azia.az
azia.az

SSRİ Bakıdakı bu kilsənin ən müqəddəs yerini tualetə çevirmişdi - REPORTAJ

25-03-2016, 12:01

SSRİ Bakıdakı bu kilsənin ən müqəddəs yerini tualetə çevirmişdi - REPORTAJ Bakıdakı Rus-Provoslav kilsəsi sovet dövründə buğda anbarı və hərbçilərin idman zalı kimi fəaliyyət göstərirmiş



Əsası 19-cu əsrin ikinci yarısında imperator III Aleksandrın göstərişi ilə qoyulan Rus-Provoslav kilsəsini gəzirik. Bələdçimiz kilsəni baş keşişi və Azərbaycan yeparxiyasının mətbuat xidmətinin rəhbəri Konstantin Atadır.

Deyir, kilsə ətrafında çarın generalı Salyanovun kazarması yerləşib. Taxtadan hazırlanmış bu məbəd hərbi kilsə olub. Aleksandr Nevskinin adını dayışırmış.

1903-cü ildə taxta məbədi söküb, azərbaycanlı milyonçu Zeynalabdin Tağıyevin hesabına yenidən daşdan tikməyə başlayıblar.

1907-ci ildə kilsə bugünkü vəziyyətini alıb. Məbədin açılışında çoxlu hörmətli qonaqlar olub. Neft maqnatları Zeynalabdin Tağıyev, Şibayev, rus çarının Qafqazdakı canişini qraf Vorontsov-Daşkov, müsəlman və yəhudilərin dini liderləri də iştirak edib.

Sovetin ateizm cərəyanı kilsələrdən də yan keçməyib. Kilsə 1934-cü ilə qədər xristianların ixtiyarında olub. Ondan sonra kilsə ibadətə bağlanıb və buğda anbarı kimi istifadə edilib.

1953-cü ildən 1964-cü ilədək Sovet İKP Mərkəzi Komitəsinə baş katiblik etmiş Nikita Xruşşovun dövründə kilsə hərbçilərin idman zalı kimi istifadəyə verilir. Ən dəhşətlisi isə odur ki, məbədin ən müqəddəs hissəsi hesab edilən Altarın yerində ayaqyolu və duşxana olub. Ta 1990-cı ilə qədər. Həmin il Müdafiə Nazirliyi məbədi dindarlara geri qaytarır.

Kilsəyə ən güclü ziyan 20 Yanvar hadisələri zamanı dəyir. “Salyanski” kazarmaya yaxın yerləşən kilsənin damına tank gülləsi düşür. Məbədin əsas zalında idmançılar məşq edirmiş, damda isə kilsənin xalçaları saxlanılırmış. Bu səbəbdən də kilsənin damında güclü yanğın başlayır.

- Zamanla öz hesabımıza kilsənin damını təmir etməyə başlasaq da, imkanlarımız çox zəif idi. Təmiri bitirə bilmirdik. Nəhayət, 2002-ci ildə xeyriyyəçi Aydın Qurbanovun maddi dəstəyi ilə məbədin damı təmir edildi. Məbəddə gördüyünüz hər şeyi şəxsən o bərpa etdirib. Bütün Rus Provoslav kilsələri arasında daş ikonastas yalnız bizdədi. Adətən bütün kilsələrdə taxtadandı. İkonastasın üzərindəki daş rəsmlər bir-birini təkrar etmir. Oymaları müsəlman ustalar yerinə yetirib: Aydın və Ramiz.

Daş oymalarda müxtəlif formalarda üzüm və çörək, xaş işarəsi işlənib. Xristianlığa görə çörək Həzrəti İsanın bədənini, üzüm isə qanını ifadə edir. Məbədin tavanındakı rəsmləri isə Stroqanovski adına məktəbin professor-rəssamları işləyib.

İkonastasın üzərindəki ikonaları isə Moskvanın məşhur ikonapisi Aleksandr Sokolov hazırlayıb. Digər ikonaları isə məbədə bağışlanıb.

Bundan əlavə Belarus, Gürcüstan, Ukrayna səfirlikləri, arzuları reallaşan dindarlar da məbədə ianələr edib. İnsanlar nəzir edir və arzuları gerçəkləşəndə kilsəyə dəyərli ianələr bağışlayır. Bu ianələr toplanır və gələcəkdə məbədin xırda təmir işlərinə sərf edilir. Kilsə qaz sobalarıyla isidilir. Buranı təbii qazla digər kilsə və məscidlərdə olduğu kimi SOCAR təmin edir.

Baş keşişlə məbədi gəzməyə davam edirik. Xaç suyuna salınan otağa keçirik. Böyüklər dairəvi hovuzda, yeni doğulmuşlar isə dəmir oval qabda xaç suyuna salınır. Ayrıca məktəbli yaşında uşaqlar üçün burada məktəb də təşkil edilib. Hər bazar burada dərslər keçilir. Konstantin Ata deyir ki, gələcəkdə böyüklər üçün də dərslərin keçirilməsi nəzərdə tutulub. Sadəcə vaxt etibarı ilə çatdıra bilmirlər.

Baxmayaraq ki, Azərbaycan xristian ölkəsi deyil, burada yerləşən məbədi 5 patriarx ziyarət edib: Moskva, Gürcüstan, Yunanıstanın patriarxları, Mitropolit Kiyevski və Rum Patriarxı Varfolomey.

- Ən dəyərli hədiyyəni bizə partiarx Varfolomey bağışlayıb. 600-700-cü illərdə, Həzrəti İsanın ölümündən az sonra peyğəmbərin 12 şagirdindən biri Azərbaycana gəlib. Hansı ki, həzrəti İsayla yanaşı oturub, onunla bərabər yemək yeyib, dua edib.

Baş keşiş bizə kilsənin lap başına aparır. Burada həmin şagirdin cisminin müqəddəs qalıqları (barmaq sümüyü) saxlanılan qızıl sandıq var.

Qafqaz Albaniyası olan vaxtda Həzrəti İsanın şagirdi Şəki, Qəbələ, Oğuzdan keçərək Bakıya da gəlib. Bakıda xristianlığı təbliğ etdiyi üçün fundamentalistlər xanı dilə tuturlar ki, onu öldürsün və xanın əmri ilə o, edam edilir. Sonra onun cisminin qalıqları Azərbaycandan çıxarılır. Hazırda İtaliyada qorunub saxlanılır. Baş keşiş bildirir ki, ölümündən yüzillər keçsə də, missionerin cəsədi müqəddəs olduğundan çürüməyib. Rum Patriarxı Varfolomey onun sadəcə barmaq sümüklərini bağışlayıb.


Kilsənin tam mərkəzində dəmir barmaqlıqlara alınmış hissə var. Bura kafedra adlanır. Bakı arxiyepiskopu bütün ibadətlərini onun içində edir. Kafedranın üstündə salınan xalçada Qafqaz dağları, Qız qalası və üzərində bütün xristianları və Azərbaycanı hifz edən qartal şəkli işlənib.

Kilsənin ən müqəddəs yeri prestol adlanır. Burada bütün ibadətlər yerinə yetirilir. Qızılı Müqəddəs saxlancda illərdi şərab və çörək saxlanılır. Bura ancaq keşişlər və xeyir – dua üçün gəlmiş xristianlar daxil ola bilər. Konstantin Ata içəridən qızılı barmaqlıqlı qapını açır. Qapıdan içəri boylanırıq.

Kilsənin girişində balaca dəhliz var. Baş keşişin sözlərinə görə, bura “Pritvor” adlanır. Qədimdə günah işləmiş xristianlar kilsəyə buraxılmırmış. Onlar burada dayanıb ibadət edirmişlər.

Məbədin təhlükəsizliyi üçün hər yanda müşahidə kameraları var. Bu kameralar mühafizə otağında günün 24 saatı izlənilir. Böyük bayramlarda çox adam olanda isə qapıda Polis Patrul Xidməti gözləyir.

Gecə küçədə qalmışlara gəlincə, kilsənin qapıları üzünüzə bağlı olacaq. Həm təhlükəsizlik, həm də təmizlik baxımından kilsə belə qərar verib. Bundan əlavə spirtli içki qəbul etmisinizsə, həmin gün kilsəyə gəlməyiniz məqbul sayılmır.

Kilsə yaşayış binalarının arasında yerləşir. Sakinləri narahat etməmək üçün kilsə zəngi səhər 9-10 arası vurulur. Rus alimləri maraqlı araşdırma aparıb. Sən demə, kilsə zəngi vurulanda 300 metr radiusda ətrafdakı mikroblar məhv olur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi