azia.az
azia.az

II Qaregin Paşinyanın rəqiblərini yanına çağırdı - Ermənistanda parçalanma davam edir

Bu gün, 10:41

Erməni Apostol Kilsəsinin katolikosu II Qaregin 9-cu çağırış Ermənistan parlamentinin “Ermənistan” və “Güclü Ermənistan” fraksiyalarının deputatlarını Müqəddəs Eçmiədzində qəbul edib.

Xəbər verilir ki, görüşdə fraksiya rəhbərləri Narek Karapetyan və Anna Qriqoryan parlamentin ilk iclasında katolikosun çıxış etməsinə imkan verilmədiyini bildirərək, bu səbəbdən onun xeyir-duasını almağa gəldiklərini deyiblər.


Onlar hakimiyyəti Erməni Apostol Kilsəsinə qarşı kampaniya aparmaqda ittiham edib, parlamentin tarixində ilk dəfə iclasın katolikosun müraciəti və duası olmadan keçirildiyini vurğulayıblar.

II Qaregin deputatlara xeyir-dua verərək, məlum səbəblərdən parlamentin ilk iclasında iştirak edə bilmədiyini bildirib. O, Ermənistanın ağır çağırışlarla üz-üzə qaldığını, cəmiyyətdə dərin parçalanma və qütbləşmənin hökm sürdüyünü, Erməni Apostol Kilsəsinə qarşı atılan addımların isə milli birliyə zərbə vurduğunu söyləyib.

Katolikos dövlət institutları ilə milli qüvvələrin birgə fəaliyyət göstərməsinin vacibliyini qeyd edib və deputatları ölkənin təhlükəsizliyi, ədalət və milli maraqlar naminə çalışmağa çağırıb.

Görüşün sonunda II Qaregin Ermənistanın sülh və birliyi üçün dua edib, deputatlara fəaliyyətlərində uğurlar arzulayıb. O, həmçinin hakimiyyətin təzyiqlərinin davam etdiyi və həbsdə olan iş adamı Samvel Karapetyana da toxunaraq, bu çətin dövrdə kilsəyə göstərilən dəstəyə görə deputatlara təşəkkür edib.

Qeyd edək ki, son aylarda Baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında münasibətlər kəskin şəkildə pisləşib. Bu baxımdan II Qareginin parlamentdə təmsil olunan müxalifət qüvvələrini qəbul etməsi siyasi dairələrdə diqqətlə izlənilir. İndi əsas sual Paşinyanın bu görüşə və katolikosun hakimiyyətin ünvanına səsləndirdiyi sərt mesajlara necə reaksiya verəcəyi ilə bağlıdır.

Natiq Səlim,
KONKRET.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi