azia.az
azia.az

Bizdə daha nərə balığı olmayacaq

26-08-2021, 08:50




Bizdə daha nərə balığı olmayacaq
Son zamanlar bakılılar tez-tez paytaxt mağazalarında və bazarlardakı piştaxtalarda dəniz balığının qıtlığından şikayətlənirlər. Görəsən, ad çıxarmış Azərbaycan nərə balığı dünyaya səs salmış Bakı kürüsü ilə birgə hara yoxa çıxıb? Bazarlarda və restoranlarda təbii balıq əvəzinə bizə broyler sənayesi ilə yetişdirilmiş “çinli və iranlı nərə” təklif edirlər. Bəs təbii Xəzər nərəsi hara yoxa çıxıb?

Başımıza gələn yeni müsibətin səbəblərini çözmək üçün redaksiyaya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji sərvətlərin tədqiqi mərkəzinin direktoru, bioloji elmlər doktoru, professor Mehman Axundovu dəvət etmişik.



- Gəlin söhbətə Xəzər dənizi akvatoriyasının Azərbaycan hissəsində iyul və avqust aylarında keçirilmiş kompleks ekoloji tədqiqatlardan başlayaq.

- 2021-ci ilin iyul-avqust aylarında “Alif Hacıyev” adına elmi-tədqiqat gəmisinin köməyi ilə kompleks dəniz ekspedisiyası keçirildi. Tədqiqatların məqsədi dəniz mühitinin və Xəzər dənizinin bioloji sərvətlərinin ekoloji vəziyyətinin araşdırılması idi. “Alif Hacıyev” gəmisi 10 illik durğunluqdan sonra texniki olaraq bərpa edilib və artıq 3 dəniz ekspedisiyası keçirilib. Cari ildə sonuncu yay ekspedisiyası – ən əhəmiyyətlisi və nisbətən davamlısı Elmlər akademiyasının iştirakı ilə gerçəkləşib. Hər il eyni vaxtda, məhz iyul-avqust aylarında Xəzəryanı ölkələrin hər biri öz iqtisadi zonasında nərəkimilər və digər ovluq balıq növlərinin ehtiyatlarını müəyyənləşdirmək üçün bu cür tədqiqatlar keçirir. Gələcəkdə bu gəminin istifadəsi digər Xəzəryanı ölkələrin tədqiqatçıları da cəlb olunmaqla Xəzərin ekosisteminin monitorinqi üçün müntəzəm şəkildə bu cür dəniz ekspedisiyaları keçirməyə imkan verəcək.

- Keçirilmiş dəniz tədqiqatlarının nəticələrinə görə Xəzər dənizinin vəziyyətini necə qiymətləndirirsiniz?

- Xəzər dənizinin vəziyyətinə planetin bütünlüklə ətraf mühitinin vəziyyətindən ayrı baxmaq mümkün və düzgün deyil. Xəzərin vəziyyəti həm iqlim dəyişikliyinin, antropogen iqtisadi fəaliyyətin təzyiqinin artmasının ayrılmaz hissəsidir, həm də qlobal istiləşmənin doğurduğu yanğınların, sellərin, buzlaqların əriməsi və dünya okeanının səviyyəsinin yüksəlməsi, atmosfer prosesinin və okean cərəyanının dəyişməsi, bioloji müxtəlifliyin azalması ilə bağlıdır.

Planetimiz özlüyündə vahid orqanizmdir və son 5-10 il ərzində onun daxili, qarşılıqlı əlaqəli proseslərinin daxili tarazlığı əhəmiyyətli dərəcədə pozulub. Məhz bu səbəbdən son zamanlar tez-tez təbii fəlakətlərin şahidi oluruq ki, onlar insan həyatının imkanlarını daha çox məhdudlaşdırmağa başlayır. Bu cür dəyişikliklər Xəzər dənizində də baş verir. Belə ki iyul-avqust aylarında Xəzər dənizinin Azərbaycan sektorunda – şimalda Yalama akvatoriyasından cənubda Astarayadək dənizin 100 metr dərinliyində kompleks şəklində keçirdiyimiz dəniz tədqiqatlarının nəticələri də bunu göstərir. Təkrar edirəm, biz bu kompleks şəklində tədqiqatları 2011-ci ildən 10 il sonra ilk dəfə keçirdik.

Təəssüf ki, Azərbaycan Balıq təsərrüfatı Elmi-tədqiqat İnstitutu tərəfindən 1938-ci ildən başlayaraq stansiyalarda aparılan kompleks tədqiqatlardakı bu cür böyük fasilə bizə son 10 ildəki bütün dəyişikliklərin ardıcıllığını detallı şəkildə izləməyə imkan vermədi.

- Keçirilmiş ekspedisiyanın nəticələri əsasında Xəzər dənizinin bioloji sərvətlərinin hazırkı vəziyyəti barədə nə söyləyə bilərsiniz?

- Son 10 il ərzində Xəzər dənizində baş vermiş iqlim dəyişiklikləri su bioloji sərvətlərinin həcmini əhəmiyyətli dərəcədə azaldıb. Xəzər dənizinin bioloji sərvətlərinin vəziyyətini dənizin ona tökülən çaylarla bilavasitə əlaqəsi ilə qiymətləndirmək lazımdır. Havanın hərarətinin anomal şəkildə artmasını hətta qış mövsümündə müşahidə etmək olar. 2010-cu ildən sonra Kür çayının illik axın həcmi, demək olar ki, 40-50% azalıb, analoji proseslər Xəzərə həmişə çay axınının təxminən 85%-ni təmin edən Volqada da qeydə alınır. Atmosfer istiliyinin iqlim yüksəlməsi fonunda dəniz suyunun intensiv şəkildə buxarlanması dəniz suyunun səviyyəsinin 1,5 metrədək azalmasına gətirib çıxarıb. Hətta buna baxmayaraq, son illər Kürün axını azaldığından, dəniz suyu onun məcrasını düz Səlyanadək doldurmağa başlayıb. Sözsüz ki, nəticədə karp, nərəkimilər və qızılbalıqkimilər fəsiləsindən olan balıqlar kürü tökmək və təbii şəkildə artmaq üçün Kürə keçə bilmir. Bu proses son 5-6 ildə müşahidə olunur və deməli, balıq ehtiyatı yenilənmir, əksinə, getdikcə azalır. Bütün bunlar təkcə qiymətli ovluq balıqların deyil, həm də ümumilikdə Xəzərin endemiya ixtiofaunasının biomüxtəlifliyinin azalması təhlükəsini doğurur.

- Xəzərin bioloji sərvətlərinin azalmasının əsas səbəbini nədə görürsünüz?

- Tədqiqatlarımız göstərir ki, 2021-ci ilin yay mövsümündə havanın hərarətinin anomal şəkildə yüksək olması dəniz suyunun temperaturunun yüksəlməsinə gətirib çıxarıb. Bu xüsusilə də dəniz suyunun üst qatlarında özünü büruzə verib. Belə ki həmin qatlarda suyun hərarətinin dərəcəsi 2011-ci illə müqayisədə 5C çox olub. Cənubi Xəzərin bəzi akvatoriyalarında suyun temperaturu 31C-dək yüksəlib. Yüksək hərarət sözün hərfi mənasında Xəzərin zooplanktonunun biomüxtəlifliyini yandırır ki, nəticədə onun sayı və biokütləsi, demək olar ki, 10 dəfə azalıb. Bununla da kilka və digər xırda balıqların, o cümlədən siyənək fəsiləsindən olan balıqların yem ehtiyatı azalıb. Məlum olduğu kimi, daha iri balıqlar – nərəkimilər, qızılbalıqkimilər və hətta Xəzər dənizinin endemiki, planetdə ən kiçik suiti sayılan Xəzər suitisi onlarla qidalanır.

Müşahidələrimiz göstərir ki, iyul-avqust aylarında dəniz suyunun hərarətinin qalxması göy-yaşıl yosunların koloniyasının kütləvi şəkildə inkişafına və Cənubi Xəzərin 50 metrdən çox dərinliyi olan akvatoriyalarında suyun səthinin yosunla örtülməsinə gətirib çıxarıb. Anomal yüksək temperatur fonunda, küləksiz hava şəraitində bu, planktonun və balıqların həyatı üçün əlverişsiz şərait yaradır, nəticədə oksigenin miqdarı azalır və son olaraq dənizin geniş ərazisində balıqlar kütləvi şəkildə qırılır. Gəlin bu yay dənizin müxtəlif hissələrində balıqların kütləvi şəkildə qırılmasını xatırlayaq, belə ki keçirdiyimiz tədqiqatların nəticələri ümumilikdə Xəzər dənizi boyu ümumi təmayülü səciyyələndirir. Bunu digər Xəzəryanı ölkələrdən olan həmkarlarımızla müzakirələrimiz də təsdiqləyir.

Son 10 il ərzində Xəzərdə iqlim dəyişikliyi nəticəsində dənizin ekosisteminin yeni vəziyyəti formalaşıb. Dövr kəsimlərində tədqiqat məqsədilə apardığımız balıq ovu balıq ehtiyatının yüz dəfələrlə azaldığını təsdiqləyib.

Yaşayış mühitinin temperaturunun artması fonunda plankton qrupunun dəyişməsi müxtəlif balıq növlərinin populyasiyalarının Cənubi Xəzərdən nisbətən soyuq Orta Xəzərə yerdəyişməsinə səbəb olub. Dibdə yaşayan balıqların (kütüm, kefal, nərəkimilər və digərləri) qidalandığı zoobentos orqanizmlər də suyun temperaturunun artması səbəbindən dənizin daha sərin rayonlarına yerini dəyişib. Hazırda qlobal və məhəlli iqlim dəyişikliklərinin nəticəsində Xəzərin ekosistemi burada nə vaxtsa kütləvi şəkildə yaşamış plankton və zoobentos növlərinin yox olması, həmçinin tədqiqatçılarımızın aşkar etdiyi yeni növlərin meydana çıxması ilə xarakterizə olunur. Şübhəsiz, bu, ən yaxın zamanda nəinki balıqların növ müxtəlifliklərinin azalmasına, həm də Xəzər bölgəsində balıq ovlanmasının sosial-iqtisadi vəziyyətinə təsir edəcək. Odur ki, Xəzərin ekosistemindəki proseslərin inkişafını izləmək, hökumətə balıq ovu kvotasının təyini və korrektəsi ilə bağlı vaxtında ekspert təklifləri vermək üçün illik və mövsümi kompleks ekoloji tədqiqatlar aparmaq vacibdir.

- Balıq ehtiyatlarının azalmasına iqlim dəyişikliklərindən başqa daha hansı faktorlar təsir edir?

- Brakonyerlik, qanunsuz balıq ovu 1990-cı illərdə Xəzərdə balıq ehtiyatını on dəfələrlə, o cümlədən nərəkimilərin ehtiyatını təxminən 30 dəfə azaltdı. Bundan əlavə, dənizdə istənilən digər antropogen, məsələn iqtisadi fəaliyyət balıq populyasiyasının yaşayış məkanını limitləyir və onların ehtiyatını azaldır. İndi müşahidə olunan iqlim dəyişikliyinə və artan artropoloji təzyiqə qədər bugünlük də Xəzərdə 1980-cı illərin sonlarında 30 min tondan çox (Azərbaycan - 5 min ton) nərəkimilər, 54 min ton (Azərbaycan - 20 min tona yaxın) kilkə ovlanırdı, qara kürünün istehsalı 2 min tona çatırdı. Apardığımız dəniz tədqiqatlarının nəticələrinə əsasən təkcə peşəkar və həvəskar balıqçılara yox, bütün vətəndaş cəmiyyətimizə müraciət etmək istərdim ki, hazırki iqlim dəyişikliyi və artan antropogen iqtisadi fəaliyyət fonunda formalaşan Xəzərin ekosisteminin indiki yeni vəziyyəti heç vaxt 30-40 il əvvəlki kimi olmayacaq. Xəzərdə qiymətli ov balıqlarının əvvəlki ehtiyatı artıq yoxdur. Bildiyiniz kimi, sentyabrın 1-də təbii su hövzələrində, o cümlədən Xəzərdə balıq ovuna qoyulmuş qadağanın vaxtı bitir. Odur ki, bütün balıqçılara müraciət edirik: qanunsuz ov ləvazimatından, görünməz tilov itindən hazırlanan tordan istifadə etməyin, bunlar cavan balıqları və balıqların bütün populyasiyasını məhv edir.

- Balıq ehtiyatının bərpası üçün nə etmək lazımdır?

- Azərbaycan digər Xəzəryanı ölkələr kimi, Xəzər dənizinə və daxili hövzələrə qiymətli cavan ovluq balıqların təkrar istehsalı və suya buraxılması ilə məşğuldur. Lakin Xəzərin ekosisteminin

Ancaq bu fəaliyyət Xəzərin ekosisteminin dəyişməsinin indiki vəziyyətində tam effektiv olmur. Səmimi etiraf etmək lazımdır ki, təbiətdən ovlanan balıq məhsullarının əvvəlki çeşidliliyi və bolluğu olmayacaq. Dəqiq anlamalıyıq ki, balıqların təbii ehtiyatları cəmiyyətin balıq məhsullarına artan tələbatı ilə tutuşdurula bilməz.

2011-ci ilə - Xəzəryanı ölkələr nərəkimilərin kommersiya ovuna moratorium tətbiq edənə qədər Azərbaycanın nərə kimi balıqlarına ovu üçün kvotası 90 ton idi. Hazırda nərəkimilərin akvakultura fermalarının artan fəaliyyəti daxili bazara 300-400 ton balıq əti çıxarmağa imkan verir. Ölkəyə digər ölkələrin akvakulturasının məhsulu da idxal olunur. Balıq məhsullarına olan tələbat akvakulturaların inkişafının vacibliyini və iqtisadiyyatın bu sahəsində dövlət strategiyasının (proqramının) qəbul olunmasını diqtə edir. Xəzər dənizi və digər təbii hövzələr bizim balığa olan tələbatımızı daha ödəyə bilmir. Şəhərlərimizdəki bazarlarda ovlanmış dəniz balığını getdikcə daha az görürük, piştaxtalarda akvakulturada yetişdirilmiş balığın miqdarı artır. Və bu, dövrümüzün reallığıdır, deməli müxtəlif balıq növlərinin yetişdirilməsinin broyler sənaye tipini inkişaf etdirmək zəruridir. Necə ki, bunu kənd təsərrüfatının digər sahələrində - quşçuluqda, heyvandarlıqda, bitkiçilikdə müşahidə edirik.
Söhbətləşdi: Tamilla Əliyeva
virtualaz.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi