Parafin tərkibli şamlardan uzaq durun: Daha sağlam alternativlər nələrdir?
Ev dekorasiyasında və sakitləşdirici atmosfer yaratmaq məqsədilə geniş istifadə olunan qoxulu şamlar, tərkibindəki bəzi kimyəvi maddələr səbəbilə sağlamlıq üçün risk daşıya bilər.
Bildirilir ki, paraffin əsaslı şamların yandıqda formaldehid, toluen və digər uçucu orqanik birləşmələr (VOC) yaydığı məlumdur. Bu maddələr uzun müddət nəfəs alındıqda baş ağrısı, allergik reaksiyalar və tənəffüs problemləri yarada bilər.
Qoxulu şamların potensial zərərləri
Kimyəvi maddələrin təsiri:
Qoxulu şamlar yanarkən bəzən benzidin, asetaldehid, formaldehid və toluen kimi zərərli maddələr havaya buraxa bilər. Bu maddələr nəfəs yolu ilə orqanizmə daxil olduqda bəzi insanlarda narahatlıq, başgicəllənmə və nəfəsalma çətinliyi yarada bilər.
Risk səviyyəsi nisbidir:
Mütəxəssislər bildirir ki, bu maddələrin konsentrasiyası çox aşağıdır və adətən tütün tüstüsü və ya sənaye mənşəli havalandırma sistemlərindən gələn zərərli hissəciklərlə müqayisədə daha az risklidir.
Həssas qruplar üçün təhlükə:
Astma, allergiya və ya kimyəvi maddələrə qarşı həssaslığı olan insanlar üçün bu şamların istifadəsi əlavə sağlamlıq riski yarada bilər. Uşaqlar da bu cür təsirlərə qarşı daha həssas sayılır.
Zərəri minimuma endirmək üçün nə etmək olar?
Paraffin əsaslı şamlardan uzaq durun:
Bitki əsaslı (məsələn, soya və ya arı mumu) şamlar daha təhlükəsiz seçim sayılır.
Təbii ətirlər seçin:
Sintetik ətirlər əvəzinə yalnız təbii efir yağları ilə hazırlanmış qoxulu şamlar istifadə olunmalıdır.
Boyasız və sadə tərkibli məhsullara üstünlük verin:
Şamların tərkibindəki boyalar əlavə kimyəvi maddələr ehtiva edə bilər. Boyasız məhsullar daha təhlükəsizdir.
Yaxşı havalandırılan məkanlarda istifadə edin:
Qoxulu şamları yalnız geniş və havası daim dəyişən otaqlarda yandırmaq tövsiyə olunur.
Ev şəraitində öz şamınızı hazırlayın:
Tərkibinə nəzarət edə biləcəyiniz ev şəraitində hazırlanan şamlar daha sağlam alternativ ola bilər.
Qeyd: Qoxulu şamların istifadəsi evlərdə xoş atmosfer yaratsa da, onların tərkibindəki maddələr bəzi sağlamlıq riskləri daşıya bilər. Doğru məhsul seçimi, istifadə tezliyi və məkanın ventilyasiyası bu riskləri minimuma endirməyə kömək edə bilər. Ən ideal seçim isə təbii tərkibli, sadə və bitki əsaslı şamlara üstünlük verməkdir.
Əminə Bayramova