“Əgər bu baş versə, Rusiya üçün böyük fəlakət olar” - Keçmiş nazirdən SENSASİON MÜSAHİBƏ
Tofiq Zülfüqarov: “Ruslar Kiyevi zəbt etsələr və Zelenskini devirsələr, onda partizan müharibəsi qaçılmazdır”
Sabiq xarici işlər naziri, siyasi şərhçi Tofiq Zülfüqarov “Yeni Müsavat”a ilginc fikirlərlə zəngin çox maraqlı müsahibə verib. Ukrayna hadisələri, Rusiyanı gözləyənlər, həmçinin Bakı-Moskva münasibətləri və Qarabağ məsələsini əhatə edən söhbətimizi təqdim edirik:
- Tofiq bəy, Ukraynada yaşananlar bütün dünyanı narahat etsə də, hələlik Rusiyanı dayandırmaq üçün təsirli rıçaqlar ortada yoxdur. Hadisələrin sonrakı gedişatını necə proqnozlaşdırırsınız?
- Döyüşlərin ikinci günü bir çox mənalarda həlledicidir. İlk günün müharibəsinin şoku var idi. Hətta BMT baş katibi də deyib ki, mən heç vaxt inanmırdım müharibə başlaya bilər. Mən də o mövqedəydim ki, bu cür səhvə yol verilməyəcək, amma bu baş verdi. Hərbi əməliyyatların ikinci günü həlledicidir. Hiss olunur ki, hərbi üstünlüyə baxmayaraq, qısamüddətli hərbi əməliyyat tam şəkildə baş verməyəcək. Artıq Ukrayna ərazisində bir neçə müqavimət mərkəzi yaradılıb. Çünki gözlənilən o idi ki, Rusiya tərəfi hərbi hava üstünlüyünə malik olacaq. Bu da onlara imkan verəcək ki, daha uğurlu zərbələr endirsin. Məntiq onu göstərir ki, Ukrayna qüvvələri müdafiə üçün böyük şəhərlərə çəkiləcəklər, ilk növbədə Xarkov və Kiyevə... Orda isə hərbi hava qüvvələrinin üstünlüyü o qədər də önəmli deyil. Çünki artıq Rusiya qeyri-populyar bir hərəkətə əl atmalıdır və insanlar yaşayan bölgələrə hərbi hava qüvvələri tərəfindən zərbələr endirməlidir. Amma müdafiə üçün şəhər hissəsi daha uyğundur. Bu görsənir ki, Ukrayna tərəfi sözügedən taktikadan istifadəyə hazırlaşır. Əgər belə bir ssenari baş versə, bu, Rusiya üçün böyük fəlakət olar.
- Prezident Zelenski “tək qaldıq” açıqlamasında dünyanın baş verənlərə seyrçi münasibətini rəsmiləşdirdi. Ukrayna sonadək tənha qalacaqmı bu savaşda?
- Hesab edirəm ki, hə. Çünki artıq Rusiya prezidentinin sözçüsü Peskov deyib ki, biz danışıqlara hazırıq. Zelenski də danışıqlara hazır olduğunu söyləyib. Amma Rusiya tərəfi danışıqlar mövzusu kimi Ukraynanın neytral statusu və delimitasiya mövzusunu təklif edir. İstisna olunmur ki, əks tərəfin müzakirə üçün təklif etdiyi mövzu Ukraynanın ərazi bütövlüyüdür. Hərbi əməliyyatların mərkəzlərə keçməsi və müdafiənin bölünməsi eyni zamanda Ukraynanı digər bir təhlükə ilə üz-üzə qoyur. Bu da Ukraynanın bölünməsidir. Tarixən Ukrayna üç hissədən ibarət idi: Şərq hissəsi-Rusiyaya tərəf, mərkəz-daha çox neytral mövqedə olan hissə və Qərb tərəf. İstisna olunmur ki, hərbi əməliyyatların gedişi rusların Dnepr çayının şərqə tərəf olan hissəyə iddiasına gətirib çıxaracaq. Onlar hesab edirlər ki, bura ənənəvi, tarixi rus torpaqlarıdır. Yəni bu təhlükə də var. Hər halda tərəflər danışıqlara hazır olduğunu bəyan ediblər, ancaq mövzular nə olacaq, onu baş verən döyüşlər göstərəcək.
- Hazırda görünən budur ki, Putin Ukrayna hakimiyyətini dəyişməkdə qərarlıdır. Ukraynanın xilası üçün Zelenski istefaya gedə, hakimiyyəti rusmeyilli kiməsə ötürə bilərmi?
- Bu, Ukrayna üçün çox böyük bir problem ola bilər. Dediyim kimi, bu, birmənalı şəkildə Ukraynanın bölünməsinə yol açacaq. Çünki qanuni hakimiyyət olmasa, ölkə dağıla bilər. Zelenski də bunu başa düşür. O biri tərəfdən də Rusiya da başa düşməlidir ki, uzunmüddətli döyüşlər onların heç də xeyrinə deyil. Rusiya hansısa sahəni zəbt eləyə bilər, amma sabah bunları idarə etmək, təmin etmək lazımdır. Özü də yerli əhali işğalçıları heç də yaxşı qəbul etmir. Əksinə, bir çox hallarda nifrətlə dolu çağırışlar səsləndirirlər.
Tofiq Zülfüqarov — Vikipediya
“Bu müddəalar məndə elə təəssürat yaradır ki, artıq Moskva istəyir Qarabağ layihəsini bağlasın”
- Əhaliyə silah paylanır. Partizan müharibəsi ola bilərmi?
- İkinci mərhələdə hə. Əgər ruslar Kiyevi zəbt etsələr və Zelenskini devirsələr, onda partizan müharibəsi qaçılmazdır.
- Ukraynada partizan müharibəsi ənənəsinin olduğunu nəzərə alsaq, rus ordusu bataqlığa düşə bilərmi?
- Mənə elə gəlir ki, artıq bu hərbi əməliyyatlarla onlar bataqlığa düşüblər. Danışıqlar bərpa olunmasa, bataqlıq daha da dərinləşəcək. Yenə deyirəm, bu günlər həlledicidir. Çünki əgər Ukrayna, ya Zelenski hiss etsə ki, artıq hərbi fəaliyyət ruslara heç bir həlledici uğurlar gətirmir, deməli, danışıqların mövzusu da dəyişəcək.
- Prezident Zelenskinin Qərbdən küskünlüyü yalnız tək qoyulması iləmi bağlıdır? Yaxud o, bundan sonra Qərblə məsafə saxlaya bilərmi?
- Mənə elə gəlir ki, uzaqlaşmaq hələ müharibədən qabaq başlayıb. Çünki o vaxt Qərbin Avropa hissəsi Zelenskiyə təklif edirdi ki, Minsk prosesinə qayıtsın. Zelenski onda onların məsləhətinə qulaq asmayıb və belə ağır nəticələrlə rastlaşıb. Bu məsələdə özümüzün təcrübəsini də yada salmaq istərdim. Bir çox hallarda Minsk prosesində Ukraynaya təklif olunan məsələ bizim Minsk prosesində təklif edilən modellərdən fərqlənmir. Amma biz 30 il ərzində ilk növbədə vaxt udaraq və səbirli olaraq vaxtı uzatmışıq. İndiyədək heç bir ölkə “Dağlıq Qarabağ”ı “müstəqil” olaraq tanımayıb. O baxımdan Zelenskinin bu məsələdə səhvi göz qabağındadır. Bəlkə də o, hamı kimi əmin idi ki, Rusiya bu addımı atmayacaq.
- Hətta Qərb kəşfiyyatının məlumatlarına da istehza edirdi...
- Əslində, mən də o fikirdəydim ki, Qərb öz maraqlarına uyğun məlumat sızdırır. İkincisi, Qərbin əsas məqsədi Putinin bu səhvi etməsiydi, yəni bunda maraqlı idi. Hamı başa düşür ki, yaxşı, bu və ya digər şəkildə Ukrayna məsələsi stabilləşsə, stabilliklə bağlı ikinci dalğa birbaşa Rusiyada olacaq. Yəni orada ciddi iqtisadi problemlər yaranacaq. İndi çox adamlar bu addıma müxalifdirlər. Təhlükəsizlik Şurasının iclasını yada salmaq istəyirəm. Yüksək səviyyəli məmurlar da təzyiq altında Putinlə razılaşırdılar. Bu, çox gülməli və tragik bir mənzərə idi.
- Tofiq bəy, Rusiya qısa zaman çərçivəsində milyardlar itirməkdədir və itkilərin davamı gələcək. Elə isə Putin niyə bu fəlakətli qərarı verdi?
- Üstəlik, rəqəmlər səslənir ki, oliqarxlar yüz milyardlarla hesablanan mülkləri itiriblər. VTB Bankın aktivləri 150 milyard funt-sterlinqdir, 200 milyarda yaxındır, dondurulub. Putinə dəstək verən insanlar bir çox hallarda müflis ola bilər. Ona görə deyirəm ki, əsas problem bu hadisələrdən sonra başlayacaq.
- Rusiya prezidenti də situasiyanı düzgün hesablamamışdı?
- Bir çox hallarda deyirlər ki, o, artıq reallıqdan uzaqlaşıb, hansısa paranoik ideyaların təsiri altındadır. Yəni adam nəyəsə inanır və reallıqdan uzaqlaşır. Bəlkə bu, onun Jirinovski ilə eyni dəstədə olmasını göstərir (gülərək). Hamı başa düşürdü ki, bu müharibə heç bir nəticə verməyəcək. Sovet dövrü deyil ki, qoşunları göndərsin Çexslovakiyaya və məsələ həll olunsun. Burada nə ideologiya, nə güc var. Rusiyanın özündə insanlar yeni-yeni normal yaşamağa başlayırdılar, təzədən sovet “talon” sisteminə qayıtdılar.
- Ola bilərmi ki, ərəb ölkələrində “inqilab” adı altında fəlakətlər yaradan, diktatorların varidatına sahiblənən Qərb Rusiyanın sərvətlərini ələ keçirmək üçün onun Ukrayna bataqlığında boğulacağı günü gözləyir?
“Moskva Bəyannaməsi onu göstərir ki, Rusiya Azərbaycan-Türkiyə hərbi müttəfiqliyini qəbul edib”
- Orda strateji nəticələr həm bu ola bilər. Bununla yanaşı, digər nəticələrin olması da istisna deyil. Yəni Rusiya hakimiyyətinin zəifləməsi və tam şəkildə Putinin siyasi səhnədən getməsi. Sonra isə onun yerinə Qərbə tam tabe olan insanın gəlişi də mümkündür. Bəlkə də Qərbin əsas məqsədi budur. Çünki Çinlə gələcək qarşıdurmada Rusiyanın bu şəkildə olması onlar üçün ən istənilən nəticə ola bilər. Ona görə də məncə, Putin bu avantüranı başlayanda bəlli oldu ki, onun erası bitəcək. Mən feysbukda açıq yazmışam ki, artıq Putin erası bitir.
- Belə bir həssas mərhələdə Azərbaycan və Rusiya liderlərinin müttəfiqlik haqqında sənəd imzalamasına fərqli baxışlar var. Amma Ukraynadakı fəlakətlərlə bağlı beynəlxalq reaksiyalara diqqət edəndə bunun düzgün addım olduğunu əminliklə demək mümkündür. Ola bilsin beynəlxalq aləm birmənalı qarşılamır bu əməkdaşlığı, bu da normaldır. Bəs, sizin qənaətiniz necədir?
- Mənə elə gəlir ki, beynəlxalq səviyyədə də normal qarşılanacaq. Rusiya postsovet məkanı üçün bir neçə davranış formalaşdırıb. Baltik ölkələr NATO üzvləridir. Digər ölkələr KTMT üzvüdürlər. Gürcüstan və Ukrayna NATO üzvü olmaq istəyir. Bu tərəfdə isə Azərbaycan qalıb. Çox qəribə məsələdir. Əslinə qalsa, Moskva Bəyannaməsi onu göstərir ki, Rusiya Azərbaycan-Türkiyə hərbi müttəfiqliyini qəbul edib. Yeganə ölkədir ki, ona icazə veriblər, açıq-aşkar dostluq eləsin. Bu, ayrı bir məfhumdur. Bu mənada biz Moskva Bəyannaməsini Şuşa Bəyannaməsinin qəbul olunması kimi görməliyik. Ümumi mənzərəyə baxanda görəcəyik ki, Rusiya üçün Azərbaycan çox önəmli bir misaldır. Yəni elə bil Putin göstərmək istəyir ki, görürsünüz, mənimlə dostluq edirsinizsə, sizə hər şeyə icazə verirəm, gedib NATO ölkəsi ilə müttəfiqdir. Yaxud öz ərazi bütövlüyünü bərpa edir. Yaxud KTMT üzvünü (Ermənistanı - red.) döyməyə icazə vermişəm. Bu, onu göstərir ki, məni sayan, mənimlə dostluq edənə hər şeyə icazə verirəm. Amma eyni zamanda Ukrayna və Gürcüstana baxın. Bəlkə də bu arqumenti gücləndirmək üçün bizə Qarabağda çox şeyə icazə verərlər. Bəlkə də mən optimistəm, amma hər halda gözləyək.
- Qarşılıqlı öhdəliklərdən çıxış edərək söyləmək olarmı ki, Moskva Bəyannaməsi Bakının beynəlxalq axtarışa verdiyi erməni cinayətkarlarının Azərbaycana təhvil verilməsində köməyi olacaq? Məsələn, separatçı-quldurbaşı Arik Arutunyana qarşı Bakı əsasən Gəncəyə terror hücumuna cinayət işi açıb və axtarışa verib. Bəllidir ki, Azərbaycan onlarla erməni canisi haqda cinayət işi açıb və onları axtarışa verib. Moskva Bəyannaməsinin 11-ci bəndində isə deyilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”. Həmçinin sənədin 18-ci bəndində belə bir müddəa var: “Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər”. Bütün bunlar sizdə nikbinliyi artırırmı?
- Bu müddəalar məndə elə təəssürat yaradır ki, artıq Moskva istəyir Qarabağ layihəsini bağlasın və idarəetmə üsulunu sərhədə keçirsin. Qarabağda isə idarəetmə mümkün olmur. Çünki ilk növbədə erməniləri orda saxlamaq lazımdır, bu, alınmır. İkincisi, çox vəsait, yaxud qoşun tələb edir. Amma həmin idarəetmə üsulu Ermənistanla sərhəddə ola bilər. Həmçinin Zəngəzur mövzusunu ortaya atarlar, vəssalam.
- Sonda Ukrayna məsələsilə bağlı nə etməliyik?
- Məndən həmişə “biz indi neyləməliyik” soruşanda deyirəm ki, Türkiyənin İkinci Dünya müharibəsindəki təcrübəsindən istifadə etməliyik.
Elşad PAŞASOY,