib, Andronikin qoşunu keçdiyi yollardakı erməni kəndlərinə arxadan od vursunlar.
Andronikin silah-sursat karvanı Abdallar poçtuna çatmağa az qalmış Sultan bəyin pusquçuları tərəfindən yaxalanır və tərksilah edilir. Bütün silahlar ələ keçirilir və silah-sursat karvanı Qurtqajı (Kürthacı) kəndinə istiqamətləndirilir. Gecəyarısı Andronikə xəbər çatdırılır ki, Qarabağa göndərilən silah yüklü qatır karvanı Sultan bəyin dəstəsinin əlinə keçib. Arxadan isə onun adamları kəndlərimizi yandırır. O, orduya geri çəkilmək əmrini verir. Artıq gec idi. Andronikin ordusu geri dönüb Zabıx dərəsindən Dığ tərəfə qayıtmaq istərkən Sultan bəyin dəstələri daşnakları mühasirəyə alıb dərəni qabaqdan və arxadan kəsirlər. Daşnaklar qəflətən hər tərəfdən hücuma məruz qalırlar. Yoldan kənarda mövqe tutmuş döyüşçülər iri qaya parçalarını onların üstünə töküb yolu bağlayırlar. Döyüşdə Andronikin çoxminlik qoşunu məhv edilir. Döyüş zamanı demək olar ki, Andronik bütün döyüşçülərini itirir. Çıxış yolu tapmayan Andronik keşişi öldürüb paltarını geyinir. 5-6 yaşlı bir uşağın əlindən tutub gedərkən Sultan bəylə rastlaşır. Qələbə münasibətilə bir az da məğrurlaşan Sultan bəy soruşur: “Keşiş, hardan gəlib-hara gedirsən?” Andronik uzun əbasının balağını dəstələyə-dəstələyə deyir: “Bəy, başına pırlanım, bu uşağın heç kəsi yoxdur, yaxın kəndlərdəndir, atası Zabıx döyüşündə öldürülüb, yazıqdır, azıb eləyər, aparıb onu o tərəflərə ötürmək istəyirəm”.
Sultan bəy deyir: “Keşiş, biz uşaq öldürmürük, gəl keç”. Bir azdan atlılar xəbər gətirirlər ki, Andronik keşişi öldürüb, paltarlarını geyib aradan çıxıb. Onun dalınca getmək istəklərini bildirdikdə Sultan bəy üzünü onlara tutub deyir: “Türkiyədə türklər onun qulağını kəsiblər. Burda da mənim qılıncımın altından keçib. O, bir daha Azərbaycana qayıtmayacaq. Getməyin”.
Döyüş gedən dərə bundan sonra xalq arasında “Qanlı dərə” adlandırılmışdı. Mükəmməl hərbi biliyə malik olan hər iki qardaşın hazırladıqları birgə plan əsasında daşnaklar layiqincə darmadağın edilmiş, onlara unudulmaz bir dərs verilmişdir. Beləliklə, Şuşa, onun kəndləri - Zarıslı, Xəlifəli, Şırlan, eyni zamanda, Ağa körpüsü yanında və Xankəndi ətrafında yaşayan Azərbaycan kəndlərinin əhalisi, bütövlükdə Aran Qarabağın əhalisi dəhşətli ölüm girdabından xilas edilir.
Andronikin ordusunun Zabıx dərəsində məhv edilməsi xəbəri Zəngəzurun bütün azərbaycanlılar yaşayan kəndlərində böyük ruh yüksəkliyinə səbəb olmuşdu. Bundan sonra Sultan bəyin dəstəsinə qoşulanların sayı daha da artmışdı. Sultan bəy Zəngəzura soxulmuş daşnak quldurlarını təmizləmək məqsədilə üç hərəkət istiqaməti müəyyənləşdirmişdi: Birinci, Canqurtaran dağının ətəyində ciddi təlim keçmiş özünün 700 atlıdan ibarət Minkənd alayı - Qaragöl, Üçtəpə, Burunkənd, Gorus istiqamətində hərəkət edib Xınzirək kəndində olan daşnaklara arxadan güclü zərbə vurulmalı, Haramı düzündə İrana qaçan daşnakları mühasirədə saxlayan Güləbirtli Aslan bəyin Məzməzək dəstəsinin köməyinə çatmalıydı. İkinci, Zabıx dərəsində qələbə qazanmış dəstələr Dığ, Xınzirək istiqamətində irəliləyib Haramı düzünə köməyə gələn İldırım bəyin dəstəsinə qoşulmalı idi. Üçüncü, Məlxələf istiqamətində hərəkət edib Başarat meşəsinə Haral, Xozabird tərəfdən soxulmuş Qarabağın daşnak qruplarına qarşı vuruşan kişi Tavatın (Erkək Tavat), Sultanın və Rəsulun dəstələrinə kömək edib meşələri daşnaklardan təmizləməli idi.
Daşnakların Zəngəzur qəzasının Abdallar (indi Laçın) bölgəsinə ikinci kütləvi hücumu barədə Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Sus kəndində 1912-ci ildə anadan olmuş Surxay Kazakovun 1991-ci il 26 fevral tarixli xatirələri də dəqiqlik baxımından xüsusi əhəmiyyət kəsb edir. Onun yazılı qeydlərində deyilir ki, mükəmməl hərbi təlim keçmiş daşnak partiyasının liderləri, general Qaragin Nicdenin və general Karo Hamparsumyanın işləyib hazırladıqları hərbi taktiki plan əsasında daşnakların Laçın, Qubadlı və Zəngilan rayonlarının kəndlərinə ikinci hücumu 1919-cu ilin yayında başlamışdı. Bu hücum Zabıx məğlubiyyətindən sonra ermənilərin Azərbaycan xalqına qarşı ən dəhşətli, kinli, dağıdıcı, qırmaq və talan etmək şüarı altında olmuşdu. Məkrli və dəhşətli planın hazırlanması və başlanması günü barədə Sultan bəy əvvəldən ətraflı və dəqiq məlumat əldə edir, düşməni məğlub etmək üçün tədbirlər planı hazırlayır. Bir sıra sərhədyanı kəndlərdən qocaları və uşaqları daşnakların hücumundan qorumaq məqsədilə arxa kəndlərə köçürmək barədə kəndin ağıllı adamları ilə məsləhətlər edir və əməli tədbirlər görür. Bir uzaq qohumumuz məni erməni quldurlarından qorumaq üçün atamın yaxın və sədaqətli dostu Ayıbazar kənd sakini Abuzər kişinin himayəsinə verdi. O vaxt mənim 7-8 yaşım olardı. Yaxşı yadımdadır, daşnak qoşunları 1919-cu ilin yay ayının əvvəllərində daha çox ermənilər yaşayan Qornidzor, Dığ (Tex), Ərəvis, Xanəzək, Xoznavar və Bayandur kəndləri istiqamətində Azərbaycan kəndlərinə qarşı hücuma keçdilər. Erməni daşnaklarına qarşı vuruşa yerli əhali içərisindən səfərbər olanlar gedirdilər.
Bugünkü kimi yadımdadır, Ayıbazar kəndinə xəbər yayıldı ki, Paşabəy oğlu Sultan bəy böyük və təlim görmüş qoşunla bərabər, bu gün səhər vaxtlarında Bülüldüz kəndinin aşağı tərəfindəki böyük karvan yolu ilə Zerti kəndi tərəfə gedəcəkdir. O vaxt Zerti kəndi dərənin içində bağlı-bağatlı, varlı və böyük kənd idi. Yerli və köçkün uşaqlardan ibarət 10-15 nəfər gəlib karvan yolunun kənarında dayandıq, hamımız köhnə və cındır paltarda idik. Gümrahlığımız yox idi. Bir azdan Sultan bəy özü qabaqda bir xaldar atın üstündə igid görkəmində göründü. Arxasınca rəngbərəng gümrah atlar, üstündə silahlı adamlar gəlirdi. Biz atlıları saymadıq. Ancaq yaşca bizdən böyük olanlar deyirdilər ki, üç yüzə yaxın silahlı qoşun imiş. Sultan bəyin çənəsində nazik və ağarmamış seyrək saqqalı var idi. Sultan bəy gəlib keçəndə biz ayaq üstəydik. Onun bizə baxıb əl etməyini gördük, qorxub qaçmaq istədik, o dedi ki, qorxmayın, biz gəlmişik sizi ermənilərdən xilas edək. Qoşun keçdi, at və yüklü qatır dəstəsini aparanlar bizim hər birimizə üstündə pendir, para sac xamralı çörək verdilər. Çox sevindik. Deyilənə görə, at və qatırların yükü ərzaq və pulemyot, silah, patron və başqa əşyalar imiş. Sultan bəyin dəstəsi Yığın dərəsinə keçib Zerti xırmanlarından Zerti kəndinə enib camaatla söhbət edib sonra ayrıldı. Çayı keçib Bağırlı kəndinə daxil oldular. Zerti camaatının içərisindən qoçaq oğlanlar çıxıb Sultan bəyin dəstəsinə qoşuldular. Zertili oğlanlar həm də özləri ilə yağ, qovrulmuş ət, çörək, pendir və başqa ərzaqlar da gətirmişdilər.
Yoxuşun başında Sultan bəyə xəbər verilir ki, daşnaklar Zabıx, Sümüklü, Xallanlı, Cağazur, Kosalar, Malıbəy və Sultanlar kəndlərinə daxil olub kəndləri odlayır, talan edirdilər. Mərkiz, Sus, Qızılca, Hoçaz, Avazlar, Tatdərəsi, Abdallar kəndlərinə doğru irəliləmək istəyirlər. Sultan bəy ləngimədən qüvvələri yerləşdirir. Pulemyotun birini alçalı gəzdə, digərini Mərkiz kəndində qurdurur. Qoşun yerli dəstələrlə birlikdə Avazlar kəndindən başlayaraq Topatılana qədər olan yerdə yerləşdirilir. Gorusdan Şuşaya gedən şose yol tam nəzarət altına alınır. Səhər tezdən hücuma keçən daşnak qüvvələri pulemyot atəşinə və güclü “beşatılan”, “üçatılan” atəşinə tuş gəlirlər. Bir sözlə, daşnaklar gözləmədikləri müqavimətə rast gəlib xeyli itki verərək geri çəkilməyə məcbur olurlar. Beləliklə, Necde və Karo arzularına nail ola bilmirlər.
XX əsrin əvvəllərində yalnız Zəngəzurun deyil, Şuşanın, Kəlbəcərin və Basarkeçərin azərbaycanlı əhalisinin erməni basqınlarından qorunmasında, talanların qarşısının alınmasında da Sultan bəyin və Xosrov bəyin misilsiz xidmətləri olmuşdur.
Sultan bəy Kəlbəcər və Basarkeçər ərazisində baş verənlər haqqında xoşagəlməz xəbərlər alır. 1918-ci il aprelin 5-də Şuşaya gedir, oradan Kəlbəcər və Göyçəyə doğru hərəkət edir. Kəlbəcərin Zar kəndinə çatır. Orada hərəyə bir beşatılan və 30 daraq patron paylatdırır. Ətraf kəndlərdən və eləcə də Keştəkdən bir neçə nəfər onun dəstəsinə qoşulur. Sultan bəy dəstəsi ilə Göyçəyə gedir. Sultan bəy bilirdi ki, daşnaklar əsasən Basarkeçər kəndinə yığışa bilər. Əmr verir ki, bir nəfər də olsun dinc əhaliyə güllə atılmasın, imkan verilsin ki, dinc adamlar kənddən çıxsınlar. Ermənilər kənd kilsəsinə doluşub, kilsənin üstündə ağ bayraq qaldıraraq Sultan bəyə minnətçi göndərməklə canlarını qurtarırlar.
Ermənilər elə həmin ilin may ayında gizli yolla Andronikin qoşununu Basarkeçər ərazisinə çağırırlar. May gecəsi erməni quldurları qəflətən azərbaycanlıların yaşadıqları kəndlərə hücum edirlər. Onlar kəndləri yandırır, dinc əhalini işgəncələrlə qətlə yetirirlər. Babam deyirdi ki, bir tanınmış aşığı da həmin döyüşlər gedən vaxt qaynar samovarla yandıraraq öldürmüşlər. Kəlbəcərdən şimalda yerləşən 30-dan çox azərbaycanlılar yaşayan kənd Andronikin qoşunları tərəfindən yerlə-yeksan edilir, əhali öz ərazilərindən qovulur, var-dövlətləri talan edilir.
Deyilənə görə, 1918-1919-cu ilin qışı çox sərt olub. Ermənilər yenidən hücuma keçərək azərbaycanlılara divan tuturlar. Gecə ikən şiddətli boran və tufanda üç yüzdən çox ailə ayaqyalın-başıaçıq dərin dərədə qarın altında qalaraq tələf olur. Təəssüf ki, dağda soyuqdan ölən göyçəlilərdən kimsə xəbər tutmamışdır. Son illərə qədər sümüklə dolu olan o dərə “Sümüktökülən” dərə adı ilə çağırılırdı. “Sümüktökülən dərə” həmin illərin şahidi kimi göz dağına çevrilmişdir. Andronikin qoşunları ilə döyüşlər və qırğınlar zamanı Göyçə mahalı 17 min əhalisini itirmişdir.
Kəlbəcərli Məşədi Cəmili vəziyyətin gərginliyi, göyçəlilərin öz yerlərinə qaytarılması və erməni daşnaklarından qisas alınması fikri rahat buraxmırdı. O, Sultan bəyin vasitəsi ilə Şuşa qalasında general-qubernator Xosrov bəy Sultanova kömək üçün müraciət edir. Xosrov bəy ona 14 qatır yükü patron və silah verir, özünə isə bir ədəd beşatılan bağışlayıb deyir ki, sizə hərtərəfli kömək etməyə də hazıram. Patron karvanı Kəlbəcərə gələn günü camaat onu toy-bayram kimi qarşılayır. 1919-cu ilin yazında Məşədi Cəmilin başçılığı ilə Basarkeçərə hücum başlanır. Erməni generalı Sirkov “Qumlu bulaq” deyilən ərazidə Keştəkli döyüşçülər tərəfindən öldürülür. Göyçəlilər kəndlərinə qayıdır, Xosrov və Sultan bəy qardaşlarına minnətdarlıq edirlər.
1919-cu ilin iyun ayında Şuşada ermənilər gizli şəkildə azərbaycanlılara qarşı döyüş əməliyyatına hazırlaşırlar. İyunun 4 və 5-də azərbaycanlılar yaşayan məhəllələrə erməni hücumu başlayır. Hücum zamanı Şuşa ətrafındakı kəndlərdə yaşayan ermənilər də fəallaşırlar. Əhalisinin əsas hissəsi ermənilərdən ibarət olan Qaybalı kəndindən təşkil olunmuş 700 nəfərlik dəstə Şuşa erməniləri ilə birləşmək istəyir. Sultan bəy gecikmədən Qaybalı kəndi üzərinə hücuma keçir. Millətçi erməni dəstələrini darmadağın edərək onları Şuşadakı qüvvələrlə birləşməyə imkan vermir. Britaniya hərbi Missiyası nümayəndəliyinin məlumatına görə döyüş zamanı ermənilərin təşkil etdiyi 700 nəfərlik Qaybalı dəstəsindən 11 nəfər qoca erməni kişisi, 87 nəfər uşaq və qoca qadın sağ buraxılır.
Bütün bunlar göstərir ki, Sultan bəyin sayəsində Azərbaycanın dağlıq bölgələrində ermənilərin genişmiqyaslı qırğınlarının qarşısı alınır. Quldur Andronikin Qarabağa keçib Gəncəətrafı ərazilər də daxil olmaqla erməni dövləti yaratmaq kimi sərsəm planı boşa çıxır.
Azərbaycanda Şura hökuməti qurulduğu ilk gündən əsas diqqəti Sultanovlara yönəltmiş, onlarla haqq-hesab çürütməyi qarşılarına məqsəd qoymuşdu. XDİK-in məsul təlimatçısı M.Hüseynovun qəzadakı vəziyyətə dair məruzəsində deyilir ki, 1921-ci il iyulun 23-də sovet qoşun hissələrinin dəstəsi Sultan bəyin üzərinə göndərilmiş, onun tərəfdarları tərksilah edilmiş, özü isə naməlum istiqamətdə yoxa çıxmışdır. İyulun 25-də isə Ə.H.Qarayev Şuşa Qəza İcraiyyə Komitəsinin sədri Ş.Mahmudbəyovun başçılıq etdiyi komissiya ilə birlikdə Sultan bəyin əmlakının müsadirəsi üçün Qurdqajıya (Kürdhacıya) onun mülkünə getmişdi. Azərbaycan SSR XKS məlumat şöbəsinin 1921-ci il 27 avqust tarixli (25 saylı) bülletenində qeyd edilir ki, Sultan bəy Sultanov Kürdhacı meşələrində naməlum istiqamətə qaçmışdır.
Sultan bəy qardaşı Xosrovu vətəndən kənara yola salandan sonra müdafiə məsələləri ilə məşğul olmağa başlayır. Təkcə elə özünün qaldığı dağ evinin ətrafındakı təpələrə 12 pulemyot düzdürür. Sovet hakimiyyətindən qaçaq vəziyyətdə Kürdhacı kəndində “Gorgahat”ın meşəsində, dağda, yarğanda gizlənirdi.
Ermənilərin hiylələri ilə ruslar Sultan bəyə yeni sui-qəsd hazırlayırlar. Hər tərəfdən təqib olunduğunu bilən Sultan bəy, əvvəllər onun yanında xidmət göstərmiş Bülövlük bəylərindən olan Museyib bəyi çağırır, bir-birlərinə sədaqətli olacaqlarına and içirlər. Sultan bəy öz andına sadiq qalır. Museyib bəy isə sovet hökumətinin verdiyi vədlərə uyur, bolşeviklərə qoşulur. Sultan bəyi aradan götürəcəyinə söz verir. Odur ki, bu məqsədlə silahlanıb Sultan bəyin olduğu “dağ evi”nin yaxınlığında ona atəş açır. Güllə Sultan bəyin çiynini yaralayır. Ruslar da Sultan bəyin harada olmasından xəbərdar idilər. Hava işıqlanan kimi həmin yeri mühasirəyə alacaqlarmış. Elə həmin gecə Sultan bəyi götürüb Qırxqız dağının dibində, qayaların içərisindəki bir kahaya gətirirlər. Vəziyyətin mürəkkəbliyini dərk edən Sultan bəy getməzdən əvvəl Azərbaycan İnqilab Komitəsinə müraciət edir. Buradan ümidverici cavab almadığına görə İrana keçmək qərarına gəlir. Bolşevik hakimiyyəti Sultan bəygili təqib etmək siyasətindən əl çəkmədiyi üçün bəyin mühacirət etməsi məcburiyyətdən irəli gəlmişdi. Ən əsası isə elə bilirmiş ki, ara sakitləşən kimi geri qayıda biləcək.
Sultan bəydən soruşurlar ki, hansı istiqamətə gedək? O, azacıq fikrə getsə də, cəld dillənir: “Güləbirddən Misirə, Kolanıdan Araza xəbər çatdırın, sərhədi keçməyimə kömək etsinlər. Xüsusilə Kolanılı dostum qaçaq Arazın dalınca adam göndərmək lazımdır. O, Araz çayının keçidlərini yaxşı tanıyır. Çayı keçib İrana gedərəm”.
Sultan bəy Arazın arxasınca göndərdiyi adamlara görüş yerini də deyir. Sultan bəy və İsgəndər bəy Xanalının (o, yolun yarısından qayıdır), Zülfüqar bəyin qohumları olan Salman Xanlar oğlunun, Muradın, Həsən Qurdqajılının, Qəmbər Mişnilinin, Seyid Məmmədin, Seyid Əkbərin, Uzun Əkbərin (çevikliyinə görə ona Əlik Əkbər də deyirlərmiş), müşayiəti və Kolanı qaçaq Arazın, Güləbirdli Abdulla oğlu Misirin bələdçiliyi və köməyi ilə Qarqar çayını keçərək dağ cığırları vasitəsilə Qarabulaq-Malaqan istiqamətilə irəliləyirlər. Sultan bəyi sağ-salamat Araz çayından İrana keçirirlər.
Sumbatov artıq xəbər tutmuşdu ki, Sultan bəylə Xanalı Qırxqızdadırlar. Tabeliyində olan silahlılara Sultan bəyin arxasınca getməyi əmr etsə də, onlar ya bu əmrə tabe olmur, ya da qorxularından dolayısı ilə əmrdən yayınırlar. Bolşevik əsgərləri ilə bərabər, Azərbaycan daxili işlər nazirinin müavini Sumbatov Topurudze böyük bir dəstə ilə Sultan bəylə Xanalının tapılması, ələ keçirilməsi üçün axtarış tədbirlərini davam etdirirlər. Bütün bölgə nəzarət altına alınır. Armudlu kəndindən olan Baxış Əliyevin başçılığı ilə 200 nəfərdən artıq bir dəstə də ətraf ərazilərdə Sultan bəy və Xanalının axtarışına cəlb olunur. Sultan bəy gizləndiyi yeri tərk edən günün səhəri Sumbatovun adamları oranı mühasirəyə alırlar. Həmin günü Sultan bəyin ailə üzvlərini, həyat yoldaşı Dilruba xanımı və övladlarını həbs edərək Laçından çıxarırlar.
İran şahı təhlükəsiz həyat şəraitini təmin edə bilmədiyi üçün Sultan bəyə Türkiyə dövlətinə müraciət etməyi məsləhət görür. Müraciətə görə, türk dövləti 1923-cü ildə Sultan bəyi və Xosrov bəyi rəsmi keçidlə qarşılayır. Mustafa Kamal Atatürkün Sultan bəyə böyük hörməti olub. Bir bəy kimi yaşamasını təmin edib, ona Qars vilayətinin Köçqoy kəndində mülk və malikanə verərək təhlükəsiz həyat şəraiti yaradır.
Sultan bəyin mühacir həyatı barədə məlumat olduqca azdır. Bircə o məlumdur ki, 1955-ci ildə Qars ətrafında, Köçqoy kəndində vəfat etmişdir. Bu barədə Türkiyə radiosu belə bir xəbər verib: “Tacirlər-taciri Sultan bəy 1955-ci ildə 79 yaşında vəfat etdi. Tanrı ona rəhmət etsin”. (Əslində, Sultan bəy vəfat edəndə onun 84 yaşı olmuşdur).
Sultan bəyin qızı Bəyim xanım anasına istinadən deyirmiş ki, atam bir dəfə Atatürkün görüşünə getmişdi. Bu o vaxt idi ki, Andronikin qoşununu məğlub etmiş, xeyli döyüş sursatı ələ keçirmişdi. Görüş vaxtı Atatürk deyib ki, “Yaşa, Sultan bəy, sən qurd dərisindən papaq qoyan əsgərlərinlə Andronikin anasını ağlatmısan. Ona görə də Türkiyənin qapıları sənin üzünə həmişə açıqdır”.
Sultan bəy mühacirətdə olarkən onun ailəsi olmazın müsibətlər çəkir. 1923-cü ildə onlar bəyin Ağdamda olan mülklərinin birində qohumlarının himayəsində yaşayırlar. 1930-cu ildə bəyin qardaşı Rüstəm bəy ailəni Bakıya gətirir. Sultan bəyin xanımı ziyalı və qoçaq qadın olduğundan xeyli vaxt məsul vəzifələrdə işləyib. Bir müddət Bakı Şəhər Sovetinin deputatı da olub. 1937-ci ilə qədər kirayədə qalıblar.
Otuzuncu illərin həyəcanlı gecələrinin birində qapı döyülür və Bəyim xanıma bildirirlər ki, həbs olunursunuz. 1937-ci il noyabrın 2-dən 3-nə keçən gecə Sultan bəyin ailə üzvləri, Leninqraddan yenicə qonaq gəlmiş qızı Bəyim xanım və hələ bir yaşı tamam olmamış uşağı həbs edirlər. Onları aparanlar yalnız evdən paltar və yatacaq götürməyə icazə vermişlər. Bir də Sultan bəydən yadigar qalan Quranı və balaca xurcunu götürə bilirlər. Əvvəlcə Bayıl türməsinə, oradan Gəncə türməsinə və bir ay sonra isə Gəncədən əsgərlərin müşayiəti altında yük qatarı ilə bir ay səkkiz gün yol gedib Qazaxıstanın Çimkənd vilayətində, Suzak rayonunda Çulakkurqan kəndində yerləşirlər. Bəyim xanımın dediyinə görə, M.Ə.Rəsulzadənin ailəsi də onlarla həmin kənddə bir müddət qonşu olub. Olduqları kənddə 400 qaçaq ailəsi də var imiş. Sultan bəyin arvadı, üç oğlu və bir qızı 1955-cı ilə qədər Qazaxıstanda sürgün həyatı keçirdikdən sonra 1956-cı ildə Azərbaycana qayıda bilmişlər.
Sultan bəyin və cümhuriyyət dövründə Azərbaycanın ilk hərbi naziri, ikinci hökumət kabinetində əkinçilik naziri və Qarabağın general-qubernatoru olmuş qardaşı Xosrov bəy Sultanovun igidliyi sayəsində Zəngəzurun dağlıq bölgələrində kütləvi qırğınların qarşısı alınmış, çoxsaylı erməni silahlıları məğlub edilmişdi. Sultan bəyin cəsarəti sayəsində Andronikin, S.Şaumyanın bolşevik-daşnak hərbi hissələri ilə birləşərək Şimali Azərbaycanda erməni hakimiyyətini qurmaq planı məhv edilmiş və Qarabağ əhalisi erməni qırğınından xilas olmuşdu.

Şikar QASIMOV,
Azərbaycan Texniki Universitetinin İctimai fənlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi