İrəvan xanlığı ərazisində son yüzilliklərdə Rusiya-Sovet imperiyalarının köməyi ilə yaradılan Ermənistan adlı dövlət son illərdə sürətlə hərtərəfli tənəzzülə doğru gedir. Bunun əsas səbəblərindən biri və başlıcası ölkənin işğalçılığa doğru istiqamət götürməsidir. Azərbaycan kəndlərinin, rayonlarının və şəhərlərindəki evlərinə işğal zamanı talanıb aparılması, bu hesaba bir müddət erməni ailələrinin dolanması və bu əqidədə erməni gənclərinin tərbiyə etməsi Ermənənistanı müsibətlərə aparır. Müharibə edən Ermənistan və onun əksər vətəndaşları 2008-ci ilə kimi iqtisadi ağırlığı o qədər də hiss etmədilər. Ona görə ki, həmin illərdə azərbaycanlılara məxsus 7 rayondakı, Vilayətdəki azərbaycanlı kəndlərini, buradakı yüz minlərlə ailənin ev-eşiyini, həyət-bacasını söküb, əmlakını daşıyıb aparmaq və xaricilərə satıb pul qazanmaq olub. Bu hesaba da erməni ailələri dolanışıq sarıdan bir müddət həmin illərdə əziyyət çəkməyiblər. Azərbaycanlıların alın təri ilə illərlə qazandıqları mal-mülkünü, hər nəyi var idisə, onları ermənilər vəhşicəsinə mənimsəyib yaşadılar.
Vəzifə cavabdehliyimə görə ermənilərin qaçqın elədikləri azərbaycanlı ailələrinin baçşıları ilə görüşlər keçirib, problemlərini öyrənib, onların yerləşdirilməsi ilə bir müddət məşğul olmuşuq. Ev-eşiklərindən qovalanan, var-dövlətini orada qoyub canını salamat götürüb qaçanlardan eşitdiklərimiz: "Evimdə onlarla xalı-xalça, vərni, kilim qaldı, çoxusu da təzə idi, erməni onu çoxdan aparmış olar..."; "...övladlarımı evləndirmək üçün illər boyu yığdığım qır-qızılın hamısı erməniyə qaldı..."; "...qapımda avtomaşınları, tövlədə inək və qoyunları, evimdə təzə aldığım mebelləri qoyub, qaçdım..."; "...ev tikmək üçün aldığım bütün tikinti materialları qaldı ermənilərə..."; "ailəmə müvəqqəti sığınacaq tapıb xəlvətcə qayıtdım, gördüm ki, kənddəki evlərin darvazalarını, qaz-su borularını, evlərin döşəməsini-tavanlarını, qapı-pəncərələrini söküb aparıblar... kənd xaraba qalıb..."; "...kəndlərə çəkilən telefon, elektrik xətlərini, dayaqları söküb aparıblar, transformatorlar da yerində yoxdur..."; ...məktəb, klub və idarələri elə söküblər ki, elə bil onlar heç burada olmayıb" və sairə. Azərbaycan hakimiyyəti tərəfindən aparılan hesablamalarda yəqin ki, talanılan azərbaycanlı əmlakının miqdarı bəllidir. Hələ biz indiki Ermənistanda yaşamış azərbaycanlıları 1988-ci ildə ata-baba yurdlarından qovarkən onlara məxsus əmlakın talananlarından danışmaq istəmirik. Bu çox böyük və ağrılı mövzudur. Bu qısa cümlələr onu deyə bilir ki, Ermənistanın vurduğu maddi-mənəvi zərbələr, törətdikləri faciələr gələcək nəsillərin yaddaşlarından silinməyəcəkdir. Vaxt gələcək İrəvan elinin- Qarabağın kəndləri işğaldan azad olunacaq, biz həmin yerlərə baxarkən görəcəyik ki, yaşayış yerlərimizi necə viranəyə çeviriblər. Belə viranəliklər dünya müharibələri tarixində heç zaman olmamışdır.
2008-ci ildən sonra başlayaraq Ermənistandan əhali köçür - "ardaqax" onlar üçün milli bəlaya çevrilib, ölkə xarici borclar içərisində boğulur. Əhalinin dolanışığı get-gedə pisləşir, kasıblar-dilənçilər günü-gündən çoxalır. Niyə? Ona görə ki, işğaldakı azərbaycanlıların ömür boyu alın təri ilə qazandıqları ev-eşiyində nə varsa, hamısını aparıblar və bir müddət bu hesaba yaşaya biliblər. İndi yerində heç nə qalmayıb ki, söküb daşıyıb aparıb satıb dolana bilsinlər. Azərbaycanlıların oradakı mal-mülkü sonuna qədər talayıb qurtarıblar, yeni talan yerləri qalmayıb. Qiymətli meşə ağaclarının da çoxusu qırılıb, artıq onlar da yoxdur. İşğal, talançılıq, terror və araqarışdırma limitləri artıq tükəndiyindən dolanışıq da pisləşibdir. Sadə ermənilərin çıxış yolu yalnız və yalnız ölkəni tərk etməkdir. Hər iki qonşu millət erməni "başbilənləri"nin ucbatından əbədi düşmənə çevriliblər. Azərbaycanla son müharibədə 15 mindən çox (rəsmi rəqəmlər 6-8 min göstərilir) ermənilərdən və dinc əhalidən ölənlər olub. 100 mindən çox erməni ailəsinin qadınları dul, uşaqları yetim qalıb, 15 min nəfərdən çox əlil olub, 20 mindən çox əsgəri xidmətdən yayınıb, bir milyondan çox erməni ölkədən qaçıb, qalanların da bir hissəsi qaçmağa hazırlaşır. Ermənistan ermənilərsiz qalmaq üzrədir və gələcək nəsil də aqressiv millətçi kimi hazırlanır. Ölkə daxildən çürüyür və üfunəti ətrafa yayılır. Bunları başa düşən bəzi erməni siyasətçiləri mövqelərini də dəyişməyə məcbur olublar.
Ermənistandakı ağır vəziyyəti dərk etməyə başlayanların bəziləri öz aqressiv fikirlərindən əl çəkməyə məcbur olublar. Məsələn, vaxtilə işğalçılığa bəraət qazandıran, antitürk-antiazərbaycan əqidəli, daima siyasətlə məşğul olan Geğam Bağdasaryan (hazırda "Analitik" aylığın şərhçisidir) ayılaraq hətta humanist çıxışlar etməyə başlayıb: "...biz yaxın qonşularımızı nə vaxta qədər vəhşi adlandıracağıq... gələcək nəslimizin əziyyət çəkməsi üçün buraxdığımız səhvlər bəs etmirmi? ...Rusiyaya xidmət göstərmək nə vaxta qədər olacaqdır... Buraxdığımız səhvləri dərk etməyimiz lazımdır. Xarici ölkə qanunlarının quyruğundan yapışmaq da bəs edər... spyurkahaydan nə qədər böyük pullar-paylar alırıqsa da, yenə də Ermənistan dövlət kimi özünə gələ bilmir... türk-azərbaycanlılara lazımsız tələblərimizi qoymaqla millətimizin başını aldatmaq artıq kifayət edər... niyə başa düşmək istəmirik ki, vaxt gələcək türk-azərbaycanlılar da elədiklərimizə görə öz tələblərini bizə qarşı yönəldəcəkdir və həmin gün o qədər də uzaqda deyildir... "Soyqırım" barədə xarici ölkələrdə aparılan işlərin gələcəkdə millətimizə vuracağı zərbəni və gətirəcəyi bədbəxtliyi biz başa düşməliyik... Hələ 1901-ci ildə bizim "Droşaq" qəzeti yazırdı ki, "Hncaq" elə bir iş planlaşdırıb ki, bu, erməni millətini çox ciddi təhlükə qarşısında qoyur və onu dəhşətlərlə üzləşdirəcəkdir... və 1915-ci illərdə öz günahımızdan millət qırıldı, səpələndi, itib-batdı, amma bundan bizə hələ də dərs olmayıbdır... ermənilər öz gələcəyini Ermənistanla bağlamadıqlarına görə, vaxtilə necə buraya toplandıqları kimi, indi də buradan keçib gedirlər, özü də haraya, əsasən, düşmən bildiyimiz qonşumuz olan Türkiyəyə - türklərlə birgə yaşamağa..." Və sairə. Belə fikirlər Ermənistanın kütləvi informasiya vasitəsi ilə çıxış edən "Türkiyə və türklər üzrə mütəxəssis" (ermənicə - türkaged) Vahram Ter-Matevosyan, tarixçi alim Geğam Ohanesyan və digərləri tərəfindən də tez-tez səslənir. Efirdə çıxış edənlərin elələri vardır ki, təəssüflənirlər: "...çox ağrılıdır ki, yaxın qonşularımızın yarısı ilə xoş münasibət əvəzinə düşmənçiliyimiz var... Bəzi məmurlar quzu dərisinə girib, canavarlıq edirlər... Trofey - müharibətən qənimət, talan, dağıntı və zəbt edilənlər üçün ya biz, ya da ki, övladlarımız cavab verməli olacaqlar... Qarabağ torpaqlarının müqəddəratı bəlli olmadan Türkiyədən də torpaq tələb etmək axmaqlığımızın son həddidir..." Erməni əhalisi arasında belə məsələlər ətraflı müzakirəyə və geniş düşüncələrə səbəb olduğundan efirdə də yayımlanır. Bəzi ermənilər qorxurlar desinlər ki, İrəvan torpaqlarında onlar müvəqqəti yaşayırlar.
Terrorist, işğalçı, trofeylə dolanan millət olduqlarını özləri faktlarla təsdiq edir, hətta bununla qürrələnən və öyünənlər də vardır. Bu ilin avqust ayının 7-də dünyanın ən terrorist təşkilatı, yüzlərlə terrorçuluq əməlləri ilə tanınan və beynəlxalq təşkilatlarda terrorçu qismində qeydiyyatda olan ASALA-nın yaranmasının 40 illik yubileyi Ermənistanda təntənəli şəkildə keçirildi. Həmin təşkilat "erməni gizli silahlı ordusu" (indi də belə adlandırırlar) olaraq hansı tapşırıqları yerinə yetirərək nələrə nail olduqları qeyd edildi. Yubiley iştirakçılarına - əsasən gənclərə, məsləhət verildi ki, sizlər Türkiyədəki Van və vanətrafı torpaqları Ermənistan ərazisinə birləşdirməyi qarşınıza məqsəd qoymalısınız... Belə bir dövlət ömrü uzun, siyasəti isə millətə xeyirverən ola bilərmi? İrəvan xanlığı ərazisində Rusiyanın yaratdığı Ermənistan dövlət kimi iməkləməyi belə bacarmır, işğal elədiyi Azərbaycan torpaqlarının müqəddaratı bəlli olmamış, indi də Türkiyənin torpaqlarına göz dikiblər. Düşünmək istəmirlər ki, cırtdan Ermənistan düşmən bildikləri iki güclü dövlətlərin "məngənəsi" arasında çox yaşaya bilməz. Elə bu səbəbdən də, erməni əhalisi oradan qaçır- azalır. İrəvan elinin camaatı- hər bir azərbaycanlı üçün geriyə dönməyin yolları asanlaşır və geniş açılır. Bu yolu açan və işıqlandıran da ermənilərin özləridir. İrəvana qayıdış reallaşmaq üzrədir və biz bu qayıdışa hazırlaşmalıyıq. İrəvandan qaçan hər bir erməniyə yaxşı yol deməliyik
İrəvan xanlığı ərazisində yaradılan Ermənistanın iqtidarı, partiya və dini qurumlarında ultra millətçilik o həddə çatıbdır ki, indi bir azərbaycanlı ailəsi burada yaşamır və yaxud bir müsəlman millətlərindən olan ailə tapılmaz ki, bu ölkədə daimi məskunlaşmış olsun. Bu ermənilərin mənsub olduğu dinin müsəlmançılığa və müsəlmanlara olan "parlaq" münasibətinin bir nümunəsidir. Belə qəddar münasibət heç bir müsəlman ölkəsində ermənilərə qarşı olmamışdır və edilməmişdir. Müsəlman ölkələrində öz vətəndaşlarına xristian və digər dini mənsubiyyətdə olan millətlərə daima hörmətlə yanaşılıbdır. Ona görə ki, Quran-i-Kərimdə belə buyrulubdur. Hz. Musa deyib: "Dostunu, ətrafını özünü sevdiyin kimi sev". Hz. İsa deyib ki: "Həqiqət səni azad edəcəkdir". İnancından, dünyagörüşündən, milliyyətindən, cəmiyyətdəki mövqeyindən və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir insan bunları anlamalıdır. Hazırda Ermənistanda digər millətlərdən, demək olar ki, heç kəs qalmamışdır, olduqca az sayda yezidi kürdü, bir neçə ailə aysoru, yunan və rus millətindən olanlar yaşayırlar. Ermənilərə əl tutan, dayaq duran rusların “kökü kəsilib”. Yuxarıda sadalanan qeyri-erməni millətlərindən olanlara isə yalnız türk-azərilərə qarşı daim aqressiv olmaq və yalnız erməni dilində danışmaq tələb olunur. Suriya müharibəsi zamanı oradan bir neçə min "surigahay" qəbul edildi və bəziləri də yerləşdirildi Azərbaycandan işğal edilən torpaqlarına. Lakin yalnız 3 yezidi ailəsinə Ermənistana gəlməyə icazə verildi. Bu şərtlə ki, onlar erməni dilini tez öyrənməli idilər. Ermənistan vətəndaşı olan yezidi kürdlərin uşaqlarının bir çoxu ya məktəbdən kənar qalıb, ya da ki, erməni məktəbində oxumaq tapşırılıb.
Gənclər üçün ən təhlükəli tərbiyə metodu budur ki, müsəlmançılığı aşağılaşdırmağa yönəldən fikirlər getdikcə güclənir. Ermənistan gənclərinin digər ölkələrdəkinə nisbətən xeyli gerildə qalmasının bir səbəbi də odur ki, onların əksəriyyəti öz dillərindən başqa heç bir xarici dillərdə danışmaq istəmirlər (və yaxud bacarmırlar). Ona görə də Ermənistanda başqa dillərdə məktəblər qalmayıb və yoxdur. Başqa dildə məktəb açmaq yerli qanuna əsasən qadağan edilmişdir. Rus dilində olan məktəblərdə də, əsasən, Rusiya əsgər və zabitlərin uşaqları oxuyurlar. Ali məktəblərdəki mövcud bir neçə rusdilli fakültələrdə isə hər il boş yerlər çoxalır. Açığı desək, get-gedə Ermənistanda savadsızlıq sürətlə artır. 2014-cü ilin axırına olan məlumata əsasən, dünyada 58 milyon yaşı çatmış uşaqlar məktəbə getmirlər və ya getmək imkanlarından məhrumdurlar. Bir çox ölkələrin gördükləri ciddi tədbirlər nəticəsində bu sahədə nəzərəçarpan müsbət nəticələr alınmışdır. Ermənistanda isə əksinə, bu məsələ ön planda deyildir və təhsilə baxan nazirlik (nazir özü ixtisasca pedaqoq deyil, jurnalistdir) xalqına səmimiyyətdən kənar məlumatlar verir. Əgər 30 il əvvəl Ermənistanda təhsildən kənarda qalan uşaqların sayı 2-3 faiz təşkil edirdisə, indi bu rəqəm kənd yerlərində 25-30 faizdir (sərhəd xəttində yerləşən kəndlərdə isə 45-50 faiz). Elə kənd vardır ki, orada yaşayış var, lakin təhsil verilən yer - məktəb yoxdur. Ölkədaxili milli çürümə prosesinin "millətpərəst" müəllifləri elə “proqram” yaradıblar ki, 2015-2016-cı dərs ilində birinci sinfə gedənlər və orta məktəb bitirənlərin sayı azalıb, azşagirdli siniflər birləşdirilir, müəllimlərin dərs saatı ixtisar edilir, qəza vəziyyətdə olan məktəblərin sayı artır, elə məktəb vardır ki, sentyabrın 1-də yeni dərs ilinə başlaya bilməmişdir.
Ermənistan əhalisizləşmək, savadsızlaşmaqla bərabər, digər millətlərlə qaynayıb-qarışmaq (inteqrasiya olmaq) sahəsində də gülünc vəziyyətdədir. Qonşu Türkiyə, İran və Gürcüstanda erməni vətəndaşları azad yaşayır, onlardan parlament üzvləri, məmur, alim və peşəkarlar vardır. Ermənistanda isə türk, fars, gürcü, azərbaycanlı, rus və digər millətlərindən, demək olar ki, heç kim daimi yaşamır, yığcam yaşamaqdan belə söhbət gedə bilməz. Necə ki, ermənilər Türkiyədə, Krasnodarda - Rusiya, Qlendeldə - ABŞ, Fransada və digər ölkələrdə yığcam yaşayırlar və bütün konstitusion hüquqlara malikdirlər. Sadalanan ölkələrin əksəriyyətində erməni millətindən olan şəxslər parlamentdə təmsil olunublar. Hətta ermənilər özlərinə düşmən saydıqları Türkiyədə də 2015-ci ildə parlamentə 3 erməni deputatı seçilibdir, halbuki, son 60 ildə Türkiyədə bir nəfər erməni parlament üzvü olmamışdı. Statistika üzrə Türkiyədə cəmi-cümlətanı 39 min erməni vətəndaşı vardır, Belə az miqdarda əhalisi olan ölkə parlamentində deputat olmaya da bilərdi. Bu türklərin ermənilərin xoş münasibətinə aid bir faktıdır. Ermənilərin türk-azərilərə münasibəti barədə bi mübət fakt demək mümkün deyildir. Tolerantlıq barədə Ermənistan vətəndaşlarında təsəvvür belə yoxdur, bunun nə olduğunu öyrətmək belə istəmirlər. “Erməni dilinin izahlı lüğəti”kitablarında da bu söz yazılmamışdır. Hətta daim təriflənən Matenadarandakı saxlanılan əlyazma-kitablarda da bu sözə rast gəlinməmişdir və orada işləyən 320 nəfərin çoxusu da bu sözü eşitmək belə istəmirlər (buradakı əlyazma-kitabların80-85 faizi kilsələrə və kilsə tarixinə aiddir). Özünü içəridən məhv edən ermənilərin yeni nəsilləri də tolerantlıq əqidəsində tərbiyyədən uzaqda saxlanılır.
Təhsil sahəsində “yüksək demokratik” göstərici kimi ali məktəblərdə rektorların seçki vasitəsilə vəzifəyə gəlməsi də ermənivari saxtalaşdırılır. Guya bu sahədə Ermənistan başqalarına nümunə göstərir. Reallıqda isə bu, fırıldaqlarla doludur. Bu il İrəvan Dövlət Universitetində "rektor seçkisi" keçirildi, özü də alternativsiz. Əvvəlki rektor yenə də rektor "seçildi". Seçkidə əvvəldən axıra qədər Ermənistan prezidenti iştirak etdiyindən əleyhinə və bitərəf olan tapılmadı. Çünki bu, Serj Sarkisyana belə lazım idi. Bu yazının müəllifinin atası - Talıb Musayev 1950-ci illərdə Ermənistan parlamentinin deputatı və vitse-spikeri olmuşdur. Yeri gəlmişkən, qeyd etməliyik ki, 1930-cu illərdən sonra Ermənistanda azərbaycanlı və kürdlər də deputat, vitse-spiker seçilmişlər. Parlament administrasiyasında vəzifələrdə də azərbaycanlılar işləmişdilər, qanun-qərarlar həm də azərbaycanca jurnalda nəşr edilmişdir. Ermənistan parlamentində hazırkı dövrdə bir nəfər belə qeyri-millətdən olan deputat tapmazsan. Halbuki 1970-1980-ci illərdə bəyənmədiyimiz və daim nifrət elədiyimiz SSRİ dövründə Ermənistan parlamenti üzvlərinin 10-15 faizi azərbaycanlı, kürd və rus idi. Ermənistan parlamentinin 13 azərbaycanlı deputatı öz seçiciləri ilə birgə 1988-1990-cı illərdə ölkədən qaçqın edilib. Erməni millətini başqa millətlərdən üstün tutmaq siyasətinin özü də milli bədbəxtlik və küt təfəkkürdür. Belə kor siyasətə görə də, İrəvana qayıdışı zamanı özü tədricən həll edir və reallaşdırır.
Ölkədaxili eroziya amillərindən biri də yerlibazlığın hakim olmasıdır. "İrəvanahay" (İrəvan vanlığı ərazisinə köçürülmüş ermənilər) və "Qarabağahay" (Azərbaycanın Dağlıq Qarabağından İrəvan şəhərinə gəlib yerləşən ermənilər) arasında münasibətlərin gərgin qalması və getdikcə sərtləşm0əsidir. Ermənistan SSR dövründə də onların münasibətləri soyuq idi. Hazırda Qarabağhaylar rəhbərlikdəki bütün əsas və həm də ən vacib sahələri tutublar, əldə möhkəm saxlayırlar, ölkədəki biznesə sahiblik edirlər. Lazım bildikdə İrəvanhayların "başında qoz sındırırlar", hətta onlara cınqır çıxarmağa qoymurlar. 2015-ci ildə İrəvanahaylar qrup halında "Artsax"a getmək istəyərkən, onları sərhədi keçməyə qoymamışdılar. Nəqliyyat vasitəsini sıradan çıxararaq sərnişinləri şil-küt edib, göndərmişdilər geriyə, bir çoxunu da xəstəxanalıq eləmişdilər. Belə hadisələr tez-tez təkrarlanır və olduqca çoxdur. Olanları açıb-ağarda bilmirlər, informasiya vasitələri belə faktları açıqlamaq istəmir. "Erməni birliyi" barədə düşünmək belə artıqdır. İrəvana qayıdış yolunu Tanrı özü açır və buna çox vaxt lazım gəlməyəcəkdir.
Barıt çəlləyinə çevirdikləri Dağlıq Qarabağda İrəvanahay – Ermənistan gənclərinin əsgəri xidmət etməsində ölüb, itgin düşüb və əlil olması məsələlərində müxtəlif problemlər çoxdur. Ən əvvəl qeyd edilməlidir ki, Dağlıq Qarabag və onun ətrafındakı 7 rayonu işğal edən, saxlamağa çalışan yalnız Ermənistanın Müdafiə Nazirliyinin əsgərləri və çox az sayda Qarabağ erməniləridir. Bu müddət ərzində ölən, əlil olan, dul-yetim qalanların 80-85 %-i Ermənistanın müxtəlif rayon və kəndlərinin (indi quberniyalarının) vətəndaşlarıdır. Bu amil də, yəni Azərbaycan ərazisində lazım olmayan ölüm-itim, İrəvanhay və Qarabağhaylar arasında mövcud olan yarğanı getdikcə genişləndirir. Gözlənilə bilən narazılıqlarla dolu təhlükəni azaltmaq məqsədilə kilsələr də bu məsələyə qarışır. Əsasən maddi-mənəvi tərəfdən köməkliklər edir və milyonlarla dram xərcləyirlər. Hər ilin iyun ayında ölümləri çox olan quberniyalarda yerli kilsələr tədbirlər keçirirlər. Təkcə Ararat kilsəsi bu il 350 ailədə gözüyaşlı qalan ana və uşaqları üçün 50 milyon dramdan çox pul xərcləmişdir. Kilsə tədbirlərinin gücü də get-gedə zəifləyir, ona görə ki, ölkə daxilində müxtəlif növ dini qurumlar fəaliyyətə başlayıblar. 2015-ci ilin əvvəlinə olan məlumatlara əsasən, Ermənistanda 350.000 əhalinin üzv olduğu 250-yə yaxın müxtəlif dini qurumlar vardır və onun yalnız 50-si dövlət qeydiyyatından keçiblər. Qeydiyyatdan keçməyən dini qurumlar öz "daxili qanunları" çərçivəsində işlərini görə bilərlər və bu, Eçmiadzin kilsəsinin naharatlığına səbəb olubdur. Hazırda Ermənistanda siyasi-ictimai və dini qurumlarla əlaqədar vəziyyət get-gedə ağırlaşmağa doğru gedir. Narazılıqlardan biri də budur ki, hər kənddə uşaq bağçası və məktəb tikmək əvəzinə kilsə tikilir, xaçkar (daşdan xaç) qoyulur.
1961-ci ilin may ayının 6-da Ermənisan SSR-in yaradılmasının 40 illik yubileyində İrəvana gəlmiş SSRİ başçısı Nikita Xruşşovun çıxışınan: "Sovet Ermənistanı erməniləri maqnit kimi özünə çəkir...", (bu yazının müəllifi həmin tədbirin iştirakçısı olmuşdur). Sirr deyildir ki, Sovet Ermənistanını maqnitləşdirən Sovet imperiyasının başçıları və orada kök salmış rəhbər vəzifələrdəki ermənilər idi. Ermənilərin ağır yükü heç zaman Rusiyanın və rus millətinin çiynindən düşmür və düşmək də istəmir. Ermənistan "müstəqil" olanda da belə. Bxmayaraq ki, indi rusları Ermənistandan tamamilə süpürüb atıblar, SSRİ dağıldı, Pribaltika ölkələri, Gürcüstan, Qazaxıstan və digərləri müstəqil dövlət kimi yaşaya bilir, amma Ermənistan yox. Ermənistan həm də Qafqaz və qafqazətrafı regionda araqarışdıran, problemlər və münaqişələr yaradan "dövlət statusu" alıb. Hazırda Ermənistan ermənilərin yığcam yaşadıqları yeganə əraziyə çevrilib, dövlətə yox. Sovetlərlə birgə Ermənistan öz cazibə qüvvəsini itirdi, indi kreditlərlə birtəhər yaşayan spyurkahaylardan dilənən ölkə kimi dünyada birincidir. Bədbəxt ölkələr sırasnda da ən yüksək yerlərdən birini tutur. Hər il yüzlərlə kənd boşalır, ya boşalmaq üzrədir, çox qapılardakı qıfıllar paslanıb, olan-qalan binalar uçub-dağılıb... Maqnit xassəsi verə bilən güc-qüvvə artıq yoxdur. Ermənistan nə qədər müdafiə edilsə də, özünün son zamanlarını yaşayır. Ona görə də İrəvana qayıdışı hər bir azərbaycanlı özünün əsas planı hesab eməlidir.
Vəziyyətin sabitləşməsi və inkişaf götürməsi arzu-istək kimi ermənilərin şüurunda hələ ki, yaşamaqdadır. Daxildə parçalanmalar gedir, güclülərin, vəzifəlilərin diktaturası artır və ölkələrə yalvarmaq, dilənçilik edib nə isə qoparmaq, iqtidardakıların ideologiyasının əsasını təşkil edir. Erməniləri Ermənistana daha maqnit kimi özünə çəkmək imkanı itmişdir. İndi iqtidardakılar varlı-imkanlı spyurkahayların pullarını dartıb gətirməyə çalışırlar. Pulluların özləri isə, Ermənistanda yaşamağı qətiyyən istəmirlər. Bir faktı qeyd etmək lazım gələr. ABŞ-da yeganə erməni millətindən olan milyarder (adı bilərəkdən çəkilmir) son 25 ildə Ermənistana bir milyarddan çox vəsait hədiyyə etmiş və buna görə də ona Ermənistanın milli qəhrəmanı adı verilmişdir. ABŞ pulları hesabına Dilican-İrəvan avtomobil yolu və tuneli tikilib, Spitak zəlzələsində zərərçəkənlərə 45 milyon dollara 3500 mənzil tikilib, Qafan-Xankəndi yolu yenidən genişləndirilərək asfaltlaşdırılıb, İrəvan Opera və Balet Teatrı əsaslı təmir edilib, işğalçılıq üçün Dağlıq Qarabağa xeyli pul ayırıb, 90-cı illərdə Ermənistanda yanacaq qıtlığı zamanı əhalini pulsuz iki il neftlə təmin edib, xarici ölkələrdəki varlı ermənilərin Ermənistana vəsait ayırlmalarının təşəbbüskarı-təşkilatçısı olub, hərbi sahədəki digər köməklikləri isə hələlik sirr kimi qalmaqdadır... ABŞ vergi ödəyiciləri və vətəndaşlarının pullarının Ermənistana axını barədə yuxarıdakı sadalananlar təkzibedilməzdir. Bu, Ermənistanı "müstəqil" dövlət kimi saxlamaq naminə edilənlərdir. Lakin bunlar müvəqqətidir, çünki Ermənistan müdhiş vəziyyətdən çıxa bilmir və bilməyəcəkdir.
Avropa Rusiyanı yazıqlandırmaq məqsədini canlandırdıqca, Ermənistanda vəziyyət daha da acınacaqlaşır. Ermənistanı öz quberniyası hesab edən Rusiya ermənilərə burada işləmək üçün şərait yaratmaqdadır. Bilir ki, Ermənistan oyuncaq dövlətdir. Təkcə Moskva və moskvaətrafı bölgədə 200 mindən çox erməni Ermənistandan gələrək daimi işə düzəliblər (onun 172 mini Rusiyanın dövlət orqanları tərəfindən qeydiyyatdan keçiblər). Bu, 2015-ci ilin yazına olan rəsmi məlumatdır. Moskvaətrafında iş tapıb alın təri ilə yaşamaq istəyində olan erməni bir daha işğalçı-kasıb Ermənistana qayıtmaq istəmir və ailəsini də öz işlədiyi şəhərə köçürür. Rusiyadakı erməni milyonçular isə Ermənistan iqtidarı və kilsəsinin məsləhəti ilə rus millətinə məxsus pulları Rusiya üçün deyil, Ermənistana və Dağlıq Qarabağa xərcləyirlər. Və nədənsə həmin milyonçular köçüb Ermənistanın daimi vətəndaşı olmaq istəmirlər. Rusiyadakı varlı ermənilər ələbaxan Xankəndində son illərdə musiqi məktəbini və mərkəzi xəstəxananı təmir ediblər, xalça fabriki, uşaq bağçası və digər tikililər tikiblər. Rusiya və rus kəndliləri üçün bunları etmək istəmirlər. Əgər erməni milyonçusu Ermənistanda yaşamağı özünə rəva bilmirsə, əliqabarlı erməni əlbəttə ki, oradan getməlidir.Ermənistan boşalıb, əhalisizləşdiyi üçün də, azərbaycanlılar öz yerlərinə qayıtmaq imkanı qazanırlar.
Rusiya-Fransa-ABŞ-ın erməni pullu vətəndaşları Ermənistana nə qədər hərtərəfli dayəlik etsələr də, yerli əhalinin, əsasən də gənclərin qaçması dayanmır, ölkə "qocalar ölkəsi Ermənistan" kimi tanınmaqdadır. Son vaxtlar bəzi ABŞ diplomatlarının təklifləri də Ermənistanın telekanallarında səsləndirilir: "...Azərbaycanın işğal olunan rayonlarını və Dağlıq Qarabağı qaytarmaq, sərhəd və oradakı əhalinin təhlükəsizliyi barədə məsələlərin müzakirəsi barədə düşünmək...". Bu fikirlər son vaxtlara qədər erməni kanallarında heç zaman səsləndirilməmişdi. Əksinə olaraq, efirə verilən proqramlarda ən əsas diqqət yenə torpaq tutmaq, maddi və mənəvi qazanclar götürmək, digər tələblər irəli çəkmək idi: "...Qars-Diyarbəkir bizimkidir və biz oralara qayıtmalıyıq, türklər babalarımızın əmlakına təzminat verməlidirlər. İkinci erməni dövlətimiz Artsaxı yaratdıq, Gəncə, Şamxor erməni şəhərlərini də qatışdırmalıyıq öz torpaqlarımıza; Cavaxetiya da bizimdir, onu da öz xeyrimizə yoluna qoymalıyıq...
XXI əsrin qlobusu üzərində Ermənistanın da dənizi olmalıdır... May ayı bizim qələbələr ayımız və bayramımızdır: Alman faşisttləri üzərində qələbə, Şuşanın (onu so zamanlar Berdakağak adlandırırlar) azad edilməsi, Artsax dövlətində ordusunun yaradılması...”.
Azərbaycanın bütün informasiya vasitələri bir çox dillərdə aramsız yazmalıdırlar ki, İrəvan torpaqları azərbaycanlılara mənsubdur. Ermənilər unutdurmağa çalışsalar da, biz unutmayacağıq ki, 45-50 il bundan əvvəl indiki Ermənistanın azərbaycanlılar yaşayan Zəngibasar, Vedi, Qarabaşlar, Basarkeçər, Amasiya, Krasnoselsk və digər rayonlarının uzun müddət rəhbərləri azərbaycanlılar olublar. Yaxın tarixə qədər oradakı bir çox rayonlarda onlarla Azərbaycan dilində qəzet-jurnal nəşr edilirdi, müstəqil teatr, institut, texnikum və yüzlərlə məktəb var idi. 50-60 il əvvəl Ermənistan Respublikasının bütün yuxarı orqanlarında yüksək vəzifələrdə xeyli azərbaycanlılar işləyirdilər. Erməniləri pis-yazıq günə qoyanlar onlara işğalçılığı və müharibə yaşamağı da etməyi öyrədənlərdilər. Ermənilərə "arxa duran", qonşularla düşmən edən qüvvələr, bu azsaylı, kökü kəsilən milləti qırğına aparır və dünya ölkələrinə səpələyirlər. Erməni siyasətçilərinin fikirlərindən: "...biz ermənilər elə bil ki, Ermənistanda müstəmləkədə kimi yaşayırıq və dünyada Rusiyadan sonra sayca ikinci yerdəyik... getdikcə azalırıq... bu fəlakətin qarşısı alınmaz olub..."
Onlar haqlıdırlar. Bəs boşalan, boş qalan Ermənistanda kimlər yaşamalıdır? Əlbəttə ki, əvvəllərdə olduğu kimi, azərbaycanlılar. Çünki İrəvan torpaqları Azərbaycana və azərbaycanlılara ulu Tanrı tərəfindən verilibdir. Artıq zaman hər şeyi yetişdirib. İrəvan eli əsrlər boyu azərbaycanlılara mənsub olmuşdur. 500 illik tarixə malik İrəvan bəylərbəyliyi və xanlığı öz azərbaycanlılarını XXI əsrdə həsrətlə gözləyir. Buna çox az vaxt qalıbdır. İrəvan torpaqlarındakı qəbirlərdə yatan ulu babalarımızın ruhları da özününkülər üçün qəribsəyiblər. Onların törəmələri də baba qəbirlərini ziyarət eləmək arzusu ilə yaşayırlar. Alın təri və qanları tökülən İrəvanın müqəddəs torpaqları əvvəlki kimi bir məkana yığışmağı istəyir. Yenə də əvvəllər olduğu kimi, Azərbaycanımızın tərkibində digər millətlərə də birgə yaşamaq hüququ verib, hörmət göstəriləcəkdir. Artıq bunun zamanı gəlmişdir. Tanrı fürsət vermişdir ki, ermənilər qaçan, boş qalan kənd və şəhərlərin əsil sahibləri öz yurd-yuvalarına yiyə dursunlar. Dövlət kimi perspektivsiz, içəridən çürüyən Ermənistanın özü bu fürsəti bizə vermişdir. Bundan məharətlə bəhrələnməliyik və geriyə dönmək planlarımızı indidən düşünməliyik. Ləyaqətini bilən, üstünlüyünü hiss edən, qürurlu və məğrur kimi özünü tanıyan azərbaycan xalqı öz hövsələ və dözümlülüyü ilə məqsədinə nail olmaq məqamına çatmaqdadır. Bir çox məsələləri zaman özü asanlaşdırır və yetişdirib. Silah gücünə qorxu yaratmaq geridə qalıb. İndi qələbəni müdriklik və ağıl həll edir. İrəvana qayıdışa hazırlaşmağın, onu həyata keçirməyin zamanı yetişibdir.
İrəvan yalnız irəvanlıların olmayıb, o yerlər Azərbaycanın - azərbaycanlıların doğma torpaqları və hər bir vətənpərvər azərbaycanlınındır. Damarlarında millətsevənlər qanı axan hər kəs İrəvan elini bir gün belə yaddaşından çıxarmamalı və unutmamalıdır. Yaşından, sənətindən, savadından, pullu-pulsuzluğundan, iqtidar-müxalifətçiliyindən, partiyalı-bitərəfliyindən asılı olmayaraq, bilməliyik ki, İrəvana qayıdış günləri yaxınlaşıbdır. Bunu zaman yetişdirir. Qayıdışı daha da tezləşdirməliyik. İrəvan bizimki olub və yenə də olacaqdır. Tarixə qayıdaq - heç zaman İrəvan Gəncəsiz-Naxçıvansız-Bakısız qalmayıb, əlaqəsiz get-gəlişsiz yaşaya bilməyib. Qafqazın arteriyası - şah damarı Bakı, Gəncə, İrəvan, Naxçıvan bütün millətlərə dayaq durub və yenə də dayaq duracaqdır. İrəvana qayıdış reallaşır. Tanrı bizi unutmayıb.
Yaxın tariximiz bizdən tələb edir ki, “İrəvana qayıdış” üzrə işlərə başlanılmalıdır: Azərbaycanlılar yaşayan ölkələrdə qurumlar təşkil edilməli, beynəlxalq konfranslar keçirilməli, kinofilmlər çəkilməli, tədris müəssələrində olanlar tədris edilməli...
Maksim Musayev
Sabiq deputat