azia.az
azia.az

Natiq Cəfərli: “Hökumət deyir ki, işsiz insanlar canı çıxsın, ildə 192 manat tapıb ödəsin”

Bu gün, 14:48

"Hökumət vətəndaşların vergi yükünü artırır, çünki ölkənin gəlirləri azalır, neft hasilatı düşür, xərclər artır, hökumət isə son 30 ildə normal, işlək, böyük həcmdə əlavə dəyər yaradan iqtisadi sistem qura bilmədiyindən üzünü yenə vətəndaşa, onun vergilərinə çevirir".

 

Xəbər verilir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

 

"Hökumətin təklifi belədir: 1) 2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 3%, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq;

2) 2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 5%, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10% və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14% gəlir vergisinə çıxılacaq;

3) 2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7%, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10% və aylıq gəlir 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14% gəlir vergisinə çıxılacaq.

 

Hazırda Azərbaycanda əməkhaqqı 200 manatdan çox olduqda: 6 manat + 10% DSMF ayırmaları tutulur. Bundan başqa, işçilər 0.5 % işsizlikdən sığorta haqqı, 2 % isə icbari tibbi sığorta haqqı ödəyir.

 

Yəni şanlı hökumətimiz bir qərarla 3 il ard-arda vergiləri kəskin artıracaq. 2500 manata qədər maaş alanların vergisi yaxın illərdə 3%-dən 7%-ə qalxacaq.

 

Bundan başqa, hökumət deyir ki, işsiz insanların tibbi sığortası olmayacaq. İşləmir, canı çıxsın, haradan istəyir, ildə 192 manat tapıb ödəsin, yoxsa sığortadan istifadə edə bilməz. Hökumətin yanaşmasından belə çıxır ki, kasıbsansa, niyə sağlam olmalı, niyə yaşamalısan?

 

Gələk məsələnin kökünə, mahiyyətinə. Xatırlayırsınızsa, İqtisadiyyat Nazirliyinin belə bir şüarı var, "Dövlətə vergi – Vətənə sevgi". Yarımçıq, hətta vergi tarixinin fəlsəfəsinə ziddir. Sloqan və yanaşma belə olmalıdır: “Dövlətə vergi – Vətəndaşa seçki”. Çünki tarixən vergi ödəyicisi seçici, siyasətə təsir edən vətəndaşlar olub. Bu gün hökumət bizim vergilərimizə möhtac qalıbsa, deməli, bu tək hökumətin səlahiyyəti deyil, həm də məsuliyyətidir. Bu haqda illərdir yazmışıq..." - o bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi