azia.az
azia.az

Bütün dövlət kinostudiyalarında istehsalat dayandırılıb

31-05-2023, 09:17

Rasim Balayev  28 500 manatlıq filmini harada çəkəcək?

“Bütün dövlət kinostudiyalarında istehsalat prosesi dayandırılıb”. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, Kino Agentliyi (ARKA) fəaliyyətə başladıqdan sonra ölkədə kinematoqrafiya sahəsinin müxtəlif istiqamətlərində islahatların aparılması ilə yanaşı, dövlət sifarişi və dəstəyi ilə kino istehsalı, o cümlədən animasiya filmlərinin çəkilməsi sahəsində də müvafiq işlərin görülməsi nəzərdə tutulur: “ARKA-nın ən yaxın zamanda fəaliyyətə başlaması üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür”.

Qeyd edək ki, 2022-ci il aprelin 20-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Agentlik Azərbaycanda kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə yaradılıb.

Azərbaycanda dövlət kinostudiyaları “Azərbaycanfilm” kinostudiyası və onun nəzdində fəaliyyət göstərən “Debüt” (bədii, sənədli, xronikal, eksperiment, cizgi filmləri çəkilib), “Mozalan” (satirik kinojurnalı üçün süjetlər, sənədli və bədii filmlər istehsal edib), “Salnamə” (sənədli filmlər istehsal edib), həmçinin Mədəniyyət Nazirliyinə məxsus “Yaddaş” Sənədli Filmlər Studiyasıdır.

Bəs dövlət kinostudiyalarında istehsalat prosesinin dayandırılmasının əsas səbəbi nədir? Dövlət büdcəsi ilə maliyyələşən yeni filmlərin istehsalat prosesləri harada aparılacaq?

Məsələ ilə bağlı “Yeni Müsavat” olaraq Mədəniyyət Nazirliyinə sorğu göndərdik. Qurumdan bildirildi ki, sorğumuz tez bir zamanda cavablandırılacaq.

Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər arasında keçirdiyi qrant müsabiqəsinin nəticələrinə əsasən, “Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin təqdim etdiyi “Qərbi Azərbaycan: Maddi və mənəvi irsimiz” adlı layihə qalib olub. QHT Agentliyi xalq artisti Rasim Balayevin rəhbəri olduğu layihənin icrasına 28 500 manat vəsait ayırıb. Xalq artisti mətbuata açıqlamasında həmin vəsaitə eyniadlı layihə əsasında sənədli film çəkəcəyini deyib.

Əgər dövlət kinostudiyalarında istehsalat prosesi dayandırılıbsa, Rasim Balayev filmini hansı kinostudiyada çəkməyi düşünür?

Prezident soruşdu ki, siz canlı Nəsimisiniz, heykəl necədir? - Xalq artisti

Mövzu ilə bağlı xalq artisti “Yeni Müsavat”a danışıb: “Ola bilməz ki, dövlət kinostudiyasında istehsalat prosesi dayandırılsın. Çünki çəkəcəyimiz filmlə bağlı kinostudiyanın pavilyonu və digər avadanlıqları bizə lazım olacaq. Hər halda, bu layihəyə vəsait ayıran da, göstəriş verən də Mədəniyyət Nazirliyidir, ixtiyar onlardadır. Buna görə də çəkilişlərin harada, necə aparılacağını qurumdan soruşub öyrənə bilərsiniz”.

Bəs kinematoqrafçıların Kino Agentliyinin gələcək fəaliyyətindən gözləntiləri hansılardır?

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı digər ittifaqla  birləşsə, mən çıxacam” - Ayaz Salayev

Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev sualımıza bu cür cavab verdi: “Mən hər zaman bildirmişəm, indi də təkrarlayıram ki, kinomuzun inkişafını  yalnız beyinlərlə əlaqələndirirəm. Kino təşkilatı sahəsində islahatlar vəziyyəti kökündən dəyişə bilməz. Vəziyyəti yalnız yaradıcı, ideoloji məsələlər kökündən dəyişə bilər. Yəni kinoya sənətkar, böyük şəxsiyyətlər, vətəndaşlar və mövqeyi olan, dünya mədəniyyətinə mənsub gənclər gəlməlidir ki, nəsə dəyişsin”.

Kinotənqidçi Sevda Sultanova isə dedi ki, yalnız Kino Agentliyi fəaliyyətə başlayandan sonra hansısa gözləntilər haqqında danışıb onu dəyərləndirmək olar: “İndiki halda bu qurum haqqında heç bir fikir söyləmək mümkün deyil”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi