Mehriban Əliyeva Vatikanda müqəddəs katakombaların açılışında iştirak edib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı olub.
Heydər Əliyev Fondundan verilən məlumata görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Əvvəlcə Mehriban Əliyeva Romadakı Massimo Sarayına gələrək burada Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası ilə bağlı təqdimata qatılıb.
Muzeyin direktoru Rita Paris Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı və digər qonaqları salamlayıb.
Professor Fabrizio Biskonti Roma katakombalarının bərpasına göstərdiyi diqqətə görə Mehriban Əliyevaya xüsusi minnətdarlığını bildirib. O, katakombaların tarixi barədə məlumat verərək onların bütün xristian dünyası üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb və bərpa işlərindən sonra əldə edilən nəticələrin möhtəşəm olduğunu deyib: “Heydər Əliyev Fondunun dəstəyi ilə biz tarixi məkanı qoruya bildik”.
Sonra katakombaların bərpasından bəhs edən filmin nümayişi olunub.
Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazi Müqəddəs Marçellinio və Pietro katakombalarının dünya mədəniyyəti, xüsusilə də xristianlar üçün böyük mənəvi dəyəri olduğunu vurğulayıb: “Müsəlman ölkəsi olan Azərbaycanın Heydər Əliyev Fondu isə bu mənəvi dəyərin yaşamasına böyük dəstək verdi”.
Canfranko Ravazi bildirib ki, məhv olmaq təhlükəsi ilə üzləşən katakombaların bərpası ilə bağlı bütün dünya xristianlarına müraciət edib, lakin müsbət cavab almadığını, yalnız Heydər Əliyev Fondunun bu çağırışa cavab verdiyini diqqətə çatdırıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxışında Azərbaycanın ünvanına səslənən xoş sözlərə görə təşəkkürünü bildirib. Rəhbərlik etdiyiHeydər Əliyev Fondunun dünya mədəni irsinin qorunmasındakı fəaliyyətindən danışan Mehriban Əliyeva ölkəmizin hər zaman dinlər və mədəniyyətlər arasında körpü olduğunu qeyd edib. M. Əliyeva bu gün də Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh və mehribanlıq şəraitində yaşadıqlarını vurğulayıb: “Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların təmas və ünsiyyət məkanı olub. Asiya ilə Avropa arasında yerləşən ölkəmizin mədəni müxtəlifliyinə bu coğrafi yerləşmə öz təsirini göstərib. Tarix boyu bu qədim torpaqda müxtəlif dinlərin, mədəniyyətlərin, etnik qrupların nümayəndələri sülh, qardaşlıq və hörmət şəraitində yaşayıblar. Minilliklərlə formalaşan bu ab-havaAzərbaycan cəmiyyətində qorunub saxlanılıb.
Azərbaycan bu gün çoxmillətli, çoxkonfessiyalı ölkədir və yenə də tolerantlıq və dözümlülük ideyaları cəmiyyətdə çox güclüdür. Ölkəmizdə heç vaxt dini zəmində qarşıdurma olmayıb və olmayacaq. Azərbaycan dövlətinin siyasəti ondan ibarətdir ki, dini münasibətlər çox sağlam zəmində qurulub. Biz bütün dini tədbirləri, bayramları birgə keçiririk. Bizim din xadimlərimiz hər zaman birlik nümayiş etdirir. Əlbəttə, cəmiyyətdə hökm sürən tolerantlıq və dözümlülük ab-havası Azərbaycan xalqının yaşam tərzidir.
Əfsuslar olsun ki, son zamanlar dinlərarası münasibətlərdə böhran yaşayır. Biz islamofobiya, ksenofobiya, antisemitizm kimi meyillərin güclənməsini görürük. Dini zəmində qanlı toqquşmalar, münaqişələr baş verir. Minlərlə günahsız insan həlak olur, milyonlarla insan öz doğma yurdlarını tərk edib qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur qalır. Eyni zamanda, sərhədlər bağlanır, antimiqrant meylləri güclənir. Əminəm, bu hallar bizim hər birimizi narahat edir və bu gün Azərbaycanın dünyaya mesajı ondan ibarətdir ki, multikulturalizm mümkündür. Azərbaycanda müşahidə olunduğu kimi, müxtəlif dinlərə və millətlərə mənsub olan insanlar, müxtəlif mədəniyyətlərin nümayəndələri birgə sülh və qardaşlıq şəraitində yaşaya bilərlər. Azərbaycan müsəlman aləminin ayrılmaz bir hissəsidir. Eyni zamanda, bizi Avropa ölkələri ilə güclü əlaqələr birləşdirir. Biz siyasi, iqtisadi, enerji, humanitar sahələrdə əməkdaşlıq qurmuşuq. Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv olan nadir ölkələrdən biridir. Bu il ölkəmizdə “Multikulturalizm ili” elan olunub və aprel ayında Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcək.
Mən çox şadam ki, bu gün biz bir layihəni başa çatdırırıq, eyni zamanda, digər layihəyə start veririk. Yəni, bizim əməkdaşlığımız davam edir. Fikrimcə, belə münasibətlər, belə əlaqələr dinlərarası münasibətlərin ən səmərəli, ən xeyirxah formasıdır. Mən bu gün fəxr edirəm ki, Azərbaycan dövləti xristian abidələri sırasında öz tarixi və mədəni dəyəri ilə xüsusi yer tutan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasına öz töhfəsini verib. Bərpa işlərində əməyi olan hər bir insana bir daha dərin minnətdarlığımı bildirirəm”.
Təqdimat mərasimindən sonra Mehriban Əliyeva Massimo Sarayı muzeyində saxlanılan şah əsərlərlə tanış olub.
Daha sonra Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı olub. Mehriban Əliyeva və kardinal Ravazi katakombaların bərpadan sonra rəmzi açılışını bildirən lenti kəsiblər.
Girişdə katakombaların Heydər Əliyev Fondu tərəfindən bərpa olunmasını bildirən lövhənin üzərindən ağ örtük götürülüb.
Sonda mərasimə gələnlər və kardinal Ravazi bir daha Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya bu xeyirxah fəaliyyətinə görə minnətdarlıq ediblər.
Qeyd edək ki, müqəddəs Roma katakombalarının bərpası Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında 2012-ci ildə imzalanmış ikitərəfli sazişə əsasən həyata keçirilib. İtaliya mətbuatı və ictimaiyyəti tərəfindən Fondun bu addımı dinlər və mədəniyyətlərarası dialoqun inkişafına verilən ən önəmli töhfələrdən biri kimi qiymətləndirilib.