Aİ-də Rusiya ilə bağlı gərginlik yarandı
Belçikanın Brüssel şəhərində keçirilən sammitdə Avropa Komissiyasının (AK) Rusiya aktivlərindən istifadə təklifinə göstərilən müqavimət, AK prezidenti Ursula fon der Leyenlə birlikdə çalışan diplomatları, nazirləri və rəsmiləri hazırlıqsız yaxalayıb.
Xəbər verilir ki, “Politico” nəşrinin məlumatına görə, fon der Leyenin komandası bir neçə gün ərzində həmkarlarını Belçika hakimiyyətini razı salacaq bir həll tapdıqlarına inandırmağa çalışıb.
Adı açıqlanmayan bir diplomat vəziyyəti belə xarakterizə edib: “Bu, tam qarışıqlıqdır. İşlər belə getməli deyildi”.
Nəşrin yazdığına görə, Avropa Şurasının sədri Antonio Kosta və Ursula fon der Leyen Ukraynanın Rusiya aktivləri hesabına maliyyələşdirilməsi məsələsində razılığa gələ bilmədikləri üçün Aİ üzv dövlətlərinin etimadını müəyyən qədər itiriblər.
“Politico”nun məlumatına əsasən, Aİ-nin Kiyevi dəstəkləmək məqsədilə dondurulmuş Rusiya fondlarından nə vaxt istifadə edəcəyi və ya bu barədə qərarın nə zaman veriləcəyi hələ də məlum deyil.
Qeyd edək ki, bundan əvvəl Brüsseldə keçirilən sammitdə iştirak edən Aİ liderləri Rusiya aktivlərinin istifadəsi ilə bağlı yekdil razılığa gələ bilməyiblər. Rusiyanın 210 milyard avro məbləğində suveren aktivlərinin dondurulduğu Belçika cavab tədbirlərindən ehtiyat etdiyini gizlətmir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə oktyabrın 23-də keçirdiyi brifinqdə bildirib ki, Avropa İttifaqının Rusiya aktivlərinə qarşı istənilən müsadirə təşəbbüsü qaçılmaz olaraq ağrılı cavabla nəticələnəcək.
Niyaz Hacıyev